Vətən müharibəsi şəhidi Əfəndiyev Adil Qədir oğlunun və doğum günü olan Vətən müharibəsi şəhidi Məhərrəmov Fərid Asif oğlunun xatirə lövhələrinin açılışı olub.
“İki sahil” xəbər verir ki, tədbirdən öncə Dədə Qorqud Şəhidliyində Məhərrəmov Fərid Asif oğlunun məzarı ziyarət edilib, daha sonra Lütfü-Zadə küçəsi 97 ünvanında xatirə lövhəsinin açılışı olub.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısının müavini Etibar Əhmədov, YAP Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə, hüquq-mühafizə orqanlarının, Rayon İcra Hakimiyyətinin nümayəndələri, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısının müavini Etibar Əhmədov bildirib ki, 27 sentyabr 2020-ci il tarixində Ermənistan ordusunun növbəti təxribatlarının qarşısını almaq üçün Ali Baş Komandan İlham Əliyevin “Hücum” əmrini yüksək əhval-ruhiyyə ilə dəyərləndirən Vətən oğulları savaşın davam etdiyi 44 gündə tariximizin Zəfər səhifəsini yazdılar. Torpaqlarımızı qəhrəman zabitlərimizin, əsgərlərimizin qanları, canları bahasına azad etdik. Ölümləri ilə ölümsüzləşən şəhidlərimizin əziz xatirəsi hər bir Azərbaycan vətəndaşının qəlbində əbədi yaşayacaq!
YAP Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə çıxışında qeyd edib ki, şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq salnaməsini yazan, qəlbimizdə əbədi yaşayan igid Vətən övladlarıdır: "Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz işğalçı Ermənistanı diz çökdürdü, möhtəşəm Qələbə qazanaraq xalqımızın 30 illik torpaq həsrətinə son qoydu. 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun gücünü, qüdrətini dünyaya nümayiş etdirdi. Vətən uğrunda canını fəda etməkdən müqəddəs heç nə ola bilməz. Hər birimiz onların həyat yolunu təbliğ etməli, gələcək nəsillərin bu qəhrəmanlarımızı tanımaları, 44 gündə yazdıqları şanlı qəhrəmanlıq səlnaməsini dərindən öyrənmələri üçün üzərimizə düşən vəzifəni yerinə yetirməliyik."
Şəhidin ailə üzvləri göstərdikləri diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər.
Mərasimdə, həmçinin məktəblilər Vətənə həsr olunan şeirlər səsləndiriblər. Sonda Vətən müharibəsi şəhidinin ruhuna dualar oxunub, xatirə lövhəsinin qarşısına əklil, tər gül-çiçək dəstələri düzülüb.