Fevralın 9-da İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının XII toplantısı işə başlayıb.
“İki sahil” xəbər verir ki, tədbirdə Ağsaqqallar Şurasının sədri və AK Partinin sədr müavini Binəli Yıldırım, Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev, Azərbaycan tərəfindən təşkilatın Ağsaqqallar Şurasının üzvü Həsən Həsənov, eləcə də Qazaxıstan, Qırğızıstan, Özbəkistandan olan ağsaqqallar iştirak ediblər.
Tədbirdə açılış nitqi ilə çıxış edən Baş katib Bağdad Amreyev hazırda TDT-nin çətiri altında həyata keçirilən əməkdaşlıq tədbirləri, həmçinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə qəbul edilən qərarların icrası barədə məlumat verib.
Sonra VIII Zirvə Görüşündə qəbul edilən qərarlar, Ağsaqqallar Şurasının yenilənmiş Əsasnaməsi ətrafında fikir mübadiləsi aparılıb və Ağsaqqallar Şurasının XIII iclasının Qırğızıstanda keçirilməsi qərara alınıb.
İki gün davam edəcək iclasın sonunda Xarici İşlər Nazirləri Şurasına və dövlət başçılarına təqdim olunacaq tövsiyələri özündə əks etdirən protokol imzalanacaq.