Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev və YAP Daşkəsən rayon təşkilatına sədr təyin olunan Meydanəli Yolçuyev rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri ilə görüş keçiriblər.
“İki sahil” xəbər verir ki, keçirilən görüşdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının şərəfli, zəngin inkişaf yolu keçdiyini bildirib. Ümummilli lider Heydər Əliyevin ideyalarına əsaslanaraq Yeni Azərbaycan Partiyasının bu gün misilsiz nailiyyətləri olan alternativsiz siyasi partiyaya çevrildiyini vurğulayıb.
Əhəd Abıyev YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyevin təcrübəli, dövlətçiliyə sadiq olduğunu qeyd edərək onu sədr təyin olunması münasibətilə təbrik edib və gələcək işlərində uğurlar arzulayıb.
Meydanəli Yolçuyev öz çıxışında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə və Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevə, YAP İdarə Heyətinə və partiyanın çoxsaylı üzvlərinə təşəkkürünü bildirib. Ona göstərilən bu etimadı doğruldacağına bir daha söz verib.
Tədbirdə digər çıxış edənlər də Meydanəli Yolçuyevə sədr təyin olunması münasibətilə təbriklərini çatdırıb, bu yolda ona uğurlar arzulayıblar.