12 fevral 2022 17:06
734

Deputat gənclərlə geniş fikir mübadiləsi aparıb

Milli Məclisin deputatı Məzahir Əfəndiyev Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Davam" Gənclər Hərəkatının təşkilatçılığı ilə ərsəyə gələn "Gənc Liderlər üçün Qış Universiteti" layihəsi çərçivəsində Naftalanda keçirilən konfransda panel müzakirələrində iştirak edib.

“İki sahil” xəbər verir ki, 11 fevral 2022-ci il tarixində keçirilən tədbirdə M.Əfəndiyev giriş nitqi ilə çıxış edərək ilk növbədə bütün iştirakçıları salamlayıb, Azərbaycanın gənclər siyasətinin dövlətin prioritet istiqamətlərindən biri olduğunu vurğulayaraq bu sahənin inkişafı üçün müstəqilliyimizin ilk illərindən görülmüş işlərdən bəhs edib.

Keçən müddət ərzində Azərbaycan gəncliyinin vətənpərvərlik, dövlətə sədaqət, intellekt, dünyagörüşü, habelə ictimai-siyasi məsələlərə fəal yanaşması baxımından çox yüksək səviyyədə inkişaf etdiyi iştirakçıların nəzərinə çatdırılıb.

Sonra millət vəkili Azərbaycan gəncliyinin İkinci Qarabağ-Vətən Müharibəsində əldə olunan Möhtəşəm Qələbədə rolundan danışıb: “Ali Baş Komandan, Böyük Sərkərdə, Prezident İlham Əliyevin Şuşaya səfəri zamanı qeyd etdiyi kimi, məhz müstəqillik dövründə yetişmiş bu Azərbaycan gəncliyi Azərbaycanın 30 il işğal altında qalan torpaqlarının geri alınmasında öz canlarını fəda edib öz qanı bahasına şücaət nümayiş etdirib. Azərbaycanın dövlətçilik tarixində Vətən uğrunda şəhidlik zirvəsinə ucalan bu gənclik müasir tarixdə şəhidlik adını qəhrəmanlıq səlnaməsi olaraq yaşadır. Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında fəal iştirak ediblər”.

M.Əfəndiyev eyni zamanda Azərbaycanda formalaşmış könüllük hərəkatını da xüsusi vurğulayıb: “Bir sıra mötəbər və irimiqyaslı beynəlxalq tədbirlərin ölkəmizdə yüksək səviyyədə keçirilməsi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vurğuladığı kimi könüllülərin yorulmaz, vətənpərvər, müasir çağırışlara cavab verən keyfiyyətlərinin yüksək olması ilə bağlı olmuş və bu hərakatı daha da canlandırmışdır”.

Sonra deputat Azərbaycan gəncliyinin bu gün özünü həm də beynəlxalq platformalarda da yüksək səviyyədə təqdim etməsini xüsusi qeyd edərək qlobal hədəflərə nail olunmasında gənclərin rolunun əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Sonda millət vəkili mövzü ətrafında gənclərlə geniş fikir mübadiləsi apararaq onları maraqlandıran sualları cavablandırıb.