13 fevral 2022 01:32
1437

Milli Qoşulmama Hərəkatı Modeli Simulyasiya Konfransı başa çatıb

Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təsis olunan Hərəkatın Gənclər Şəbəkəsinin fəaliyyətinin daha geniş təbliğ edilməsi məqsədilə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Gənclər Şəbəkəsinin ölkə üzrə yerli bölməsi olan Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) tərəfdaşlığı ilə ADA Universitetində 10-12 fevral tarixlərində “Milli Qoşulmama Hərəkatı Modeli” simulyasiya konfransı keçirilib.

“İki sahil” xəbər verir ki, üç gün davam edən konfrans zamanı fövqəladə nazirlər iclasının simulyasiyası həyata keçirilib. İştirakçılar Qoşulmama Hərəkatına üzv dövlətlərin xarici işlər naziri rollarını icra edərək iqlim dəyişikliyi və onun yaratdığı problemlərə həll yollarının tapılması istiqamətində müzakirələr aparıblar. Sonda ölkə təmsilçiləri tərəfindən problemə təklif olunan həll yollarını özündə əks etdirən yekun nəticə sənədi qəbul olunub. Sonra konfrans boyunca media nümayəndələri rolunu canlandıran iştirakçılar tərəfindən baş tutan müzakirələr əsasında hazırlanan video reportajlar və məqalələr iştirakçıların diqqətinə çatdırılıb.

Konfrans bağlanış mərasimi ilə davam edib. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq təhlükəsizlik idarəsinin rəisi Yalçın Rəfiyev, Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, ADA Univeristetinin icraçı prorektoru Fariz İsmayılzadə və NAYORA-nın baş katibi Ramin Həbibzadənin iştirakı ilə baş tutan bağlanış mərasimində iştirakçılar sertifikatla təltif olunub. Sonda isə öz bacarıqları və töhfələri ilə seçilən üç iştirakçı “Ən yaxşı nümayəndə”, “Ən yaxşı natiq”, və “Ən yaxşı jurnalist” nominasiyaları üzrə mükafatlandırılıb.