14 fevral 2022 16:14
1054

Strateji planlaşdırma və idarəetmə ali təhsil müəssiələrinin səmərəli idarə edilməsi üçün vacibdir FOTO

Bakı Biznes Universitetində “Strateji planlaşdırma və idarəetmə” adlı 2 günlük təlim keçirilib

Ötən həftə Bakı Biznes Univeristetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində Bakı Biznes Universitetində Azərbaycan HR İnstitutunun dəstəyi ilə “Strateji planlaşdırma və idarəetmə” adlı 2 günlük təlim baş tutub.

“İki sahil” xəbər verir ki,  təlimdə layihə konsorsiumunun üzvü olan 16 ali təhsil müəssisəsinin prorektorları və digər rəhbər şəxsləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Bakı Biznes Universitetinin rektoru i.e.d.,prof İbad Abbasov qonaqları salamlayaraq layihə çərçivəsində görülən işlərdən, həmçinin keçiriləcək təlimin faydalarından söz açıb və bütün iştirakçılara uğurlar arzu edib.

Təhsil nazirinin müşaviri Nicat Məmmədli çıxış edərək ali təhsil müəssisələrinin nümayəndələrini salamlayıb, strateji planlaşdırma və idarəetmə mövzusunun ali təhsil müəssiələrinin səmərəli idarə edilməsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Daha sonra idarəetmə üzrə beynəlxalq təhsil və təcrübəyə malik peşəkar təlimçi Nazim Əliyev iştirakçılarla tanışlıqdan sonra təlimin proqramı barədə ətraflı məlumat verib. Təlimin ilk günündə strateji planlaşdırmanın əhəmiyyəti, planlaşdırmanın üsulları və metodları, maraqlı tərəflərin prosesə cəlb edilməsi, missiya, vizyon və dəyərlərin müəyyən edilməsi, ali təhsil müəssisəsinin güclü, zəif tərəflərinin, mövcud imkan və təhlükələrinin təhlili, əsas fəaliyyət göstəricilərin müəyyənləşdirilməsi, büdcənin hazırlanması kimi məsələlər əhatə edilib.

Təlimin növbəti günündə performansın idarə edilməsinin müasir üsulları və formaları, yüksək performanslı komanda işinə nail olmaq üçün çevik (agile) idarəetmə yanaşması, onun əsas prinsipləri, eləcə risklərin təhlili, idarəedilməsi barədə biliklər verilib. Eyni zamanda təlimin ikinci günüdə iştirakçılar strateji planlaşdırma üzrə komandalar şəklində təqdimat ediblər. Yekunda tədbir iştirakçıları, o cümlədən Bakı Biznes Universitetinin prorektorları rektor i.e.d.,prof İbad Abbasovun iştirakı ilə sertifikat və hədiyyələrlə təltif olunublar.