14 fevral 2022 17:42
1395

Ölkədə YAP-a rəqib ola biləcək siyasi qüvvə mövcud deyil FOTO

Yeni Azərbaycan Partiyasının (YAP) Daşkəsən rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarına start verib.

YAP Daşkəsən rayon təşkilatının tərtib etdiyi qrafikə uyğun olaraq 14 fevral 2022-ci il tarixində Təhsil şöbəsi, A.Mürsəlov adına, İ.Nəsimi adına və S.Vurğun adına ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.

Hesabat-seçki yığıncaqlarında əvvəlcə YAP-ın yaradıcısı, ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın düşməndən azad olunması uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yığıncaqlarda rayon təşkilatı aparatının məsul işçiləri Sərdar Xıdırov, Elşən Alıyev və Bəxtiyar Yolçuyev çıxış edərək qeyd ediblər ki, bu gün YAP sözün əsl mənasında ümumxalq partiyasına çevrilib və ona rəqib ola biləcək siyasi qüvvə mövcud deyil. Vurğulanıb ki, Azərbaycan Respublikasının vətəndaşları YAP sıralarında sıx birləşərək həyata keçirilən sosial və iqtisadi islahatların icrasında fəal iştirak edirlər. Eyni zamanda qeyd edilib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirdi.

YAP Daşkəsən rayon təşkilatı aparatının məsul işçiləri YAP-ın VII qurultayında qəbul olunmuş Nizamnamənin mahiyyətindən söhbət açıblar, ərazi partiya təşkilatlarının qarşısında duran mühüm vəzifələr barədə yığıncaq iştirakçılarına ətraflı məlumat veriblər.

Hesabat-seçki yığıncaqlarında ərazi partiya təşkilatlarının yeni sədrləri və sədr müavinləri seçiliblər.

Yığıncaqlarda bir qrup gənc YAP sıralarına qəbul olunmaq üçün ərizə ilə müraciət edib.

Cavid Əkbərov, “İki sahil”