16 fevral 2022 20:20
499

Masallıda gənc könüllülərə şəhadətnamələr verilib - FOTO

Masallı Rayon İcra Hakimiyyətində təcrübə keçən bir qrup könüllülərlə görüş keçirilib.

Görüşdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, gənc könüllülər iştirak ediblər.

Görüşü RİH başçısı Ş.Məmmədov açaraq, gəncləri salamlayıb və onlara könüllük peşəsini şərəflə, əzmlə icra etmələri münasibətilə təbrik edib, ölkə Prezidenti cənab İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq, ölkədə könüllülük hərəkatının inkişafı və bu şəbəkənin imkanlarından istifadə edərək gənclərin dövlət orqanlarında təcrübə keçməyə cəlb olunmasını vurğulayıb. Son illərdə ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda könüllülük fəaliyyətinin geniş vüsat aldığını, ölkəmizdə gənclər arasında könüllülük fəaliyyətinin artıq ənənəyə çevrildiyini, respublikamızın ev sahibliyi etdiyi irimiqyaslı tədbirlərdə könüllü fəaliyyət göstərən gənclərimizin böyük uğura imza atmalarının ölkə başçısı cənab İlham Əliyevin könüllülərin fəaliyyətinə verdiyi yüksək qiymətin bariz nümunəsi olduğunu bildirib.

Daha sonra çıxış edən gənclər öz təəssüratlarını bölüşərək müxtəlif tədbirlərdə, RİH-in şöbələrində, rayon Mərkəzi Xəstəxanasında aparılan əhalinin vaksinləşməsi prosesində öyrəndikləri işlər haqqında ətraflı məlumat veriblər.

Masallı Rayon İcra Hakimiyyətində və rayon Mərkəzi Xəstəxanasında təcrübə keçmiş könüllü gənclərə - Lənkəran Dövlət Universitetinin üçüncü kurs tələbəsi Fateh Xəlilzadə, Bakı Biznes Universitetinin məzunu Röyal Əzimli, Gəncə Dövlət Universitetinin məzunu Sabir Hüseynov, Ukrayna Milli Nəqliyyat Universitetinin məzunu Nazir Abdullayev, Azərbaycan Neft və Sənaye Universitetinin məzunu Vətən müharibəsi döyüşlərində 6 rayon mərkəzinin müdafiəsi iştirakçısı Surət Surətzadə, Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu, Vətən müharibəsi veteranı Elməddin Əzizov, Azərbaycan Kooperasiya Universitetinin məzunu Orxan Allahverdiyev və Dağıstan Beynəlxalq İqtisadiyyat İnstitutununun məzunu Kənan Ağazadəyə şəhadətnamələr təqdim edilib.

Əlihüseyn Şükürov