17 fevral 2022 12:47
735

YAP Masallı rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilir - FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı Heydər Əliyev Mərkəzi, Bədəlan, Qızılavar və Tarix Diyarşünaslıq Muzeyi ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirib.

Əvvəlcə Vətən uğrunda canından keçən şəhidlərin və ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yığıncaqlarda iştirak edən Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Yeni Azərbaycan Partiyasının çətin şəraitdə yaradıldığını diqqətə çatdırıb. Yeni Azərbaycan Partiyasının yaradılmasının Azərbaycanın siyasi tarixinin ən parlaq səhifələrindən biri olduğunu deyən S. Əliyev diqqəti ölkəmizin əldə etdiyi uğurlara, qazanılan nailiyyətlərə və qələbələrə çəkərək bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir.

Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən bəhs edən Seyfəddin Əliyev şanlı tarix yazan vətən oğullarının qəhrəmanlığından, Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən, hərbçilərimizin əzmkarlığından, xalqımızın mübarizliyindən, danışaraq əldə olunan uğurları Prezident-Xalq birliyinin şərtləndirdiyini xüsusi vurğulayıb.

Sonra ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyəti barədə hesabat məruzəsi dinlənilib. Ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş hesab olunub.

Yığıncaqlarda təşkilati məsələlərə də baxılıb, ərazi partiya təşkilatlarına sədr və sədr müavinləri seçilib.

YAP Masallı rayon təşkilatının sədri yeni seçilən sədrləri və sədr müavinlərini təbrik edərək işlərində uğurlar arzulayıb, partiya üzvlərini partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə dəvət edib.

Əlihüseyn Şükürov