20 fevral 2022 21:08
595

Energetika naziri: Qaz anbarlarının həcmi 10 milyard kubmetrə çatacaq

Türkiyə yeraltı qaz anbarlarının tutumunu artırmağa davam edir, lazımi işlər tamamlandıqdan sonra Tuz Gölü və Silivri anbarlarının ümumi həcmi 10 milyard kubmetrə çatacaq.

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz “Anadolu” agentliyinə müsahibəsində deyib.

Dönməz Türkiyənin ilk yeraltı qaz anbarı olan BOTAŞ-a məxsus Silivridə olub.

O vurğulayıb ki, yeraltı qaz anbarları strateji əhəmiyyətli obyektlərdir, təbii qaz təchizatının etibarlılığı məsələsində əsas rol oynayır.

Onun sözlərinə görə, qaz anbarları qış mövsümündə təbii qaza olan yüksək tələbatı ödəməyə imkan verir.

Nazir qeyd edib ki, təbii qaz anbarlarının tutumunun artırılması üzrə işlərə təxminən iki il bundan əvvəl başlanılıb: “Silivrinin anbar tutumunu 2,8 milyard kubmetrdən 4,6 milyard kubmetrə çatdıracağıq. “Tuz Gölü” anbarında işlər davam etdirilir. Hazırda bu anbarın həcmi 1,2 milyard kubmetrdir, 2023-cü ilə qədər 5,4 milyard kubmetrə çatacaq. İki anbarın ümumi tutumu 10 milyard kubmetrə çatacaq. Biz ölkədə istehlak olunan qazın təxminən 20 faizini burada saxlayacayıq”.