Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon Mərkəzi Kitabxanası ərazi partiya təşkilatının hesabat-seçki iclası keçirilib.
Kitabxanada təşkil edilən iclasda ilk çıxış edən Mərkəzi Kitabxananın direktoru və ərazi partiya təşkilatının sədri Əlhəddin Nəzərov bildirib ki, Masallı rayon Mərkəzi Kitabxanası ərazi partiya təşkilatı rayonun ictimai-siyasi həyatında fəal iştirak edir. Əlavə edib ki, təşkilat dövlət siyasətinin təbliği, ölkənin inkişafı, hazırda geniş vüsət almış islahat prosesi və əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində atılan addımlar haqqında məlumatların oxuculara çatdırılması istiqamətində ardıcıl işlər aparır.
Sonra çıxış edən YAP Masallı rayon təşkilatının nümayəndəsi Eldar Kazımov ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci ilin noyabrında yaradılan YAP-ın ötən dövrdə keçdiyi şərəfli inkişaf yolundan bəhs edib. O, həmçinin bu gün Prezident İlham Əliyevin rəhbəri olduğu partiyanın Cənubi Qafqazda ən güclü siyasi təşkilat olaraq cəmiyyətdə böyük nüfuza malik olduğunu vurğulayıb.
Tədbirin sonunda Masallı rayon Mərkəzi Kitabxana ərazi partiya təşkilatına açıq səsvermə yolu ilə sədr və müavinlər seçilib.
Əlihüseyn Şükürov