22 fevral 2022 16:29
2957

Ağ günə çıxan həyətlər, sevinən sakinlər: Nəsimi rayonunda daha bir abad həyət

Təmirsiz və baxımsız həyətlərin bərpasına yönəlmiş layihənin sehrindən  abadlaşan həyətlərin sayı artır

Aparılan abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir. Bakıda abadlaşdırmağa ehtiyacı olan  həyət və meydançaların bərpasını nəzərdə  tutan “Abad həyət” layihəsinin növbəti ünvanı Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi  17 və 21 saylı binaların əhatə etdiyi ərazidir. Layihəyə uyğun olaraq bir vaxtlar təmirsiz və baxımsız vəziyyətdə olan  bu həyət  indi müasir,  təmiz,  abad və rahat görkəm alıb.

Həyata keçirilən silsilə tədbirlər çərçivəsində həyətyanı sahəsi 1 ha olan, 650 nəfər sakinin yaşadığı H.Seyidzadə küçəsi 17 və 21 saylı binaların əhatə etdiyi ərazidə abadlıq, quruculuq və yenidənqurma işləri başa çatdırılaraq bu ilin ilk çərşənbə günündə - Su çərşənbəsində həyət sakinlərin istifadəsinə verildi.

Milli-mənəvi dəyərlərimizi özündə əks etdirən ornamentlərlə bəzədilən həyətdə Novruz bayramının rəmzlərindən olan tonqal da qalandı. Məhəllədəki uşaqlar tonqal ətrafında şənləndilər. Bayram süfrəsi arxasında səmimi söhbət edən məhəllə sakinləri bir-birilərini Su çərşənbəsi günü və həyətlərində aparılan abadlıq işlərinin başa çatması münasibətilə təbrik edib, onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Hazırlanmış layihəyə uyğun olaraq H.Seyidzadə küçəsi 17 və 21 saylı binaların dam örtüyü əsaslı təmir edilib, yağış suları axıdan yeni  borular və navalçalar quraşdırılıb. H.Seyidzadə küçəsi 17 saylı binanın fasadı əsaslı təmir edilib, 4 ədəd giriş qapısı, pilləkən qəfəslərinin 16 ədəd pəncərəsi dəyişdirilib.

Görülmüş işlər çərçivəsində binaların əhatə etdiyi  həyətə 1400 kv.m asfalt örtüyü, 1000 kv.m-dən artıq qazon, 500 kv.m-ə yaxın tamet daşı vurulub, 350 p.m. yeni bardürlər və kiçik tullantıların atılması üçün 2 ədəd yeni zibil qutusu qoyulub, 100 p.m. istinad divarı bərpa olunub.

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün binanın həyətinə söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə müxtəlif idman qurğuları quraşdırılıb.

Abadlıq işləri aparılan ərazidəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 100 ədəd müxtəlif növ həmişəyaşıl ağac, 200 ədəd dekorativ çiçəklər əkilib, mövcud yaşıllıqlara və ağaclara aqrotexniki qaydada qulluq olunub. Həyətdə yeni işıqlandırma sistemləri qurulub.

İndiyə qədər Nəsimi rayonu ərazisində 150-dən çox ünvanda abad həyət sakinlərin istifadəsinə verilib

Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı birliyinin rəisi Nizami Mayılov “İki sahil”ə açıqlamasında bildirdi ki, Nəsimi rayonunda məhəllələrin, həyətlərin abadlaşdırılması artıq silsilə formada aparılır: “İndiyə qədər rayon ərazisində 150 -dən çox ünvanda abad həyət sakinlərin istifadəsinə verilib. Mərhələli şəkildə aparılan bərpa işləri  çərçivəsində Hüseyn Seyidzadə küçəsi 17 və 21  ünvanında yerləşən binaların dam örtüyü əsaslı təmir olunmuşdur. Yağış suları axıdan borular və navalçalar, binaların giriş qapıları, pilləkənləri, pəncərələri əsaslı təmir olunaraq yenisi ilə əvəz olunmuşdur. Binaların zirzəmisindən aşağı paylayıcı su xəttlərində, kanalzasiya borularında da cari təmir işləri aparılıb. Həyətdə asfalt işləri görülüb. Əlavə  1000 kv.m sahədə yaşıllıq, qazon sahəsi açılıb. Həyətdə bardürlər, tamet daşı düzülüb. Həyətdə idman qurğuları, müxtəlif funksiyalı turniklər, oturacaqlar, söhbətgahlar, uşaq oyun elementləri  quraşdırılıb. Bununla yanaşı, təhlükəsizlik baxımından  uşaq oyun elementləri olan hissələri rezin –döşəməli etmişik.”

N.Mayılov vurğuladı ki, hazırda  rayonun daha bir neçə ünvanındakı həyətlərdə də abadlıq-quruculuq və yenidənqurma işləri aparılır: “Asif məhərrəmov küçəsi 45 və 47, eləcə də Moskva 90-92 saylı ünvanlarda tezliklə bu  formada abad həyətlərimiz sakinlərin istifadəsinə veriləcək.  Ümid edir ki, sakinlər müasirləşən və abadlaşan məhəllə və həyətlərin görkəmindən razı qalacaqlar.”

Bir vaxtlar baxımsız və təmirsiz vəziyyətdə olan həyətlər indi müasir, təmiz, abad və rahat  görkəm alıb. Maraqlıdır, bu yenilik, gözoxşayan dəyişiklik haqqında sakinlər nə düşünür?

“İki sahil”  sakinlərin təəssüratlarını  təqdim edir:

Əfqan Səfərov 32 ildir ki, bu binanın sakinidir. Onun sözlərinə görə, əvvəllər bu həyət çox bərbad vəziyyətdə olub: “Həyətimizin  abadlaşmasında əziyyət çəkən  hər kəsə təşəkkür edib. Həyətimizin indiki və əvvəlki görünüşü arasında yer-göy qədər fərq var. Əvvəllər bir çox problemlər var idi. Bu gün isə  müasir, abad və rahat həyətimiz var. Bununla yanaşı, balalarımız üçün rəngarənq və maraqlı əyləncə zonası yaradılıb. Orada uşaqlarımız oynayıb və əylənirlər. Əvvəllər yaşlı insanlar  əyləşmək üçün oturacaq tapmırdı. İndi isə  həm çoxlu ağaclar əkilib, həm də ətrafında rahat oturacaqlar quraşdırılıb. Bir tövsiyə etmək istərdim ki, binamızın sakinləri təmizkar olsun, bu gözəlliyi qoruyub saxlamağı bacarsınlar ki, abad həyətimiz uzunömürlü olsun. Rahatlıq, səliqə, gözəlliyi ancaq İcra Hakimiyyətindən gözləmək doğru deyil. İnsanlar da diqqətli olmalıdır. Bu qədər əziyyət çəkilib,  bunu qiymətləndirmək lazımdır. Biz Bakı Şəhər İcra Hakimiyyətinə, Nəsimi Rayon İcra Hakimiyyətinə minnətdarıq ki, bizim binanın qarşısında bu cür ürəkaçan, gözoxşayan  abadlıq işləri görüblər.”

Aybəniz Məhərrəmovanın sözlərinə görə özü 36, həyat yoldaşı isə 57 ildir ki, bu binanın sakinidir: “Çox sevinirik ki,  abadlaşdırılan həyətlərdən biri də bizim həyət oldu. Sağ olsunlar ki, bizim həyətimizi diqqətdən kənar qoymadılar. Əyləncə üçün başqa yerə getməyə  ehtiyac yoxdur. Binamızın  balaca sakinləri də burada oynayacaq, əylənəcəklər. Bizə bu sevinci bəxş edən hər kəsə təşəkkür edirəm. Əziyyət çəkən hər bir kəsə öz dərin minnətdarlığımı bildirirəm. Yaradılan bu müasir və rahat şəraitdən çox razıyıq.”

Binanın 35 illik sakini olan Hicran Bayramova Su çərşənbəsi münasibətilə hər kəsin bayramını təbrik etdi: “Əvvəllər binamız da, həyətəmiz də çox bərbad bir halda idi. Biz də binamızın bərbad vəziyyətinə görə şikayət etdik. Tez bir zamanda Nəsimi Rayon İcra  Hakimiyyəti səsimizi eşitdi. Bu gün isə nəticə gözqabağındadır. Təmirdən sonra yaranan real vəziyyət isə çox gözəl və səliqəlidir. Baxdıqca insanın ürəyi açılır. Həyətimiz abadlaşdırılarkən yeni ağaclar da əkilib. Bu da həm həyəti daha da gözəlləşdirib, həm də məhəllə sakinlərinin sağlamlığına xidmət edir. Yaradılan şəraitə görə binamızın bütün sakinləri adından əziyyəti çəkən hər kəsə minnətdarıq.”

Malik Məhərrəmov 57 ildir ki, bu binada yaşamasına baxmayaraq, həyətlərini heç vaxt bu qədər abad, rahat və səliqəli görkəmdə görmədiyini bildirdi: “Neçə illərdir ki, həyətimiz çox pis vəziyyətdə idi. Tozdan, torpaqdan rahat gəzmək mümkün deyildi. Sakinlər çox əziyyət çəkirdi. Uşaqlarımızın oynamağı, sakinlərimizin istirahəti üçün heç bir şərait yox idi. Başqa ünvanlarda salınan abad  həyətləri gördükcə düşünürdüm ki, görəsən bizim həyət nə vaxtsa abadlaşacaqmı? Şükürlər olsun ki, artıq arzum reallaşdı. İndi mən də abad həyətin sakiniyəm. Binamızın  təmiri, yenilənməsi üçün əziyyət çəkən hər kəsə təşəkkür edirəm. Təsadüfdən abad həyətimiz Su çərşənbəsi günü istifadəyə verildi. Bayramınız da mübarək olsun.  “İki sahil TV”yə də təşəkkür edirəm ki, Nəsimi rayonunda abadlaşan həyətlərin, eləcə də bizim həyətimizin abadlaşan görüntüsünü işıqlandırırsınız.”

Abadlaşan həyətin hər kəsdən çox körpələrin balaca qəlbində xoş təəssürat yaratması hissi olunurdu. İsmayıl Məhərrəmov da həmin uşaqlardan biri idi: “Həyətimizin  yeni görünüşünü çox bəyəndim.  Mənim üçün ən maraqlı olan sürüşkənlər və yelləncəklərdir. Dostlarımla həyətdə oynamaq çox maraqlıdır. Nə yaxşı ki, mənim belə gözəl həyətim  var.  Yeni həyətimizdə dostlarımla oynayacağam, yelləncəkdə yellənəcəyəm. Çünki əvvəl oyun oynayanda yıxılırdıq,  rahat oynaya bilmirdik, həyətimiz  belə gözəl deyildi. İndi  isə həyətimiz çox gözəldir. Artıq həyətdə oynamaq, vaxt keçirmək çox rahat və maraqlı olacaq. Bizim həyətimizi gözəlləşdirən hər kəsə təşəkkür edirəm.”

Nuray Əliyevanın sözlərinə görə əvvəlki həyətlərində uşaqların oynaması üçün heç bir şərait olmayıb: “İndi  isə bizim üçün şərait yaradılıb ki, təmiz həyətdə oturub ya kitab oxuyaq, ya da dostlarımızla sürüşkəndə, yelləncəkdə əyləncəli vaxt keçirək. Biz həyətimizin yeni görkəmini görüb çox sevinirik. Kaş, bütün həyətlər bizimki kimi gözəl olsun, uşaqlar da sevinsin.”

Apardığımız müşahidələr əsasında bu qənaətə gəldik ki, Nəsimi rayonu ərazisində abadlaşan və müasir görkəm alan həyətlərin sakinləri bu vəziyyəti böyük razılıqla qarşılayırlar. Rayon sakinləri görülən işlərə görə ölkə başçısına öz  dərin minnətdarlıqlarını bildirirlər.

Sağlam mühit, sağlam həyat deməkdir. Elə ona görə də, əvvəl bərbad, indi isə abad həyətinin gözəl görkəmini, təmizliyini qoruyub saxlamaq bundan sonra sakinlərin başlıca vəzifə olmalıdır.

Yaqut Ağaşahqızı, “İki sahil”