23 fevral 2022 18:32
785

 “Vətənin ölməz oğulları” layihəsi çərçivəsində növbəti tədbir - FOTO

Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Masallı Dövlət Rəsm Qalereyası və “Ümidim sənsən” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Birinci Qarabağ və Vətən Müharibəsi Qəhrəmanlarının tanıdılması məqsədilə “Vətənin ölməz oğulları” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib. Tədbirdə layihənin təşkilatçıları, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Masallı rayon filialının (QMƏVŞAİB) sədri Nahid Rəhimov, şəhid ailələri, rayonun ümumtəhsil məktəblərinin müəllim və şagirdləri iştirak ediblər.

Əvvəlcə, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Muzeyin direktoru Əntiqə Tağıyeva çıxışı zamanı Birinci Qarabağ və 44 günlük Vətən müharibəsində iştirak edən əsgər və zabitlərin fədakarlığından və Azərbaycan xalqının mübarizə əzmindən danışaraq əldə olunan uğurları dövlət-xalq birliyinin təzahürü kimi xarakterizə edib. Ə. Tağıyeva qeyd edib ki, torpaq uğrunda canını fəda edən Vətən övladları ölümləri ilə əbədilik qazanıb, şəhidlik zirvəsinə ucalıblar. O, şəhidlərin xatirəsini daim əziz tutaraq yaşatmağı mənəvi borc hesab edib.

Sonra Muzeyin əməkdaşı Dilgüşə Məmmədova fevral ayında doğulmuş Birinci Qarabağ və Vətən müharibəsi zamanı şəhid olmuş oğulların həyat və şərəfli döyüş yolu barədə məruzə ilə çıxış edib.

Sonra çıxış üçün söz alan QMƏVŞAİB Masallı rayon filialının sədri Nahid Rəhimov deyib: "Bu gün şəhidlərimiz gənc nəsil üçün təkcə qəhrəmanlıq nümunəsi deyil, həm də Vətənə sədaqət simvoludur. Buna görə də, şəhidlərdən daim qürurla, sevgi ilə danışırıq. Bu xatırlatmalar qəhrəmanlarımız qarşısında mənəvi borcödəmədir".

“Ümidim sənsən” İctimai Birliyinin nümayəndəsi Fidan Abbaslı isə qeyd edib: "Vətən savaşı, ordumuzun qazandığı qələbələr və dövlət başçısının bu istiqamətdəki Sərəncamları təqvimimizə də qırmızı hərflərlə tarixi günlər yazdı, işğal tarixləri təqvimdən silindi və otuz illik həsrət Qələbə günləri ilə yaddaşlara yazıldı".

Daha sonra Qalereyanın direktoru vəzifəsini icra edən Təhmasib Məcidov çıxışında qeyd edib ki, Vətənin dar günündə torpaqlarımız uğrunda canlarını fəda edən şəhid və qazilərin keçdikləri rəşadətli döyüş yollarının, döyüşlərdə göstərdikləri igidliklərinin təbliği gənclərimizdə vətənpərvərlik hissinin daha da qüvvətlənməsinə xidmət edir.

Çıxışlardan sonra tədbir iştirakçıları Muzeydə şəhidlərə hərs olunmuş xatirə guşəsi ilə tanış olub, xatirə şəkilləri çəkdiriblər.

Əlihüseyn Şükürov