“Azərbaycan təbii qazını Türkiyə və Avropadakı alıcılara təhlükəsiz və sərfəli şəkildə nəql etmək üçün yüksək daşıma qabiliyyətinə malik təbii qaz kəmərinin, beynəlxalq keyfiyyət, əməyin mühafizəsi və təhlükəsizliyi, sosial və ekoloji standartlara uyğun tikintisi və istismarı missiyası ilə fəaliyyətini həyata keçirən TANAP ölkəmizin və Avropa İttifaqının təbii qaz təchizatı təhlükəsizliyinə və müxtəlifliyinə töhfə vermək məqsədi daşıyır. Hazırda ötürmə gücü 16 milyard kubmetr olan TANAP-ın ötürmə qabiliyyətinin əlavə investisiyalarla 31 milyard kubmetrə çatdırılması mümkündür.”
Bu fikirlər TANAP-ın baş direktoru Saltuk Düzyolun Azərbaycanın media nümayəndələri üçün ötən ilin yekunlarına həsr olunmuş onlayn mətbuat konfransında səsləndirilib.
Qeyd edək ki, mətbuat konfransında KİV nümayəndələri ilə yanaşı, SOCAR-ın və “SOCAR-Türkiyə”nin rəsmi nümayəndələri də iştirak ediblər.
Saltuk Düzyol məlumat verib ki, Türkiyə ilə Azərbaycan arasında enerji sahəsində strateji əməkdaşlığın ən əhəmiyyətli layihələrindən biri olan Trans-Anadolu Təbii Qaz Boru Kəməri Layihəsi (TANAP) ilə 2022-ci ilin yanvar ayının sonuna qədər Türkiyəyə tədarük edilən təbii qazın miqdarı 14,5 milyard kubmetrə, Trans Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya ötürülən qazın miqdarı isə 9 milyard kubmetrə çatdı: “Türkiyə, Yaxın Şərq və Avropanın “ən uzun və ən geniş təbii qaz kəməri” ünvanına malik olan TANAP Azərbaycanın “Şahdəniz-2” yatağından hasil edilən təbii qazı Türkiyə marşrutu ilə daşıyaraq TAP bağlantısı ilə Avropaya çatdırır. Beləliklə, enerji təchizatı təhlükəsizliyinə və iki ölkənin enerji sahəsində brendləşmə prosesinə töhfə verir. Trans-Anadolu Təbii Qaz Boru Kəməri Layihəsi (TANAP) 2018-ci il iyunun 30-da başlayan kommersiya istismarı fəaliyyətində 3 ildən artıq bir dövrü uğurla başa vurub. TANAP Azərbaycanın “Şahdəniz-2” yatağından hasil edilən qazı Türkiyə sərhədləri daxilində 20 şəhər, 67 rayon və 600 kənddən keçərək Ədirnənin İpsala rayonunda Trans-Adriatik Boru Kəməri (TAP) ilə Avropaya çatdırır. İki ölkənin enerji sahəsində brendləşməsinə böyük töhfələr verən TANAP ilə istismara verildiyi tarixdən 2022-ci ilin yanvar ayının sonuna qədər Türkiyəyə tədarük edilən təbii qazın ümumi həcmi 14,5 milyard kubmetrə, Avropaya verilən qazın həcmi 9 milyard kubmetrə çatıb.
Cənub Qaz Dəhlizinin ən əhəmiyyətli hissəsi olan TANAP Azərbaycanın Avropa İttifaqı ilə mövcud iqtisadi və siyasi əməkdaşlığının daha da inkişafına töhfə verməklə yanaşı, Azərbaycanı Türkiyənin ikinci ən böyük qaz təchizatçısı və Avropa İttifaqının yeni qaz təchizatçısı səviyyəsinə çatdırdı.”
Azərbaycan və Türkiyənin qitələrarası enerji əməkdaşlığı səyahəti
TANAP-ın baş direktoru Saltuk Düzyol yarandığı gündən bir çox ilklərə ev sahibliyi edən TANAP-ın dünya enerji tarixində çox mühüm yer tutduğunu bildirərək qeyd edib ki, mütərəqqi texniki avadanlıqlara malik, keçdiyi marşrutda sosial-iqtisadi və mədəni sahələr də daxil olmaqla, hər bir sahədə dəyər yaradan, ən əsası isə iki qardaş ölkə olan Türkiyə və Azərbaycan arasında qırılmaz əlaqələrin rəmzi olan TANAP ilə Azərbaycan qazı tarixdə ilk dəfə olaraq birbaşa bazarlara çıxır: “Enerji sektorunda yeni imkanlar ortaya qoyan layihəmizlə ölkələrimizin bir çox sahələrdə inkişafına töhfə veririk. “Şahdəniz-2” yatağından səyahətinə başlayan təbii qaz koronavirus pandemiyasının yaratdığı şəraitdən təsirlənmədən 100% səmərəliliklə nəqlini davam etdirir. Türkiyə, Yaxın Şərq və Avropanın ən uzun (1850 km) və ən böyük diametrli (56”) təbii qaz boru kəməri olan TANAP-ın ilk gündən başlayaraq gələcəyə qədər uzanan uğurlarını izləməkdən qürur duyuruq.”
TANAP hər sahədə əlavə dəyər təklif edən bir layihədir
TANAP-ın Türkiyənin Şərq-Qərb Enerji Dəhlizində və bölgəsində bir Qaz Ticarət Mərkəzi olmaq məqsədinə çatması üçün ehtiyacı olan təbii qaz nəqli infrastrukturunun əsas onurğa sütununu təşkil etdiyinə diqqət çəkən S.Düzyol vurğulayıb ki, TANAP layihənin icrası zamanı yaratdığı yeni iş və məşğulluq imkanları ilə Türkiyə iqtisadiyyatına mühüm töhfələr verib: “Layihədə boru kəməri marşrutunun keçdiyi 20 şəhərdə investisiya dövründə təxminən 13 min nəfərə birbaşa və dolayı məşğulluq imkanları təmin edilib. Bundan əlavə, marşrut üzərində olan şəhər və rayonlarda bir çox sənaye və ticarət müəssisələri, xüsusilə kiçik və orta sahibkarlıq müəssisələri üçün yeni iş həcmi yaradılmış, həyata keçirilən sosial və ekoloji investisiya proqramları vasitəsilə yerli əhaliyə davamlı iqtisadi, sosial, ekoloji və mədəni faydalar təmin edilib. Bu çərçivədə 20 şəhər, 67 rayon və 600 kənddə dəqiqliklə müəyyən edilmiş 1.000-dən çox layihəyə maliyyə dəstəyi verilib.”
Təbiət, mədəniyyət, tarix və elmlə inteqrasiya olunmuş bir layihə
S.Düzyol məlumat verib ki, Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) çərçivəsində TANAP boru kəməri marşrutu üzərindəki quru və su mühitlərində apardığı tədqiqatlar zamanı müəyyən edilmiş 12 yeni növü elmi dünya ədəbiyyatına təqdim edib: “Boru kəməri marşrutu üzərində müəyyən edilmiş 67 quru və 27 su kritik yaşayış mühiti üçün hazırlanmış Biomüxtəlifliyin Fəaliyyət Planına əlavə olaraq, Biomüxtəlifliyin Balanslaşdırılması Strategiyası hazırlanmış və bir boru kəməri layihəsində ilk dəfə həyata keçirilmişdir. TANAP ətraf mühitə və insanlara üstünlük verən tətbiqlərinə görə “Ən yaxşı ekoloji tətbiqləri” və “Davamlılıq” kateqoriyalarında bir çox nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb. Bundan əlavə, ƏMSSTQ dövründə 106 və tikinti dövründə 48 ədəd olmaqla cəmi 154 arxeoloji sahə Türkiyənin mədəniyyət inventarına əlavə edilib. Layihə çərçivəsində Muzey Müdirliklərinin rəhbərliyi ilə cəmi 25 xilasetmə qazıntı işi aparılıb. Bu işlərdə tapılan 1.000-dən çox arxeoloji əsər, aidiyyəti muzeylərə təhvil verilib.”
Qeyd edək ki, TANAP layihəsinin icrası dövründə 115 milyon adam/saat iş görülüb. Tikinti işləri çərçivəsində 131.620 magistral boru qaynaq edilib. Layihə çərçivəsində xəttin keçdiyi ən yüksək nöqtə 2.760 metr, ən dərin nöqtə isə dəniz səviyyəsindən 65 metr aşağıda idi. Tikinti işləri çərçivəsində 1.850 kilometrlik xətt boyunca 50.908.400 kubmetr qazıntı işi və 7.000-ə yaxın xüsusi keçid (çay, magistral, dəmir yolu və s.) həyata keçirilib. Layihənin pik dövründə 13.000 nəfərin çalışdığı TANAP-da 30 iyun 2018-ci il tarixindən Türkiyəyə kommersiya qazı axını başlayıb. TANAP-ın davamı olaraq inşa edilən TAP-ın başa çatdırılması ilə 31 dekabr 2020-ci ildə Azərbaycan qazı tarixdə ilk dəfə olaraq Avropaya kommersiya yolla nəql edilməyə başlanılıb.”
Orxan Vahidoğlu, “İki sahil”