25 noyabr 2026 11:00
103

Qeyri-formal məşğulluq işçiləri sağlam və təhlükəsiz əmək şəraitində çalışmaq hüququndan da məhrum edir - MÜSAHİBƏ

İlqar Məmmədov: Əmək münasibətlərinin rəsmiləşdirilməsi təhlükəsiz və sağlam əmək şəraitinin təmin olunması baxımından da mühüm əhəmiyyət daşıyır

Əmək münasibətlərinin rəsmiləşdirilməsi işçinin yalnız əməkhaqqı və sosial təminat hüquqlarının deyil, həyat və sağlamlığının qorunmasının da mühüm şərtidir. Qeyri-formal məşğulluq isə bu təminatları zəiflətməklə yanaşı, işçilərin təhlükəsiz əmək şəraitində çalışmaq imkanlarını da məhdudlaşdırır. Xüsusilə istehsalat risklərinin mövcud olduğu sahələrdə əmək müqaviləsinin olmaması işçini hüquqi müdafiədən, eləcə də istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri zamanı qanunvericiliklə nəzərdə tutulan təminatlardan yararlanmaq imkanından məhrum edə bilər.

Bu baxımdan əmək münasibətlərinin leqallaşdırılması, əməyin mühafizəsi tələblərinə əməl olunması, istehsalat risklərinin əvvəlcədən müəyyənləşdirilməsi və qabaqlayıcı nəzarət mexanizmlərinin gücləndirilməsi təhlükəsiz əmək mühitinin formalaşdırılmasında xüsusi əhəmiyyət daşıyır. Qeyri-formal məşğulluğun işçilərin həyat və sağlamlığı üçün yaratdığı təhlükələr, əmək münasibətlərinin rəsmiləşdirilməsinin hüquqi və sosial əhəmiyyəti, istehsalatda bədbəxt hadisələrin qarşısının alınması, eləcə də bu istiqamətdə həyata keçirilən nəzarət və maarifləndirmə tədbirləri ilə bağlı suallarımızı Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini İlqar Məmmədova ünvanladıq.

– İlqar müəllim, qeyri-formal məşğulluq dedikdə, ilk növbədə, əmək müqaviləsinin olmaması və sosial təminatların itirilməsi yada düşür. Bəs bu problem işçinin əmək fəaliyyəti zaman həyat və sağlamlığı üçün hansı risklər yaradır?

– Qeyri-formal məşğulluq yalnız əmək münasibətlərinin rəsmiləşdirilməməsi ilə məhdudlaşmır. Bu, işçilərin əmək hüquqlarının və sosial təminatlarının müdafiəsinə, eyni zamanda, təhlükəsiz və sağlam əmək şəraitinin təmin olunmasına təsir göstərən mühüm məsələlərdən biridir. Əmək müqaviləsi işçi ilə işəgötürən arasında əmək münasibətlərinin hüquqi əsaslarını müəyyən edir. İşçinin əmək funksiyası, iş vaxtı, əməkhaqqı, istirahət və digər hüquqları ilə yanaşı, təhlükəsiz əmək şəraitində çalışmaq hüququnun təmin olunması baxımından da mühüm əhəmiyyət daşıyır.

Hər bir işçinin təhlükəsiz və sağlam mühitdə işləmək, icbari sosial və tibbi sığorta ilə əhatə olunmaq hüququ vardır. Əmək Məcəlləsinin 54-cü maddəsinə əsasən, işəgötürən işçinin normal fəaliyyəti üçün zəruri olan sanitariya, gigiyena və təhlükəsizlik normalarına cavab verən iş mühiti yaratmalıdır. Yəni, işəgötürən işçiyə sağlam və təhlükəsiz əmək şəraitinə təminat verməyə borcludur. Müqavilənin şərtləri qanunvericilikdə nəzərdə tutulmuş əməyin mühafizəsi normalarına tam uyğun olmalıdır.

Lakin əmək müqaviləsi olmadan çalışmaq işçinin əmək hüquqlarının müdafiəsini çətinləşdirməklə yanaşı, onu sağlam və təhlükəsiz əmək şəraitində çalışmaq hüquqlardan da məhrum edir. Eyni zamanda, işçi əmək müqaviləsi olmadan çalışdıqda, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri zamanı onun qanunvericiliklə nəzərdə tutulmuş təminatlardan yararlanmasına da maneələr yaranır.

Əmək münasibətləri rəsmiləşdirilmədikdə işçinin hüquqlarının müdafiəsi, o cümlədən əməyin mühafizəsi tələblərinə riayət olunmasına nəzarət çətinləşə bilər. Xüsusilə təhlükəli və zərərli istehsalat amillərinin mövcud olduğu iş yerlərində bu məsələ daha böyük aktuallıq kəsb edir. İşçilərin əməyin mühafizəsi üzrə təlimatlandırılması, təhlükəsizlik qaydaları barədə məlumatlandırılması və zəruri mühafizə vasitələri ilə təmin olunması istehsalat risklərinin qarşısının alınmasında mühüm rol oynayır. Əmək münasibətlərinin qeyri-rəsmi xarakter daşıması isə bu tədbirlərin lazımi səviyyədə təşkil edilməməsi riskini artıra bilər. Ona görə də əmək münasibətlərinin rəsmiləşdirilməsinə yalnız hüquqi tələb kimi deyil, həm də işçilərin həyatının və sağlamlığının qorunmasına xidmət edən mühüm amil kimi yanaşılmalıdır.

– Əmək müqaviləsi olmadan çalışan işçi istehsalatda bədbəxt hadisə nəticəsində xəsarət aldıqda, onun müvafiq təminatlara malik olması da çətinləşirmi?

– İstehsalatda baş verən bədbəxt hadisələr işçinin sağlamlığına və əmək qabiliyyətinə ciddi təsir göstərə, bəzi hallarda isə daha ağır nəticələrə səbəb ola bilər. Əmək münasibətləri rəsmiləşdirilmədikdə bu cür hadisələrin araşdırılması və işçinin müvafiq təminatlardan yararlanması ilə bağlı çətinliklər meydana çıxır. Belə hallarda əsas problemlərdən biri işçi ilə işəgötürən arasında faktiki əmək münasibətlərinin mövcudluğunun müəyyən edilməsidir. Bu məsələnin müəyyən edilməsi hadisənin istehsalatla əlaqəsinin araşdırılması, müvafiq sənədləşmənin aparılması, sığorta ödənişlərinin və qanunvericilikdə nəzərdə tutulmuş digər təminatların əldə edilməsi baxımından əhəmiyyətlidir.

Eyni zamanda, peşə xəstəliklərinin yaranması hallarında da əmək münasibətlərinin rəsmiləşdirilməsi mühüm rol oynayır. İşçinin hansı şəraitdə, hansı əmək funksiyasını yerinə yetirdiyinin və hansı istehsalat amillərinin təsirinə məruz qaldığının müəyyən edilməsi onun hüquqlarının müdafiəsi üçün vacibdir.

Dövlət Əmək Müfəttişliyi Xidməti öz səlahiyyətləri çərçivəsində istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması, onların səbəblərinin müəyyən edilməsi və qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görülməsi istiqamətində fəaliyyət göstərir. Bu sahədə əsas məqsədlərdən biri də bədbəxt hadisələrin baş verməsinə səbəb olan amillərin müəyyənləşdirilməsi və gələcəkdə oxşar halların qarşısının alınmasıdır. Elə yeri gəlmişkən belə bir şəraitdə “Vision Zero” yanaşması xüsusi əhəmiyyət daşıyır.

Beynəlxalq Əmək Təşkilatı (BƏT) və Beynəlxalq Sosial Təminat Assosiasiyasının təşəbbüsü olan “Vision Zero” iş yerlərində ölüm hallarının, ağır xəsarətlərin və peşə xəstəliklərinin qarşısının alınmasını hədəfləyən beynəlxalq yanaşmadır. Onun əsas fəlsəfəsi çox sadə, lakin mühüm prinsipə söykənir: “Hər bir bədbəxt hadisənin qarşısını almaq mümkündür”. Əsas məqsədimiz riskləri əvvəlcədən müəyyənləşdirib qarşısını almaqdır.

 –Əmək münasibətlərinin rəsmiləşdirməməsi müəssisənin özü üçün hansı hüquqi və təhlükəsizlik riskləri yaradır?

– Əmək münasibətlərinin rəsmiləşdirilməməsi yalnız işçi üçün deyil, işəgötürən üçün də ciddi nəticələrə səbəb ola bilər. İlk növbədə, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin işə cəlb edilməsi qanunvericiliyin pozulmasıdır və buna görə müvafiq məsuliyyət nəzərdə tutulur. Digər tərəfdən, hər bir işəgötürən iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına məsuliyyətlə yanaşmalıdır. İşçilərin həyat və sağlamlığının qorunması, istehsalatda mövcud təhlükələrin müəyyənləşdirilməsi və onların qarşısının alınması əməyin mühafizəsinin əsas məqsədlərindəndir.

Bu baxımdan işəgötürənlər tərəfindən təhlükəsizlik qaydalarına riayət olunması, işçilərin müvafiq təlimatlandırmadan keçirilməsi, zəruri mühafizə vasitələri ilə təmin edilməsi və iş prosesində təhlükəli halların qarşısının alınması mühüm əhəmiyyət daşıyır. İstehsalatda baş verən bədbəxt hadisə yalnız bir işçinin deyil, onun ailəsinin həyatına, eləcə də müəssisənin fəaliyyətinə ciddi təsir göstərə bilər. Ona görə də işəgötürənlər əmək münasibətlərinin rəsmiləşdirilməsinə və əməyin mühafizəsi tələblərinin yerinə yetirilməsinə əlavə xərc kimi deyil, qanunvericilikdən irəli gələn məsuliyyət və təhlükəsiz iş mühitinin formalaşdırılmasının vacib şərti kimi yanaşmalıdırlar.

 – Qeyri-formal məşğulluğun qarşısının alınmasında ənənəvi nəzarət üsulları ilə yanaşı, rəqəmsal mexanizmlərin də rolu artır. Dövlət Əmək Müfəttişliyi Xidməti bu istiqamətdə hansı işləri həyata keçirir və nəticələr barədə nə demək olar?

–Bu sahədə elektron nəzarət mexanizmlərinin tətbiqi xüsusi əhəmiyyət daşıyır. Risk əsaslı elektron audit əmək qanunvericiliyinin pozulması ehtimalı olan halların informasiya ehtiyatları əsasında müəyyənləşdirilməsinə və müvafiq tədbirlərin həyata keçirilməsinə imkan yaradır. Bu yanaşma nəzarət tədbirlərinin daha məqsədyönlü təşkilinə, əmək münasibətlərinin leqallaşdırılmasının təşviqinə və qanunvericiliyin tələblərinə əməl olunmasının təmin edilməsinə xidmət edir.

Bununla yanaşı, qeyri-formal məşğulluğun qarşısının alınmasında preventiv tədbirlərin, xüsusilə işəgötürənlərin və işçilərin maarifləndirilməsinin mühüm rolu var. Əmək müqaviləsinin əhəmiyyəti, əmək qanunvericiliyinin tələbləri, işçilərin hüquq və təminatları barədə məlumatlılığın artırılması bu sahədə hüquqpozmaların qarşısının alınmasına xidmət edir.

Əməyin mühafizəsi istiqamətində də qabaqlayıcı yanaşmanın gücləndirilməsi vacibdir. Çünki əsas məqsəd yalnız baş vermiş hüquqpozmanı aşkar etmək deyil, eyni zamanda, iş yerlərində təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasına və istehsalat risklərinin aradan qaldırılamsına nail olmaqdır.

 – İlqar müəllim, son olaraq əmək müqaviləsi olmadan çalışan vətəndaşlara və işəgötürənlərə nə tövsiyə edərdiniz?

– İlk növbədə, hər bir işçi bilməlidir ki, əmək münasibətlərinin rəsmiləşdirilməsi onun hüquqlarının və sosial təminatlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Əmək müqaviləsi olmadan çalışmaq işçi üçün gələcəkdə ciddi çətinliklərlə nəticələnə bilər. Bu çətinliklər yalnız əməkhaqqı, məzuniyyət və sosial sığorta məsələləri ilə məhdudlaşmır. İstehsalatda bədbəxt hadisə baş verdikdə və ya peşə xəstəliyi yarandıqda əmək münasibətlərinin rəsmiləşdirilməməsi işçinin müvafiq hüquq və təminatlardan yararlanmasını çətinləşdirir.

Ona görə də vətəndaşlara tövsiyə edirik ki, əmək fəaliyyətinə başlamazdan əvvəl əmək münasibətlərinin qanunvericiliyə uyğun qaydada rəsmiləşdirilməsinə diqqət yetirsinlər. Eyni zamanda, iş yerlərində təhlükəsizlik qaydalarına riayət etsinlər, əməyin mühafizəsi tələbləri barədə məlumatlı olsunlar və həyatlarına, sağlamlıqlarına təhlükə yaradan hallara biganə qalmasınlar. İşəgötürənlər isə əmək münasibətlərinin rəsmiləşdirilməsi ilə yanaşı, işçilər üçün təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasını da əsas vəzifələrindən biri kimi qəbul etməlidirlər.

Yaqut Ağaşahqızı, “İki sahil”