Ailə cəmiyyətin təməlini təşkil edən, insanın şəxsiyyət kimi formalaşmasında, mənəvi dəyərlərin və milli ənənələrin qorunmasında mühüm rol oynayan institutdur. Ailə dedikdə ilk növbədə qarşılıqlı sevgi, hörmət, etimad, qayğı və məsuliyyət üzərində qurulan münasibətlər nəzərdə tutulur. Sağlam ailə mühiti yalnız ailə üzvlərinin deyil, bütövlükdə cəmiyyətin rifahına və gələcək nəslin inkişafına xidmət edir. Lakin təəssüf ki, bu gün ailə institutunun mahiyyətinə zidd olan, cəmiyyətin sosial və mənəvi inkişafına ciddi maneə yaradan məişət zorakılığı və erkən evlilik kimi problemlər aktuallığını qoruyur.
Bu problemlərin hər biri ayrı-ayrılıqda ciddi narahatlıq doğursa da, onların qarşılıqlı əlaqəsi, xüsusilə qadınların və yetkinlik yaşına çatmayan şəxslərin hüquq və azadlıqlarına vurduğu zərər məsələyə daha həssas yanaşmağı zəruri edir. Çünki ailə daxilində zorakılığın hökm sürdüyü, uşağın hüquqlarının və iradəsinin nəzərə alınmadığı mühitdə sağlam münasibətlərdən, təhlükəsiz gələcəkdən və sosial inkişafdan danışmaq mümkün deyil.
Məişət zorakılığı uzun müddət bəzi hallarda ailənin daxili məsələsi, şəxsi münasibətlərin tərkib hissəsi kimi qəbul edilmiş, bu səbəbdən də onun qarşısının alınması və zərərçəkmiş şəxslərin müdafiəsi istiqamətində zəruri addımların atılması gecikmişdir. Halbuki ailə daxilində baş verməsindən asılı olmayaraq, insanın fiziki və mənəvi toxunulmazlığına qəsd edən hərəkətlərə haqq qazandırmaq mümkün deyil. Ailə münasibətləri heç kimə digər ailə üzvünün hüquqlarını pozmaq, onun iradəsini məhdudlaşdırmaq və şəxsiyyətini alçaltmaq səlahiyyəti vermir.
Məişət zorakılığı yalnız fiziki güc tətbiq edilməsi ilə məhdudlaşmır. Azərbaycan Respublikasının “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanununda fiziki, psixoloji, iqtisadi və cinsi zorakılıq formaları müəyyən edilmişdir. Döymə, xəsarət yetirmə, təhqir, təhdid, davamlı psixoloji təzyiq, şəxsin maddi imkanlarının məhdudlaşdırılması, onun təhsil almasına və işləməsinə maneçilik törədilməsi də zorakılığın müxtəlif təzahürləridir.
Bəzən zorakılıq fiziki izlər buraxmadığı üçün ətrafdakılar tərəfindən aşkar edilmir. Lakin davamlı təhqirə, qorxuya, təhdidə və alçaldılmaya məruz qalan insanın psixoloji vəziyyətinə vurulan zərər heç də fiziki zorakılığın nəticələrindən az təhlükəli deyil. Xüsusilə, uşaqların ailə daxilində belə hallara şahidi olması onların gələcək həyatına, şəxsiyyət kimi formalaşmasına və insanlarla münasibətlərinə mənfi təsir göstərir. Zorakılıq mühitində böyüyən uşaq bəzən aqressiyanı adi davranış norması kimi qəbul edir və gələcəkdə eyni münasibət modelini təkrarlaya bilir.
Bu baxımdan məişət zorakılığına qarşı mübarizə yalnız baş vermiş hadisələrin araşdırılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi ilə məhdudlaşmamalıdır. Əsas məqsəd zorakılığın baş verməsinə səbəb olan amillərin vaxtında müəyyən edilməsi, risk altında olan şəxslərin müdafiəsi və belə halların təkrarlanmasının qarşısının alınması olmalıdır.
Zorakılığa məruz qalan şəxsin susması, baş verənləri gizlətməsi və ya kömək istəməkdən çəkinməsi problemin olmadığı anlamına gəlmir. Bəzən maddi asılılıq, övladlarının gələcəyi ilə bağlı narahatlıq, ictimai qınaq və təzyiq zərərçəkmiş şəxsin hüquqlarını müdafiə etmək üçün müraciət etməsinə mane olur. Məhz buna görə cəmiyyətin və aidiyyəti qurumların vəzifəsi belə şəxsləri qınamaq deyil, onların təhlükəsizliyini təmin etmək, hüquqi və psixoloji dəstək göstərməkdir.
Məişət zorakılığı ilə mübarizənin mühüm istiqamətlərindən biri də erkən evliliklərin qarşısının alınmasıdır. Çünki yetkinlik yaşına çatmayan şəxsin ailə qurmağa yönəldilməsi, onun təhsil, inkişaf və sərbəst seçim imkanlarının məhdudlaşdırılması çox zaman gələcəkdə daha ciddi sosial və psixoloji problemlərin yaranmasına zəmin yaradır.
Uşaqlıq dövrü insan həyatının ən mühüm mərhələsidir. Bu dövrdə hər bir uşaq təhsil almalı, öz bacarıqlarını inkişaf etdirməli, gələcək peşəsini seçməli, fiziki və mənəvi cəhətdən sağlam şəxsiyyət kimi formalaşmalıdır. Lakin erkən evlilik bu təbii inkişaf prosesini yarımçıq qoya, uşağı yaşına uyğun olmayan ailə və məişət məsuliyyətləri ilə üz-üzə qoya bilər.
Erkən evliliyin nəticələri yalnız təhsildən yayınma ilə məhdudlaşmır. Belə münasibətlərə cəlb edilən yetkinlik yaşına çatmayan şəxslər psixoloji təzyiq, ailədaxili münaqişələr, sosial təcrid, iqtisadi asılılıq və müxtəlif sağlamlıq riskləri ilə qarşılaşa bilərlər. Xüsusilə erkən yaşda analıq məsuliyyətinin yaranması fiziki və psixoloji baxımdan əlavə çətinliklər doğurur. Beləliklə, bir uşağın gələcəyi, arzuları və potensialı vaxtından əvvəl üzərinə qoyulan məsuliyyətlərin kölgəsində qala bilər.
Bəzən erkən evliliklərə ailə ənənələri, maddi vəziyyət və ya cəmiyyətdə formalaşmış yanlış təsəvvürlər əsas gətirilərək haqq qazandırılmağa çalışılır. Lakin heç bir ənənə uşağın hüquqlarının pozulmasına, onun təhsil imkanlarından məhrum edilməsinə və gələcəyinin məhdudlaşdırılmasına bəraət qazandıra bilməz. Ənənələrin qorunması insan hüquqlarının və qanunun tələblərinin pozulması hesabına həyata keçirilməməlidir.
Erkən evliliklə bağlı ən təhlükəli məqamlardan biri də uşağın razılığının formal xarakter daşımasıdır. Ailə və yaxın çevrənin təzyiqi altında verilən qərar həqiqi azad iradənin ifadəsi sayıla bilməz. Uşağın susması, etiraz etməməsi və ya böyüklərin qərarına tabe olması onun belə bir məsuliyyətə hazır olduğunu göstərmir.
Qanunvericilik məsuliyyət müəyyən edir, cəmiyyət isə qarşısını almağa borcludur.
Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsi, ailə institutunun qorunması və uşaqların hüquqlarının təmin edilməsi dövlət siyasətinin mühüm istiqamətlərindəndir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 10.1-ci maddəsinə əsasən, ölkəmizdə nikah yaşı 18 yaş müəyyən edilmişdir. Bu tələb yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının və mənafelərinin qorunmasına xidmət edir.
Eyni zamanda, Cinayət Məcəlləsinin 176-1-ci maddəsində nikaha və ya erkən evliliyə məcbur etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Məcəllənin 176-2-ci maddəsi isə on altı yaşına çatmayan şəxsin erkən evliliyinin təşkil edilməsinə görə məsuliyyəti müəyyən edir. Qeyd olunan normalar göstərir ki, qanunvericilik erkən evliliyə yalnız sosial problem kimi deyil, həm də hüquqi məsuliyyət doğuran əməl kimi yanaşır.
Bununla yanaşı, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu zorakılıq hallarının qarşısının alınması, zərərçəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi və tibbi yardımla təmin olunması, habelə zorakılığa səbəb olan halların aradan qaldırılması istiqamətində hüquqi mexanizmləri müəyyən edir.
Lakin qanunvericilikdə məsuliyyətin nəzərdə tutulması özlüyündə problemin tam həlli demək deyil. Hüquqi normaların səmərəli tətbiqi, vətəndaşların hüquqi maarifləndirilməsi, aidiyyəti qurumlar arasında əlaqələndirilmiş fəaliyyət və ictimai məsuliyyət bu mübarizənin əsas şərtlərindəndir.
Bu istiqamətdə prokurorluq orqanlarının fəaliyyəti də mühüm əhəmiyyət daşıyır. Qanun pozuntularının araşdırılması, cinayət əlamətləri olan hallara hüquqi qiymət verilməsi, təqsirli şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunması ilə yanaşı, hüquqi maarifləndirmə və profilaktik tədbirlər də xüsusi əhəmiyyət kəsb edir. Məqsəd yalnız törədilmiş hüquq pozuntusuna hüquqi qiymət vermək deyil, həm də gələcəkdə belə halların baş verməsinin qarşısını almaqdır.
Məişət zorakılığı və erkən evliliklə mübarizə yalnız hüquq-mühafizə orqanlarının vəzifəsi deyil. Bu istiqamətdə ailələrin, təhsil müəssisələrinin, səhiyyə işçilərinin, yerli icra strukturlarının, sosial xidmətlərin, qeyri-hökumət təşkilatlarının və bütövlükdə cəmiyyətin üzərinə mühüm vəzifələr düşür.
Valideynlər övladlarının həyatına dair qərarlar qəbul edərkən onların hüquqlarına, maraqlarına və fərdi seçimlərinə hörmətlə yanaşmalıdırlar. Uşağın təhsili, dünyagörüşü və müstəqil şəxsiyyət kimi formalaşması ailənin əsas prioritetlərindən olmalıdır. Məktəblərdə və digər təhsil müəssisələrində hüquqi maarifləndirmə tədbirləri gücləndirilməli, yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının pozulması riskləri vaxtında müəyyən edilməlidir.
Eyni zamanda, hər bir vətəndaş məişət zorakılığı və erkən evlilik hallarına biganə qalmamalıdır. Belə halların gizlədilməsi, onların ailədaxili məsələ hesab edilərək müdaxilədən yayındırılması problemi daha da dərinləşdirə bilər. Şübhəli hallar barədə aidiyyəti qurumlara məlumat verilməsi, zərərçəkmiş şəxslərə dəstək göstərilməsi və uşaqların hüquqlarının müdafiəsinə həssas yanaşılması cəmiyyətin mənəvi borcudur.
Unutmamalıyıq ki, güclü ailə qorxu və itaət üzərində deyil, qarşılıqlı hörmət, etimad və bərabərlik üzərində qurulur. Uşağı erkən evliliyə yönəltmək onun gələcəyini qorumaq deyil, əksinə, seçim imkanlarını məhdudlaşdırmaqdır. Ailədə zorakılığa göz yummaq isə problemin həllinə deyil, onun davam etməsinə şərait yaratmaqdır.
Nəticə etibarilə, məişət zorakılığına qarşı mübarizə və erkən evliliklərin qarşısının alınması yalnız hüquqi tədbirlərin deyil, həm də cəmiyyətin düşüncə və davranış tərzinin dəyişməsini tələb edir. Hər bir uşağın təhlükəsiz və qayğıkeş mühitdə böyümək, təhsil almaq, öz gələcəyini sərbəst müəyyən etmək hüququ vardır. Hər bir insan isə ailəsində, yaşadığı mühitdə zorakılıqdan uzaq, ləyaqətinə hörmət edilən həyat sürməlidir.
Cəmiyyət olaraq əsas məqsədimiz də məhz bu dəyərləri qorumaq, qanunun aliliyini təmin etmək və sağlam gələcək nəsil yetişdirmək olmalıdır.
Nərgiz Hüseynli,
Bərdə rayon prokurorunun böyük köməkçisi, II dərəcəli hüquqşünas