24 noyabr 2026 23:16
51

İtaliya Avropadakı ən böyük iqtisadi tərəfdaşımızdır

Bu ölkənin Cənubi Qafqaz dövlətləri ilə ticarət dövriyyəsinin 85 faizi Azərbaycanın payına düşür

İqtisadi gücünə görə dünya ölkələri arasında ilk onluqda ( səkizinci yer) qərarlaşan İtaliyanın ölkəmizlə əməkdaşlığı hər il daha da genişlənir. Bu gün İtaliya Avropada Azərbaycanın ən vacib tərəfdaşlarından biridir. Bu ölkənin  Cənubi Qafqaz dövlətləri ilə ticarət dövriyyəsinin 85 faizi Azərbaycanın payına düşür. Azərbaycan xüsusilə enerji məhsullarını Avropa bazarına İtaliya vasitəsilə ixrac edir.  Məhz Cənub Qaz Dəhlizi vasitəsilə İtaliya bazarına «mavi yanacağ»ın ixrac edilməsi ticarət dövriyyəsinin həcminə birbaşa təsir göstərir.

Xüsusilə bu günlərdə Bakıda keçirilən Azərbaycan–İtaliya Biznes Forumu iki ölkənin iqtisadi münasibətlərinin yeni istiqamətlər üzrə genişləndirilməsi baxımından mühüm platformaya çevrilib. 250-dən çox şirkətin nümayəndələrinin iştirak etdiyi forumda ticarət və investisiya əlaqələrinin inkişafı, sənaye əməkdaşlığının gücləndirilməsi, müasir texnologiyaların tətbiqi və yeni birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani, eləcə də hər iki ölkənin dövlət qurumlarının və biznes dairələrinin nümayəndələri forumda iştirak ediblər. Forum çərçivəsində Azərbaycan və İtaliyanın dövlət qurumları, agentlikləri və şirkətləri arasında 7 sənəd imzalanıb və mübadilə edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev İtaliya Respublikasının Nazirlər Şurası Sədrinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayanini qəbul edib. Görüş Azərbaycan–İtaliya münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini və iki ölkənin strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsində qarşılıqlı marağını bir daha nümayiş etdirir.

Forumda səsləndirilən rəqəmlər Azərbaycan və İtaliya arasında iqtisadi əlaqələrin miqyasını aydın göstərir.Bildirilib ki, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 12 milyard ABŞ dollarına yaxın olub. 2026-cı ilin ilk doqquz ayında isə bu göstərici 9 milyard dolları ötüb. Mövcud dinamika nəzərə alınmaqla ilin sonunadək ikitərəfli ticarət dövriyyəsinin 12 milyard dolları keçəcəyi gözlənilir. İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşı və əsas ixrac bazarı mövqeyini qoruyur. Enerji resursları bu əməkdaşlığın əsas istiqamətini təşkil etsə də, tərəflər ticarət əlaqələrinin digər məhsul və xidmət qrupları hesabına genişləndirilməsində maraqlıdırlar.

Azərbaycan -İtaliya iqtisadi münasibətlərinin ən güclü istiqamətlərindən biri enerji tərəfdaşlığıdır. Azərbaycan qazının Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə İtaliyaya və digər Avropa bazarlarına çatdırılması bu əməkdaşlığın strateji əhəmiyyətini artırır. Hazırda  Azərbaycanın İtaliyanın enerji təhlükəsizliyindəki rolunu xüsusi vurğulanır. Ölkəmiz hazırda İtaliyanın ikinci ən böyük neft, üçüncü ən böyük təbii qaz təchizatçısıdır.

Forumda Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) İtaliyadakı investisiyaları ilə bağlı açıqlanan rəqəmlər də diqqət çəkib. Fondun icraçı direktorunun müavini Rövşən Cavadovun sözlərinə görə, ARDNF indiyədək İtaliya iqtisadiyyatına 2,8 milyard ABŞ dolları investisiya yatırıb. Bu məbləğ Fondun ümumi investisiya portfelinin təxminən 4 faizini təşkil edir. İtaliya Fondun investisiya qoyduğu ölkələr arasında ilk dördlükdə qərarlaşır. Forumda İtaliya Ticarət Palataları İttifaqının (Unioncamere) nümayəndəsi Pietro İnfante də ticarət perspektivləri ilə bağlı proqnoz açıqlayıb. Bildirib ki, İtaliyanın Azərbaycana ixracı 2026-cı ildə 490 milyon avroya, 2027-ci ildə isə təxminən 510 milyon avroya çata bilər.

Azərbaycan–İtaliya Biznes Forumunun nəticələri göstərir ki, tərəflər iqtisadi əməkdaşlığın ənənəvi enerji istiqamətindən daha geniş sahələrə yayılmasında maraqlıdırlar. Ticarət dövriyyəsinin artması, investisiya əməkdaşlığının genişlənməsi, kritik xammal və süni intellekt üzrə yeni razılaşmalar bu tərəfdaşlığın iqtisadi məzmununu dəyişir.

Elçin Zaman, «İki sahil»