25 noyabr 2026 10:21
74

Azərbaycan-İtaliya münasibətləri strateji tərəfdaşlıq müstəvisində

Ölkəmizin müxtəlif dövlətlərlə qurduğu qarşılıqlı faydalı münasibətlər sırasında İtaliya ilə əlaqələr xüsusi yer tutur. Xatırladaq  ki, Avropanın aparıcı dövlətlərindən biri olan İtaliya Azərbaycanın müstəqilliyini 1992-ci il yanvarın 1-də tanıyıb. 1997-ci ildə isə Cənubi Qafqazda ilk səfirliyini məhz Bakıda açıb. Həmin ilin sentyabrında Ümummilli Lider Heydər Əliyevin İtaliyaya ilk rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoyub. Bu səfərdən sonra siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlıq daha da genişlənib.

Azərbaycan-İtaliya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində 2014-cü ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə və 2020-ci ildə qəbul edilmiş Çoxtərəfli Strateji Tərəfdaşlığın Gücləndirilməsi haqqında Birgə Bəyannamə mühüm rol oynayıb. Bu sənədlər iki ölkə arasında əməkdaşlığın hüquqi-siyasi əsaslarını möhkəmləndirməklə yanaşı, gələcək inkişaf istiqamətlərini də müəyyənləşdirib.

 Azərbaycan-İtaliya münasibətləri qarşılıqlı etimad, dostluq və ortaq maraqlar üzərində qurulub. İtaliya Avropa İttifaqı daxilində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən, ölkəmizlə siyasi dialoqun inkişafına xüsusi əhəmiyyət verən dövlətlərdəndir. Bu gün iki ölkə arasında əlaqələr yalnız diplomatik münasibətlərlə məhdudlaşmır, iqtisadiyyat, energetika, sənaye, nəqliyyat, müdafiə, kənd təsərrüfatı, təhsil və mədəniyyət sahələrini də əhatə edir.

Noyabrın 23-də Prezident İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurası sədrinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayanini qəbul etməsi də ikitərəfli münasibətlərin gündəliyinin nə qədər geniş olduğunu göstərir. Görüşdə dövlətimizin başçısı Azərbaycanla İtaliya arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayıb. İtaliyanın Baş naziri Corcia Meloninin bu ilin may ayında Azərbaycana səfərinin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev həmin səfər çərçivəsində siyasi əməkdaşlıq, iqtisadiyyat, ticarət və digər istiqamətlərdə məhsuldar müzakirələrin aparıldığını qeyd edib. Dövlət başçısı Azərbaycanda müxtəlif sahələrdə uğurla fəaliyyət göstərən İtaliya şirkətlərinin sayının artmasından məmnunluğunu ifadə edib.

İtaliya rəsmisi isə Azərbaycanın regional sabitlik baxımından mühüm ölkə olduğunu bildirərək Azərbaycan-Avropa İttifaqı və Azərbaycan-NATO münasibətlərinin inkişafına töhfə verməyə hazır olduqlarını vurğulayıb. Görüşdə İqtisadi-ticari, enerji, müdafiə, kənd təsərrüfatı, sənaye, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin bu ilin oktyabrında Romada imzalanmış kritik xammal sahəsində strateji əməkdaşlıq haqqında Birgə Bəyannamənin əhəmiyyəti qeyd edilib. Bütün bunlar göstərir ki, Bakı ilə Roma arasında tərəfdaşlıq ənənəvi əməkdaşlıq sahələrindən kənara çıxaraq yeni istiqamətlər üzrə genişlənir.

İkitərəfli münasibətlərin əsas göstəricilərindən biri iqtisadi-ticarət əlaqələrinin dinamik inkişafıdır. Hazırda İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 12 milyard dollara çatıb. 2026-cı ilin ilk doqquz ayında isə bu göstərici 9 milyard dollar təşkil edib. Mövcud dinamika nəzərə alınmaqla ilin sonunadək ikitərəfli ticarət dövriyyəsinin 12 milyard dolları keçəcəyi gözlənilir. Bu rəqəmlər İtaliyanın Azərbaycan iqtisadiyyatında, xüsusilə ixrac və enerji sahəsində mühüm yer tutduğunu təsdiqləyir.

Azərbaycanda sənaye, tikinti, kənd təsərrüfatı, nəqliyyat, ticarət və xidmət sahələrində İtaliya kapitallı təxminən 130 şirkət fəaliyyət göstərir. İtaliya şirkətlərinin ölkəmizdə həyata keçirdiyi layihələr iqtisadi əməkdaşlığın praktiki nəticələrini nümayiş etdirir. Xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında İtaliya şirkətlərinin iştirakı diqqətəlayiqdir. Bu gün həmin şirkətlər azad edilmiş ərazilərdə 23 layihənin icrasında iştirak edib və etməkdədir. Xarici ölkələrin şirkətləri arasında İtaliyanın bu istiqamətdə ön sıralarda olması ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın miqyasını göstərir. Digər tərəfdən, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) İtaliya iqtisadiyyatına yatırdığı uzunmüddətli investisiyalar da qarşılıqlı iqtisadi maraqların göstəricisidir. Məlumat üçün xatırladaq ki, ARDNF indiyədək İtaliya iqtisadiyyatına 2,8 milyard ABŞ dolları investisiya yatırıb. 

Azərbaycan-İtaliya əməkdaşlığının genişlənməsində müqavilə-hüquq bazasının da mühüm rolu var. İndiyədək iki ölkə arasında müxtəlif sahələri əhatə edən 65 sənəd imzalanıb. Hazırda daha 20 sənəd tərəflərin baxışındadır. Bu sənədlərin razılaşdırılması və imzalanması əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafına əlavə imkanlar yaradacaq.

Təbii ki, Azərbaycan-İtaliya münasibətlərinin əsas sütunlarından biri enerji əməkdaşlığıdır. Hazırda Azərbaycan İtaliyanın neft təchizatında ikinci, təbii qaz təchizatında isə üçüncü yerdədir. Bu göstəricilər ölkəmizin İtaliyanın enerji təminatında mühüm tərəfdaş olduğunu təsdiqləyir.

Cənub Qaz Dəhlizi bu əməkdaşlığın ən mühüm layihələrindəndir. Dəhlizin Avropa hissəsini təşkil edən Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Azərbaycan qazının İtaliyaya və digər Avropa ölkələrinə çatdırılması enerji təchizatının şaxələndirilməsinə, alternativ mənbələrin artırılmasına və enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir. Qeyd edək ki, TAP-la indiyədək Avropaya təhlükəsiz şəkildə 64 mlrd. kubmetr təbii qaz nəql edib.

İki ölkə arasında əməkdaşlıq artıq ənənəvi neft-qaz sahəsi ilə məhdudlaşmır. Bərpaolunan enerji, yaşıl enerji dəhlizləri, elektrik enerjisinin ötürülməsi və yeni texnologiyalar da qarşılıqlı maraq doğuran istiqamətlər sırasındadır.

Noyabrın 23-də Bakıda keçirilən Azərbaycan-İtaliya Biznes Forumu da iqtisadi əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Forumda hər iki ölkədən 250-dən çox şirkət və biznes assosiasiyasının nümayəndələri iştirak edib. Tədbirdə enerji ilə yanaşı, kritik xammallar, infrastruktur, nəqliyyat-logistika, qabaqcıl istehsal, rəqəmsal texnologiyalar və digər sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub. İtaliya xarici işlər naziri Antonio Tayaninin açıqlamasına görə, tərəflər kritik xammallar sahəsində üçüncü ölkələrdə birgə təşəbbüslərin həyata keçirilməsini nəzərdə tutan anlaşma memorandumu üzərində də işləyirlər. Həmin Forum çərçivəsində Azərbaycan və İtaliyanın dövlət qurumları, agentlikləri və şirkətləri arasında 7 sənəd imzalanıb və mübadilə edilib.

Bütün bunlarla yanaşı, Azərbaycan-İtaliya münasibətlərində təhsil və humanitar əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. Ötən il İtaliya dövlətinin başçısının iştirakı ilə Bakı şəhərində Azərbaycan-İtaliya Universitetinin ilk tədris korpusunun açılışı iki ölkə arasında elmi, akademik və mədəni əlaqələrin inkişafına yeni imkanlar açıb. Bu, strateji tərəfdaşlığın yalnız bugünkü maraqlara deyil, gələcək nəsillərin əməkdaşlığına da hesablandığını göstərir.

Beləliklə, Azərbaycan-İtaliya münasibətləri tarixi dostluq ənənələrindən qaynaqlanaraq bu gün çoxşaxəli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Siyasi dialoq, iqtisadi-ticarət əlaqələri, enerji təhlükəsizliyi, investisiya layihələri və humanitar əməkdaşlıq bu münasibətlərin əsas istiqamətlərini təşkil edir. İtaliyanın Azərbaycanın Avropa ilə əlaqələrinin genişlənməsindəki rolu, ölkəmizin isə İtaliyanın enerji təhlükəsizliyinə verdiyi töhfə tərəfdaşlığın qarşılıqlı xarakterini nümayiş etdirir. Mövcud siyasi iradə, iqtisadi potensial və ortaq maraqlar isə Azərbaycan-İtaliya strateji tərəfdaşlığının qarşıdakı illərdə daha da genişlənəcəyini göstərir.

Qvami Məhəbbətoğlu, “İki sahil”