24 fevral 2022 12:07
583

Masallıda Xocalı soyqırımı mövzusunda tarix dərsi təşkil edilib - FOTO


Masallı Tarix-Diyarşünaslıq Muzeyində Xocalı soyqırımının otuzuncu ildönümünə həsr olunmuş “Əsrin faciəsi” adlı tarix dərsi keçirilib. Dərsdə “Dəfinə” məktəb-liseyinin şagirdləri iştirak ediblər.

Tarix dərsi Xocalı soyqırımı qurbanlarının və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Muzeyin əməkdaşı Dilgüşə Məmmədova otuz il bundan əvvəl Xocalı sakinlərinə qarşı erməni silahlı birləşmələrin və Sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə törədilən faciənin dəhşətlərindən şagirdlər üçün geniş məruzə edib. O, Xocalı faciəsini təkcə ildönümündə deyil, hər zaman xatırlanmasını şagirdlərə tövsiyə edib.

Sonra muzeyin direktoru Əntiqə Tağıyeva XX əsrin soyqırım və etnik təmizləmə tarixinə yazılmış qanlı səhifələrdən biri olan Xocalı faciəsi günahkarlarının tarix mühakiməsi qarşısında cavab verəcəklərini deyərək, xalqımıza qarşı törədilən bu cinayətin siyasi-hüquqi müstəvidə tanıdılmasında fəal olmağımızın vacibliyindən də danışıb.

Daha sonra məktəblilər Muzeydə və Qalereyada Xocalı soyqırımına həsr olunmuş sərgi ilə tanış olublar.

Əlihüseyn Şükürov