24 fevral 2022 15:32
683

Aqiyə Naxçıvanlı şəhid ailələri ilə görüşüb

Oğuza hər gəlişində ziyarətini Oğuzun “Şəhidlər Xiyabanı”ndan başlayan deputat Aqiyə Naxçıvanlı bu müqəddəs yeri tərk etdikdən sonra birbaşa Oğuzun kəndlərində yaşayan şəhid ailələrinə baş çəkmişdir. Məqsəd şəhid əzizlərini dinləmək, xahiş və istəklərini öyrənmək, onlara dəstək olmaq idi. İlk ünvan Dəymədərə kənd sakini Məmmədov Asif Kamal oğlunun evi idi. Asif Məmmədov Vətən Müharibəsində yeganə oğlu Abid Məmmədovu şəhid vermişdi.

“İki sahil” xəbər verir ki, deputatı qarşılayan şəhid anası Rübabə Məmmədova Aqiyə Naxçıvanlıya Oğuzdaki şəhid ailələrini hər bayramda, əlamətdar günlərdə daim diqqətdə saxladığı üçün minnətdarlığını bildirmiş, ürək sözlərini demək üçün onu evə dəvət etmişdir. Çay sürfəsi arxasında Rübabə ana oğlu Abidin Vətən müharibəsi başlayan gündən könüllü cəbhəyə getməsi, döyüşlərdə rəşadətlə vuruşması, elinə-obasına olan bağlılığından danışmışdır. Abid Murovdağda Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış və Dəymədərə kəndində dəfn olunmuşdur. Şəhidin xatirəsinə kəndin girəcəyində bulaq kompleksi tikilmişdır. Məlum hadisədən sonra şəhidin atası Asif Məmmədov şəkər və yüksək təzyiqlə müşahidə olunan nevroloji xəstəliyə tutulmuş, dövlətimizin diqqət və qayğısı nəticəsində onun müalicəsi müxtəlif xəstəxanalarda təşkil edilərək, ağırlaşma hallarının qarşısı vaxtında alınmışdır. İndi isə onun respublikamızın hər hansı nevroloji yönümlü sanatoriyalarından birində müalicəsinə ehtiyac vardır. Deputat Aqiyə Naxçıvanlı onun müraciətini qeydə alaraq qisa zaman ərzində təyinatı üzrə sanatoriyalardan birinə göndərilməsi üçün köməklik göstərəcəyini bildirmişdir.

Ziyarət olunan digər ailə Padar kəndindən şəhid Şirəlizadə Süleyman İlham oğlunun ailəsi idi. Deputat Aqiyə Naxçıvanlını şəhidin atası Şirəlizadə İlham qapıda qarşılayaraq həyətə dəvət etdı. Onunla söhbət zamanı məlum oldu ki, oğlu Süleyman Vətən müharibəsində igidlik və mərdlik göstərərək Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Süleyman Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara görə cənab Prezidentimiz tərəfindən “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Ailə onlara hər yerdə hörmət ehtiramla yanaşıldığını, dövlətimizin şəhid ailələrini heç bir zaman diqqətsiz qoymadığını bildirmişdir. Elə bunun bariz nümunəsi olaraq buğun Oğuzun deputatının onu gəlib həyətində ziyarət etməsini, problem və qayğıları ilə maraqlanmasını misal çəkmişdir. Aqiyə Naxçıvanlı bunu hər bir azərbaycanlının vətəndaşlıq borcu olduğunu qeyd etmişdir.

Növbəti baş çəkilən şəhid ailəsi tank komandiri gizir Tural Məmmədovun ailəsi oldu. Şəhid Tural Məmmədov 1 may 1995-ci ildə Oğuz rayonunun Sincan kəndində anadan olmuşdur. 2013-cü ildə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətini başa vursa da Orduda xidmətini davam etdirmişdir. Tural Məmmədov 2016-cı ildə Aprel döyüşlərində və 2020-ci il sentyabrın 27-də düşmənin növbəti dəfə ərazilərimizə hücumuna qarşı Azərbaycan ordusunun əkshücum əməliyyatları zamanı başlayan 2-ci Qarabağ Müharibəsində qəhrəmanlıqla iştirak etmişdir. Tural Suqovuşanın, Talış kəndinin azad olunması uğrundakı döyüşlərdə iki dəfə yaralanmış, həkimdən icazəsi olmasına baxmayaraq yaralı-yaralı yenidən döyüşlərə qatılmışdır. Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Deputata Tural haqqında danışan Arif kişi o günləri belə xatırlayir: Turalı hərbi hospitaldan evə göndərmişdilər. Boğazından ciddi yaralanmışdı. Hec suyu belə rahat içə bilmirdi, o ki qalmışdı anası ona bişirən yeməkləri yesin. Gecə yarısı durdu, gəlib məni oyatdı və israrla dedi: “Ata məni hərbi hissəyə apar, mən qardaşlarımı tək qoya bilmərəm”. Onsuz da Tural evdə qalmayacaqdı. Əlacsız qalıb onu apardım. Bu isə onun son gedişi oldu... Onun gedərkən dediyi sözlər isə baş daşına həkk olundu: Yaxşı atanın oğlu olmaqdansa, yaxşı oğul atası olmaq yaxşıdır, Ata!  Şəhadətindən sonra Tural göstərdiyi qəhrəmanlıqlara görə cənab Prezidentimizin fərmanı ilə  4 medala layiq görülüb. Şəhid atası söhbətində dəfələrlə Ali Baş Komandan İlham Əliyevə təşəkkürünü bildirdi, ona can sağlığı arzuladı. Onun qətiyyəti sayəsində vətən torpaqlarının azad olunduğunu, oğlu Turalın və  bütün şəhidlərin qanının yerdə qalmadığını vurğuladı.

Deputat Aqiyə Naxçıvanlının şəhid ailələri ilə görüşləri önümüzdəki günlərdə də davam edəcək.