24 fevral 2022 16:19
766

Göyçay Heydər Əliyev Mərkəzində şəhidlər haqqında hazırlanan sənədli film təqdim edilib - FOTO

Fevralın 24-də 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev əraziyə növbəti səfərini edib.

“İki sahil” xəbər verir ki, millət vəkili görüşlərdən öncə Göyçay rayonunda Ümummili Lider Heydər Əliyevin abidəsi önünə güllər düzərək ruhunu dərin ehtiramla yad edib.

Səfər çərçivəsində İkinci Qarabağ – Vətən Müharibəsi zamanı qəhrəmanlıq göstərən igid övladlarımız, tariximizdə iz qoyan, qürur mənbəyimiz olan şəhidlərimiz haqqında M.Əfəndiyevin təşəbbüsü ilə hazırlanan sənədli film Göyçay Heydər Əliyev Mərkəzində şəhid ailələri və rayon fəallarına təqdim edilib.

Görüşdə ilk öncə Azərbaycanın suverenliyi uğrunda canından keçən şəhidlərimizin ruhları dərin ehtiramla yad edilib.

Filmin təqdimatının Ermənistan hökuməti tərəfindən düşünülmüş terror siyasətinin bir hissəsi olan Xocalı hadisələrinin 30 illiyi ərəfəsinə təsadüf etməsi xüsusi vurğulanaraq istər Birinci, istərsə də İkinci Qarabağ-Vətən Müharibəsi zamanı həlak olmuş igid soydaşlarımızın qanlarının yerdə qalmadığı ilə bağlı fikirlər səsləndirilmişdir.

Deputat qeyd edib ki, Azərbaycan tarixini öz qanları ilə yazan Müzəffər Azərbaycan Ordusunun əsgərləri Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi altında Ikinci Qarabağ – Vətən Müharibəsində işğal altında olan torpaqlarımızı düşməndən azad etdilər: “Müzəffər Azərbaycan Ordusunun əldə etdiyi Qələbə xalqımızın yenilməzliyini bütün dünyaya nümayiş etdirdi. Təəssüflər olsun ki, bu müharibə də qurbanlarsız ötüşmədi. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igidimiz qazi adını qazandı”.

Daha sonra Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə göstərdikləri yüksək diqqət və qayğı, bu istiqamətdə Milli Məclisdə qəbul edilən yeni qanun layihələri haqda deputat tərəfindən məlumat verilib. M.Əfəndiyev hökumət tərəfindən uzun illərdir uğurla icra olunaraq həssas təbəqələri əhatə edən sosial siyasət sahəsinə Azərbaycan xalqının hər bir nümayəndəsinin öz töhfəsini verməsinin, bu istiqamətdə səylərimizi əsirgəməməyimizin vacibliyini vurğulayaraq şəhid və qazi ailələrinin yanında olmağın, şəhidlərimizin xatirəsinin daim uca tutulmasının hər bir azərbaycanlının mənəvi borcu olduğunu xüsusi qeyd edib.

Bu istiqamətdə aparılan işlər çərçivəsində millət vəkili təmsil etdiyi 89 saylı Göyçay-Ağdaş seçki ərazisindən böyük həvəslə, coşqu və vətənpərvərliklə könüllü olaraq cəbhəyə getmiş, düşmənlə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmış qardaşlarımız haqda hazırlanan və təqdim edilən sənədli filmin uzun illər ötsə də qəhrəmanlıq göstərən igid övladlarımızın hər zaman bu gunki kimi anılmasına öz töhfəsini verəcəyindən əminliyini bildirdi.

Filmin təqdimatından sonra tədbir iştirakçıları bu təşəbbüsünə görə Məzahir Əfəndiyevə minnətdarlıqlarını bildirərək filmin ərazi üzrə təbliği işində öz səy və bacarıqlarını əsirgəməyəcəklərini vurğulayıblar.