24 fevral 2022 17:06
808

Bir gecənin müsibəti: O gecə göydən Xocalıya qan yağmışdı

Fevralın 24-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş  anım tədbiri  keçirildi.

Tədbir iştirakçıları əvvəlcə Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Tədbiri giriş sözü ilə açan məktəbin müəlliməsi Afaq Qasımova Xocalı soyqırımı haqqında məlumat verərək bildirdi ki, Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biridir: “XX əsrin ən dəhşətli və qəddarcasına törədilmiş müsibəti olan bu hadisə məqsədli şəkildə həyata keçirilib. Bu soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər. Ermənistan silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ dollarından artıq ziyan vurulub.”

A.Qasımova vurğuladı ki, Ermənistan tərəfindən Azərbaycan Respublikasına qarşı başlanan müharibənin səbəbləri və nəticələrinin ümumi qiymətləndirilməsi, Xocalıdakı faciəvi hadisələrin bütün mövcud faktları qəti şəkildə sübut edir ki, Azərbaycanın bu şəhərində törədilmiş cinayətlər sıradan və təsadüfi hərəkət deyil, Ermənistanın sistemli zorakılıq siyasətinin tərkib hissəsidir. Xocalıdakı mülki insanların məqsədyönlü qırğını, sadəcə, azərbaycanlı olduqları üçün onların kütləvi məhvinə yönəlmişdi. Beynəlxalq hüquqa görə belə hərəkətlər soyqırımı anlayışına uyğundur və dünya ictimaiyyəti tərəfindən bu cür tanınmalıdır.

44 günlük  Vətən müharibəsində qazanılan Zəfərə toxunan A.Qasımova bildirdi ki, Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrundağ mübarizədə daha da mətinləşdi, qəhrəmanlıq və dəyanət göstərdi. 30 ildən sonra işğal altında olan torpaqlarımızın azadlığına nail olaraq xalqımız mübarizə əzminin qırılmadığını bir daha nümayiş etdirdi. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və qalib Ordumuzun əzmi sayəsində 44 günlük Vətən müharibəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdı.

Daha sonra tədbirdə çıxış edən Qarabağ müharibəsinin qadın qazisi, polis mayoru Aidə Şirinova  qeyd etdi ki, əslində Xocalı insanlığın faciəsidir: “Mənfur düşmənin Xocalıda yaşatdıqları insanlıq ayıbı, namərd qonşu xəyanətidir, kürəyə saplanan zəhərli xəncər, ən alçaq və namussuz təcavüzdür. Bu ləkəni ermənilər heç vaxt əllərindən, üzlərindən, vicdanlarından yuya bilməyəcəklər.”

A.Şirinova Qarabağ müharibəsinin odlu-alovlu günlərini, müharibədə şahid olduqlarını xatırlayaraq xalqımızın üzləşdiyi faciələrdən və cəlb olunduğu müharibənin vurduğu yaralardan, gətirdiyi fəlakətlərdən bəhs etdi. O, gəncləri döyüşkən və yenilməz olmağa çağırdı: “Tariximizin Xocalı müsibətini heç zaman unutmamalıyıq və həm gənc nəslə, həm də dünyaya  olduğu kimi çatdırmalıyıq. Xocalı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırmaq istiqamətində gənclərin də  üzərinə mühüm vəzifələr düşür. Gənclərin dərk etməsi vacib olan şey budur ki, üzərlərinə düşən məsələ Xocalı hadisəsini daim təbliğ etmək, Xocalı qurbanlarını həmişə diqqətdə saxlamaq və xatırlamaqdır”.  

Xocalı faciəsi zamanı valideynlərini, qardaşını və nənəsi itirən Mürsəl İlyasov isə 30 il öncə fevralın 25-dən 26-na keçən gecə baş verənləri, yaşadığı iztirabları bir daha xatırladı. Gözlərinə ömürlük həkk olunmuş insanlığa sığmayan vəhşiliklərin dəhşətli mənzərəsini, ürəyində yara bağlamış faciəvi günün ağrı-acısını daşıyan əsir şahid ermənilərin o qandonduran əməllərindən dəhşətlə danışırdı.  Mürsəl qanlı qətliamdan sağ çıxmağı möcüzəyə bənzətdi: “Erməni vandallarının onların evlərini yandırması, qardaşlarını, atasını, qohum-əqrəbalarını öldürməsi hələ də gözümün qabağından getmir. Bədənimdəki yaralar həmin dəhşətli gecəni hər gün xatırladır.”

O, dedi ki, Azərbaycanın şanlı Zəfəri ilə faciənin günahsız qurbanları və girovluqda ölənlərin qisası alınıb: “Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. İndi biz Xocalıya getmək arzusu ilə yaşayırıq”.

Tədbirdə Xocalı soyqırımını əks etdirən müxtəlif videoçarxlar nümayiş olunub. Həmçinin, məktəbin müəllimləri Nemət Qasımov və Kamal Natiqoğlu solo ifaları ilə çıxış etdilər.

Sonda Ülfət Həsənlinin müşayiəti ilə Zəlimxan Yaqubun “Şəhid qanı” şeiri səsləndirildi.

Yaqut Ağaşahqızı, “İki sahil”