Milli Məclisin deputatı Məzahir Əfəndiyev Göyçay rayonunun İkinci Qarabağ-Vətən Müharibəsi şəhidi Əhmədov Ayaz Elson oğlunun ailəsini ziyarət edərək şəhidimizin doğum gününü dərin hüznlə anıb.
Şəhid ailəsinə başsağlığı bildirilərək şəhidimizin ruhu hüznlə yad edilib. İkinci Qarabağ-Vətən müharibəsində Azərbaycan xalqının vətənpərvərliyinin, əzminin bütün dünyaya nümayiş etdirildiyi, Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun xalqımıza yaşatdığı Möhtəşəm Qələbə nəticəsində bütün şəhidlərimizin, qəhrəmanlarımızın qanının yerdə qalmadığı vurğulanıb.
Qeyd edək ki, yaşasaydı Ayazın 22 yaşı tamam olacaqdı. Şəhid Ayaz Elson oğlu Əhmədov 4 mart 2000-ci il tarixində Göyçay şəhərində ziyalı ailəsində anadan olmuşdur.
6 iyul 2018-ci ildə hərbi xidmətə yollanan Ayaz ağır artilleriya üzrə manqa komandiri olmuş, 2020-ci il yanvarın 6-da hərbi xidmətini başa vurmuşdur.
2020-ci il sentyabrın 21-də qismən səfərbərlik zamanı təlimlərə cəlb olundu və sentyabrın 27-də başlanan İkinci Qarabağ – Vətən Müharibəsi zamanı torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda başlanan haqq savaşımıza qoşuldu.
7 oktyabr 2020-ci il tarixində Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamına əsasən Əhmədov Ayaz ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Orxan Vahidoğlu, “İki sahil”