05 mart 2022 21:24
1067

Lənkəranın Şıxəkəran kəndində səyyar qəbul-görüş keçirilib

Vətəndaş müraciətlərinə həssaslıqla baxılması, ortaya çıxan   məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı ölkə başçısının qarşıya qoyduğu vəzifələr Lənkəran ŞİH rəhbərliyinin  tərəfindən uğurla həyata keçirilir. İcra başçısının və aparatın rəhbər işçilərinin keçirdikləri şifahi qəbullarla yanaşı, bu günlərdə  isə mövcud problemləri yerindəcə öyrənib həllini yola qoymaq  məqsədilə  rayonda səyyar qəbul-görüşləri təşkil olunur.

COVID-19 pandemiyasından  sonra ilk səyyar qəbul-görüş  rayonun Şıxəkəran kəndində baş tutdu.  Şəhər İcra hakimiyyəti başçısı aparatının, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət idarələrinin və xidmət təşkilatlarının rəhbər işçilərinin iştirakı ilə keçən səyyar qəbul-görüşü sakinlər razılıqla qarşıladılar. Səyyar qəbulda sakinlərin tam sərbəst şəkildə söylədikləri arzu və təkliflər həssaslıqla dinlənildi, onların qaldırdığı  məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq  bəzi tədbirlər görüldü, həlli   vaxt tələb edən məsələlər isə  nəzarətə götürülməklə  aidiyyəti təşkilat rəhbərlərinə  müvafiq tapşırıqlar verildi. 

Səyyar qəbul-görüşündə  icra  başçısı Taleh Qaraşov əhali qarşında çıxış  etdi: “Pandemiya dövrünün  bütün çətinliyinə  baxmayaraq cənab Prezidentin müdrik səyləri  hesabına  həyata keçirilən uğurlu daxili və xarici siyasətin  nəticəsi olaraq xalqımızın  ən ümdə arzuları gerçəkləşdi, hər bir Azərbaycan vətəndaşının xoş rifahına xidmət   edən işlər görüldü. 44 günlük Vətən müharibəsində cənab Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə müzəffər Milli Ordumuz düşməni məhv edib Vətən torpaqlarını işğaldan azad etdi.  Uğurlu siyası kursun  bəhrəsidir  ki, hazırda  azad olunmuş ərazilərdə  nəhəng quruculuq işləri başlanıb.”

Səyyar qəbulun təşkilindən  razılıq  edən kənd sakinlər Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülən işləri, xüsusilə  yaşayış məntəqələrə kütləvi şəkildə “mavi” qazın çəkilişini,  magistral yollara asfalt döşəməsini , elektrik enerjisinin fasiləsiz  təşkilini, içməli su xəttinin çəkilişini və Şıxəkəran kənd tam orta məktəbi üçün ən müasir  tələblərə cavab verən ikimərtəbəli yaraşıqlı məktəb binasının tikilib istifadəyə verməsini  dilə gətirdilər, bütün bunlara görə ölkə Prezidenti və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ünvanına minnətdarlıq dolu xoş sözlər söylədilər.

Zəfər Orucoğlu,
Azərbaycan  Jurnalistlər Birliyinin üzvü