8 mart 2022-ci il tarixində YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Vətən Müharibəsi Qəhrəmanı şəhid Mansurov Elçin Elşad oğlunun ailəsini ziyarət edib. Namiq Əhmədov şəhidin anası Məleykə xanım Mansurovanı bayram münasibətilə təbrik edib və ona hədiyyələrini təqdim edib.
“İki sahil” xəbər verir ki, şəhidin anası Məleykə xanım Mansurova dövlətin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan söz açılıb və buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirib.
YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov şəhidin ailəsinə bir daha dərin hüznlə başsağlığı verərək, səbr diləmiş, eləcə də Azərbaycan Ordusunun qüdrətindən, Şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaətdən və vətənpərvərliklərindən söz açmış, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildirmişdir: "Bu gün rayonumuzda yaşayan şəhid ailələrinin, qazilərimizin, eləcə də müharibə iştirakçılarının hər birinin qayğıları bizim qayğılarımızdır. Dövlət başçımız cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa diqqəti və qayğısı sayəsində dövlətimiz tərəfindən hər bir şəhidin Vətən naminə xidmətləri yüksək qiymətləndirilir, xatirələri əbədiləşdirilir".
Qeyd edilib ki, Şəhid Vətən Müharibəsi Qəhrəmanı Mansurov Elçinin adının əbədiləşdirilməsi məqsədilə onun ailəsinin Binə qəsəbəsindəki yaşadığı küçəyə adı verilmiş, göstərici lövhələr vurulmuşdur. Nazirlər Kabinetinin qərarı ilə isə Binə qəsəbəsində yerləşən 88 saylı tam orta məktəbə onun adı verilmişdir.