29 mart 2022 16:32
781

YAP Cəlilabad rayon təşkilatının ərazi partiya təşkilatlarının yeni tərkibi seçilib - FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Cəlilabad rayon təşkilatının Hamarqışlaq və Sərhədabad  ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.

Tədbirlər başlamazdan öncə ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Sonra ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib. Məruzələr ətrafında  müzakirələr aparılıb və ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətləri qənaətbəxş hesab olunub.

İclaslarda təşkilati məsələlərə də baxılıb və iclas iştirakçıları tərəfindən ərazi partiya təşkilatlarına sədrlər və sədr müavinləri seçilib.

Sonda iclaslarda iştirak edən YAP Cəlilabad rayon təşkilatının nümayəndəsi partiyanın yeni Proqramı barədə ətraflı məlumat verib. O, yeni seçilən sədrləri və sədr müavinlərini təbrik edərək işlərində uğurlar arzulayıb və YAP üzvlərini partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.

Cavid Əkbərov, “İki sahil”