Monidigah dağlar diyarı Lerik rayonun iri kəndi sayılır. Burada dövlətə sədaqət, doğma torpağa bağlılıq, halal zəhmətlə yaşamaq əsas şərtdir. Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev tərəfindən rayonun hüquq mühafizə orqanlarının, xidmət təşkilatları və aidiyyəti idarə rəhbərləri ilə birgə növbəti səyyar qəbul Monidigah kənd inzibati ərazi dairəsinin sakinləri ilə oldu və hər iki tərəf bu görüşdən razı qaldı.
C.Baxşıyev əhali qarşısında çıxışında cənab Prezident tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəlməsinə yönəldilmiş qərarlardan, o cümlədən minimum əmək haqları və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artmasında danışdı. Həm də rayonda və Monidigah ərazisində son illərdə həyata keçirilən tikinti-quruculuq, abadlıq işləri, açılan yeni iş yerləri barədə məlumat verdi, qarşıda duran vəzifələri qeyd etdi.
Daha sonra kənd sakinlərinin təklifləri və problemləri dinlənildi və onları narahat edən bəzi məsələlər yerindəcə öz həllini tapdı. Bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.
Rayonda, o cümlədən Monidigah ərazisində aparılan abadlıq və yenidənqurma işlərdən razılığını ifadə edən vətəndaşlar onların müraciətlərinə xüsusi diqqət göstərildiyi üçün ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıqlar etdilər.
Zəfər Əliyev,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü