05 aprel 2022 18:45
1186

Qalib idmançılarla görüş

Cənub bölgəsinin mirvarisi sayılan Lənkəranda  idmanın bütün növlərində əldə olan uğurlar bir-birini  əvəz edir. Rayon idmançılarının  respublika, Avropa, Dünya çempionatlarında qazandığı qələbələrin sayı çoxdur. Burada   idmançılarla keçirilən görüş də məhz bu səbəbdən irəli gəlirdi. Belə ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun təşkil etdiyi görüşün qonaqları isə beynəlxalq, eləcə də respublika,  Avropa  yarışlarında qazandığı yüksək nəticələri hesabına  cənub bölgəsini sevindirən  idmançılar və onların məşqçiləri idilər.

Rayon idmançıların  hər qazanan qələbəsindən qürur hissi keçirən icra başçısı dedi:- Prezidenti, Milli Olimpiya Komitəsinin sədri  İlham Əliyevin və  Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində ölkədə idmanın, eləcə də bədən tərbiyəsinin inkişafı sahəsində böyük inkişafa nail olunub.  İdmanın inkişafından ötrü görülən əməli işlər, bununla bağlı həyata keçirilən Dövlət Proqramları, yeni tikilən Olimpiya İdman Kompleksləri, stadionlar, saysız-hesabsız idman qurğuları,  ölkədə yüksək səviyyədə təşkil olunan beynəlxalq yarışlar  Azərbaycanı dünyada   idman ölkəsi kimi tanıtdırıb. Azərbaycan idmançılarının  dünya, Avropa çempionatlarda , Olimpiya oyunlarında,  beynəlxalq yarışlarda qazandıqları parlaq qələbələr göstərilən qayğıların nəticəsidir.

Lənkəranlı idmançılar da bu qayğıdan ruhlanaraq respublika  və beynəlxalq yarışlarda sevindirici nəticələr əldə etməsi ,  rayonumuzun idman şərəfini ləyaqətlə qoruması, xüsusilə Bolqarıstanda keçirilən yunan-roma güləşi üzrə sonuncu Avropa çempionatında  Xasay  Həsənlinin qalib kimi fəxri kürsünün ən yüksək pilləsinə qalxması, qazandığı qələbənin şərəfinə bayrağımızın yüksəlməsi, himnimizin oxunması  hər bir rayon sakini üçün olduqca şərəfdir. Qazanan qələbələr münasibətilə qalib idmançıları, məşqçiləri bir daha təbrik edirəm, qarşıdakı yarışlarda sizə yeni-yeni uğurlar arzulayıram.

Görüşdə  idmançılar, onların məşqçilər də  çıxış etdilər. Danışanlar idman uğurlarını dilə gətirdilər,  respublikada onun inkişafına, idmançılara göstərilən əvəzsiz qayğıya görə dövlət başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdilər.  

Görüşün sonunda bir qrup idmançıya və məşqçiyə  fəxri fərmanlar, pul mükafatları verildi, icra başçısı görüş iştirakçıları ilə birgə xatirə şəkli çəkdirdi.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü