Bu gün Azərbaycanda bütün idman növləri arasında güləş xüsusi yerə malikdir. Güləş milli idman növüdür. Həm sovet dövründə, həm də müstəqillik dövründə güclü güləşçilərimiz olubdur Güləşçilərimiz Azərbaycanı hər zaman müxtəlif yarışlarda ləyaqətlə təmsil ediblər. Güləşin ənənələri Azərbaycanda kifayət qədər güclüdür və indi də gənc nəsil bu ənənələri davam etdirir.
Bu yaxınlarda Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatında gənc güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atdılar. Sonra Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimiz bir daha xalqımızı sevindirmişlər, böyük qələbə ilə Vətənə qayıtmışlar. 16 medal qazanmış idmançılar bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmışlar.
Avropa çempionatında medalların birini qadın idmançımız, qalanlarını isə sərbəst güləş və yunan-Roma güləşi üzrə komandalarımız qazandı. Beləliklə həm sərbəst güləş, həm yunan-Roma güləşi üzrə komandalarımız Avropada birinci oldular.
Həm gənclər, həm böyüklər arasında Avropada birinci yeri tutmaq böyük nailiyyətdir və onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil yetişir. Əldə olunan uğurlar ölkəmizin və idmanımızın beynəlxalq nüfuzunu artırır.
Bu gün Azərbaycan dövləti gənc nəslin vətənpərvərlik ruhunda, milli dəyərlər əsasında tərbiyə alması üçün üçün bütün imkanlardan istifadə edir. Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır və dünyada nadir ölkələrdəndir ki, öz taleyini özü həll edir, müəyyən edir, öz siyasətini müstəqil şəkildə aparır və istər döyüş meydanlarında, istər siyasi arenalarda qələbə qazanır.
44 günlük Vətən müharibəsində Azərbaycan əsgəri düşmənə döyüş meydanında cavab vermişdir. Ədalət, eyni zamanda, mərhəmət, məğlub edilmiş tərəfə müəyyən dərəcədə mərhəmət hisslərinin göstərilməsi də xalqımıza xas olan xüsusiyyətlərdən biridir. Əsas odur ki, biz düşməni və ya idman rəqibini məhz qaydalar çərçivəsində, ləyaqət prinsipi əsasında məğlub etməliyik. İdman yarışlarındafeyr-pley anlayışı unudulmamalıdır və Azərbaycan idmançıları bu prinsiplərə həmişə əməl etməlidirlər. Çünki bu, qələbədən də vacibdir. Qələbə, əlbəttə, hər bir idmançı üçün çox önəmlidir. Halal qələbəni idmançılarımız öz istedadı, zəhməti hesabına qazanıb.
Bütün bu uğurlar Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş idmana, gənclərimizin sağlamlığına yüksək diqqət və qayğı siyasətinin cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi sayəsində əldə olunub. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, idmançılara göstərilən diqqət və qayğı, ölkəmizdə ən yüksək standartlara cavab verən mükəmməl idman infrastrukturu qarşıdakı illərdə daha böyük nailiyyətlərin qazanılacağına güclü zəmin formalaşdırır.
Elman Şərəfxanov,
Naftalan şəhər Gənclər və İdman İdarəsinin rəis müavini