11 aprel 2022 18:59
1038

“Davam”çı Gənclərin Birinci Forumu keçirilib FOTO

Aprelin 11-də Nizami Kino Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Davam” Gənclər Hərəkatının (GH) təşkilatçılığı ilə “Davam”çı Gənclərin Birinci Forumu keçirilib.

“Davam” Hərəkatının ölkənin gənclər siyasətində oynadığı rola, görülən işlərə, hədəf və perspektivlərə həsr olunmuş Forumda Prezident Administrasiyasının nümayəndələri, nazir müavinləri, Milli Məclisin deputatları, ali təhsil müəssisələrinin rektorları, Hərəkatın katibliyi, ictimai xadimlər, gənc iş adamları, gənclər təşkilatlarının və media nümayəndələri və 200-dən çox gənc iştirak ediblər.

Forumun əvvəlində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı Hərəkatın ötən dövrdəki fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış edib, görülən işlər, hədəf və perspektivlər barədə məlumat verib.

Forumda Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin Gənclərlə işin təşkili sektorunun müdiri Həmid Nəsibov, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvləri - Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və Milli Məclisin deputatı Şahin İsmayılov çıxış edərək “Davam” GH-nin fəaliyyətini yüksək dəyərləndiriblər. Natiqlər Hərəkatın ölkə gənclər siyasətinə verdiyi töhfələrdən danışıblar, həmçinin təklif və tövsiyələrini səsləndiriblər.    

Daha sonra Forumda ötən iki il ərzində “Davam” Gənclər Hərəkatınının fəaliyyətinə daimi dəstək göstərən ali təhsil müəssisələri, özəl şirkətlər və şəxslər - Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, həmçinin “Badamlı Mineral Sular”, “Az-Granata”, “İl-Azero” şirkətləri təşəkkür plaketi ilə təltif olunublar. Eyni zamanda, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov 2020-2021-ci illər ərzində “Davam” Gənclər Hərəkatının fəaliyyətinə göstərdiyi xüsusi dəstəyə görə Hərəkatın təsis etdiyi və ildə bir dəfə yalnız bir nəfərin təltif olunduğu “Davamçı” Milli Mükafatına layiq görülüb.

Rəsmi hissənin yekunu olaraq “Davam” Gənclər Hərəkatının 2020-2021-ci illər üzrə fəaliyyətinin maraqlı anlarını özündə əks etdirən videoçarx və  “Davam” adlı klip nümayiş olunub.

Cavid Əkbərov, “İki sahil”