Aprelin 13-də Milli Məclisin deputatı Məzahir Əfəndiyev əraziyə növbəti səfərini edib. Səfər çərçivəsində Göyçay şəhər 3 saylı və Ağdaş rayon Güvəkənd kənd tam orta məktəblərində İkinci Qarabağ – Vətən Müharibəsi zamanı şücaət göstərən igid övladlarımız, şəhidlərimiz haqqında M.Əfəndiyevin təşəbbüsü ilə hazırlanan sənədli film şagird və müəllim kollektivinə nümayiş olunub.
“İki sahil” xəbər verir ki, görüşlərdə ilk öncə Azərbaycanın suverenliyi uğrunda canından keçən şəhidlərimizin ruhları dərin ehtiramla yad edilib.
Deputat qeyd edib ki, Ermənistan dövləti 30 ilə yaxın bir müddətdə dünya ictimaiyyətinin gözü qarşısında öz təcavüzkar siyasətini həyata keçirmiş, Azərbaycan xalqı erməni millətçiləri trəfindən soyqırım və etnik təmizləmələrə məruz qalmış, minlərlə həmvətənlimiz əsir və itkin düşmüşdür: “Ölkəmiz regionda sülhün, əmin-amanlığın davamlılığını təmin etmək məqsədilə 44 günlük əks hücum əməliyyatlarına başlamış və Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşərək ona sonsuz etimad, inam, dəstək nümayiş etdirdi. Nəticədə güclü ordu və onu düzgün idarə edən bir Sərkərdənin varlığı, həmçinin xalqın öz liderinin ətrafında sıx yumruq kimi birləşməsi İkinci Qarabağ-Vətən Müharibəsində böyük qələbəni təmin etdi. Təəssüflər olsun ki, bu müharibə də qurbanlarsız ötüşmədi. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igidimiz qazi adını qazandı.”
Daha sonra Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə göstərdikləri yüksək diqqət və qayğı, bu istiqamətdə Milli Məclisdə qəbul edilən yeni qanun layihələri haqda deputat tərəfindən məlumat verilib.
Deputat təşəbbüsü ilə ərsəyə gələn filmdən bəhs edərkən şəhid və qazi ailələrinin yanında olmağın, şəhidlərimizin xatirəsinin daim uca tutulmasının hər bir azərbaycanlının mənəvi borcu olduğunu xüsusi qeyd edib.
Filmin nümayişindən sonra tədbir iştirakçıları bu təşəbbüsünə görə Məzahir Əfəndiyevə minnətdarlıqlarını bildirərək filmin ərazi üzrə təbliği işində öz səy və bacarıqlarını əsirgəməyəcəklərini vurğulayıblar.
Eyni zamanda millət vəkili səfər çərçivəsində növbəti vətəndaş qəbulunu keçirib.
Ağdaş rayon Güvəkənd kənd tam orta məktəbində keçirilən qəbulda görüş zamanı seçicilərin çoxsaylı müraciətləri dinlənilib. Deputat müxtəlif mövzularda onları narahat edən problemləri diqqətə götürüb.
Qəbula gələn vətəndaşların görüş zamanı səsləndirdikləri problemlər sırasında əsasən pensiya, sosial müavinatlar, əlilliyin təmin edilməsi, məşğulluq səviyyəsinin yüksəldilməsi, əlillik pensiyasının əsassız səbəbdən kəsilməsi, həmçinin kənd yollarının əsaslı təmiri ilə bağlı məsələlər başlıca yer alıb.
Deputat səlahiyyətlərinə aid olan problemlər nəzarətə götürülüb və həlli üçün qanunvericilik çərçivəsində müvafiq addımlar atılıb. Eyni zamanda deputat sorğularının göndəriləcəyi, vətəndaşların problemlərinin həlli üçün aidiyyatı orqanlar qarşısında məsələlərin qaldırılacağı da vurğulanıb.
Qeyd edək ki, ümumilikdə hər iki rayonda 60-a yaxın seçici dinlənilib.
Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq