16 aprel 2022 14:00
896

Böyük duyğular nəğməkarı  Molla Pənah Vaqif

Natəvan Mədətzadənin rəhbərlik etdiyi Astar rayon mərkəzi kitabxanasında tez-tez  geniş oxucu kütləsinin marağına  səbəb olan  tədbirlər təşkil edilir. Mədəniyyət ocağının növbəti tədbiri isə  görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 305 illiyinə  həsr olunmuşdu. “Böyük duyğular nəğməkarı Molla Pənah Vaqif” mövzusunda  keçirilən  tədbirin qonaqları Astara Pedaqoji Kollecin müəllim və tələbələri, M. Ə. Sabir adına şəhər 1 saylı orta məktəbinin müəllim və şagirdləri idilər.

Kitabxananın  xidmət şöbəsinin müdiri Yaqut Nəzərova   Azərbaycanın çox əsrlik zəngin ədəbiyyatı tarixində silinməz izlər qoymuş qüdrətli söz ustasının yaradıcılığı haqqında tədbir iştirakçılarına ətraflı danışıb dedi:- Bir qayda olaraq   M. P. Vaqifin yaradıcılığı daim tədqiqat obyektinə çevrilmiş, əsərləri böyük tirajla nəşr edilmiş və dəfələrlə yubileyi keçirilib.  O, öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkardır.  Dəyərini  əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri meydana gətirməklə milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan vermişdir.

 1982-ci il yanvarın 14-də xalqımızın böyük oğlu  Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə qədim mədəniyyət mərkəzimiz Şuşa şəhərində Molla Pənah Vaqifin məzarı üzərində ucaldılan əzəmətli məqbərənin açılışı olub. Məhz bu səfər çərçivəsində Ulu Öndər  Vaqif Poeziya Günlərinin keçirilməsi ilə əlaqədar  göstəriş verib, elə həmin ilin 29 iyul – 3 avqust tarixlərində  Şuşa şəhərində  Vaqif Poeziya Günləri keçirilib.

 M. Ə. Sabir adına şəhər 1 saylı orta məktəbin müəllimi G. Babazadə, kitabxananın əməkdaşları G. Dadaşova, A. Qasımova öz çıxışında   dahi şairin həyat və yaradıcılığı haqqında  yadda qalan faktlara toxundular . Şagirdlər isə M. P. Vaqifin gözəlliyi, saf məhəbbəti vəsf edən yaradıcılığından   nümunələr söylədilər.

 Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü