16 aprel 2022 14:59
548

Pirallahı rayonunda növbəti səyyar görüş keçirildi

Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin həllini sürətləndirmək məqsədilə növbəti qəbul keçirib.

“İki sahil” xəbər verir ki, Pirallahı rayon sakinlərinin iştirak etdiyi səyyar qəbul Gürgən qəsəbəsi 231 nömrəli tam orta məktəbin akt zalında baş tutub. Qəbulda RİH-nin məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri iştirak etdilər.

İcra Hakimiyyətinin başçısı Vasif İmanov ilk öncə görüş iştirakçılarını salamlayaraq, bütün müsəlmanları müqəddəs Ramazan ayı münasibəti ilə təbrik edərək, onlara bol ruzi və bərəkət arzuladı. Qeyd edildi ki, vətəndaşların qəbulu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhali ilə daha sıx təmasda olmaq barədə tapşırığına uyğun olaraq keçirilir və əsas məqsəd insanların problemlərini bilavasitə dinləmək və operativ şəkildə həll etməkdir.

Bildirildi ki,  aprelin 6-da  Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş zamanı ayın sonuna qədər ikitərəfli delimitasiya və demarkasiya üzrə komissiyanın yaradılması ilə bağlı razılığa gəlmişdirlər. Ermənistanın baş naziri Nikol Paşinyanda son çıxışında qeyd etdi ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə ilə regionda yeni reallıq yaradıb. Ordumuz işğal altındakı ərazilərimizi erməni vəhşilərindən təmizləməklə, erməni ordusunu, erməni faşizmini məhv etməklə öz tarixi missiyasını yerinə yetirdi və sözün həqiqi mənasında Ermənistanın dərsini verdi. Ermənistanın revanşistları bilməlidir ki, onlar bir daha baş qaldırsa Azərbaycanın dəmir yumruğu hazır vəziyyətdədir və bu missiyanı da yerinə yetirməyə qadirdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icra olunmaması, ATƏT-in 28 illik fəaliyyətsizliyi buna gətirdi ki, Azərbaycan özü  44 günlük Vətən müharibəsində əldə olunmuş Qələbə ilə bu məsələni həll etdi.

Sonra diqqətə çatdırıldı ki, aprelin 12-də Prezident İlham Əliyevin sədrliyi ilə cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. Həmin müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev gündəmdə olan bir çox məsələlərlə bağlı açıqlama verib, əsas məsələ isə Ermənistan tərəfindən  Azərbaycanın beş prinsipini qəbul etməsi və reallıqla barışmasıdır. Bu gün Azərbaycanın ordusu 50-i ən güclü ordular sırasındadır və heç bir qüvvə bizə öz şərtlərini diktə edə bilməz. Buna baxmayaraq, ordumuzun inkişafı istiqamətində, bu sahədə islahatların davam etdirilməsi qöz gabağındadır. Həmçinin Şanlı Zəfərimizdən sonra Azərbaycan beynəlxalq təşkilatlar ilə, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İƏT ilə münasibətləri daha da genişləndirmişdir. Həmçinin Ermənistanla münasibətlərin tənzimlənməsində xüsusilə Avropa İttifaqı ilə intensiv əməkdaşlıq modeli yaradılmışdır.

Vasif İmanov işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq işlərinin həyata keçirilməsini xüsusi vurğulayaraq bildirdi ki, bu ərazilərdə bütün kommunikasiyalar yenidən qurularaq Qarabağda həyat yenidən canlanır. İran İslam Respublikası əldə edilən razılığa əsasən qısa müddət ərzində Zəngəzur dəhlizi reallığa çevriləcəkdir. Azərbaycan postmüharibə dövründə qarşıya qoyulan bütün məqsədlərə müvəffəqiyyətlə nail olmuşdur. Artıq beynəlxalq standartlara cavab verən Füzuli aeroportunun açılışı olub və bu ilin sonuna Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi nəzərdə tutulur. Ağdam və Füzuli şəhərlərinin Baş planları təsdiqlənib, Şuşa, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Qubadlı şəhərlərinin, Hadrut və Suqovuşan qəsəbələrinin Baş planları hazırlanır. Həmçinin şəhid ailələri, müharibə əlilləri üçün inşa edilmiş evlərin, mənzillərin sayı artır. Bu, həm işğal dövründə prioritet məsələlərdən biri idi və İkinci Qarabağ müharibəsindən sonra bu məsələlər öz həllini tapır.

Qeyd edildi ki, Prezident İlham Əliyev hər zaman hər bir Azərbaycan vətəndaşının yanındadır. Ölkə başçısı ən çətin, təhlükəli anlarda xalqın yanında, insanların arasında olub. Dövlət başçısı Azərbaycanda baş verən fövqəladə hadisələr zamanı vəziyyətlə şəxsən tanış olur, insanlarla görüşür, bütün məsələlərin həlli ilə bağlı göstəriş və tövsiyələrini verir. Səbail rayonunda baş verən hadisə və dövlətimizin buna reaksiyası göstərir ki, insanların problemlərinin həlli, vətəndaşlarımızın sağlamlığı və təhlükəsizliyi dövlət başçısı üçün prioritet təşkil edir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu hadisəyə göstərdiyi diqqət və verdiyi tapşırıqlar bunun əyani sübutudur. Diqqətə çatdırıldı ki, “Əhalinin kütləvi toplaşdığı bütün növ xidmət və ticarət obyektlərində baş verə biləcək fövqəladə hal, qəza risklərinin müəyyən edilməsi və çatışmazlıqların aradan qaldırılması işinin təşkili ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikasının Baş nazirinin 11 aprel 2022-ci il tarixli Sərəncamına əsasən və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun tapşırığına uyğun olaraq,  Rayon İcra Hakimiyyətinin, Rayon Polis İdarəsinin, Fövqəladə Hallar Nazirliyinin rayon bölməsinin, “Azərişıq” ASC-nin, “Azəriqaz” İB-nin və “Azərsu” ASC-nin, Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin nümayəndələrindən ibarət xüsusi qruplar yaradılaraq rayonun ictimai-iaşə obyektlərində monitorinqlər keçirilmişdir.

Sonda vətəndaşların müraciətləri dinlənildi. Görüşdə iştirak edən qəsəbə sakinləri əsasən , məhəllədaxili yolların asfaltlanması, telefon, qaz və işıq xətlərinin çəkilməsi və s. məsələlər ilə bağlı müraciət etdilər.  Vətəndaşlar tərəfindən qaldırılan məsələlər dinlənilərək qeydiyyata alındı və həlli istiqamətində yerində aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi. Qəbuldan razı qalan sakinlər göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.