19 aprel 2022 13:01
1101

BSU-da “İnklüziv təhsildən inklüziv cəmiyyətə ” mövzusunda respublika elmi-praktik konfrans keçirilib FOTO

Bakı Slavyan Universitetində  (BSU) Autizm Məlumatlandırma Həftəliyi çərçivəsində “ İnklüziv təhsildən inklüziv cəmiyyətə ” mövzusunda respublika elmi-praktik konfransı baş tutub.

“İki sahil” xəbər verir ki,  konfransın plenar  iclasını giriş sözü ilə açan BSU-nun rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev BSU-nun tarixi, fəaliyyət istiqamətləri haqqında məlumat verərək növbəti ildən etibarən inklüzivliyin təhsilin bütün tədris proqramlarında əhatə olunmasının vacibliyini diqqətə çatdırıb. Qeyd edib ki, BSU yerli icmanın dəyərlər sistemində öz yerini almaqda iddalıdır. Rektor təhsil vasitəsilə inklüzivliyin təşviqi, inklüzivliyin təhsil proqramlarında əks olunması kimi məsələlərin müzakirə olunacağı elmi-praktik konfransın işinə uğurlar arzulayıb.

Təhsil nazirinin müavini Firudin Qurbanov “Təhsil vasitəsi ilə inklüziyanın və inteqrasiyanın təşviqi” mövzusunda çıxış edərək konfransın vacib məsələyə həsr olunduğunu bildirib. Hazırda davam edən etnomədəni münaqişələrin aradan qaldırılmasında xüsusi yer almalı olduğunu, qəbul edilən təhsil konsepsiyalarının ictimai inklüziyanın dinamikasına təsirini diqqətə çatdırıb.

Azərbaycanda inklüziv cəmiyyətin formalaşmasının qanunla tənzimlədiyini, bu sahədə zəngin təcrübəyə malik olduğunu bildirib. Qeyd edib ki, Heydər Əliyev Fondu tərəfindən sağlamlıq imkanları məhdud şəxslərin təhsilinin təşkili istiqamətində məqsədyönlü işlər görülür.

Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru Rüfət Əzizov “Kurikulumda inklüziv təhsil yanaşması” mövzusunda olan çıxışında günümüzdə təhsilin əsas məqsədinin təhsilalanın öyrənməsi olduğunu bildirib. İnklüzivliyin  təhsilin fəlsəfəsini dəyişən proses olduğunu vurğulayaraq inklüziv məktəb səviyyəsində əsas faktorları və onların rolu haqqında konfrans iştirakçılarına məlumat verib. Qeyd edib ki, gələcək müəllim kadrlarının hazırlanmasında inklüziya metodologiyaları nəzərə alınmalı, ali məktəb proqramlarına inklüziv təhsil daxil edilməlidir.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Ceyran Rəhmətullayeva “Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilə inklüziyası üçün ailə dəstək xidmətləri” mövzusunda çıxış edərək akademik səviyyədə xüsusi qayğıya ehtiyacı olanların təhsilinə xüsusi diqqət yetirilməli olduğunu bildirib. İnklüziv təhsilin tarixi,  inteqrasiya və inklüziv təhsil arasında fərqlər haqqında  konfrans iştirakçılarına məlumatlar  təqdim edib.

“Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən  Eynalova “Azərbaycanda autizm spektrlı uşaqlarla iş: autizm mərkəzinin fəaliyyəti” adlı çıxışında ölkədə məlumatlandırıcı layihələr həyata keçirmək məqsədilə  “Birgə və Sağlam” İctimai Birliyinin inklüziv təhsillə bağlı layihələrin xüsusi iştirakçısı olduğunu vurğulayıb.  İnklüziv təhsilin inkişafı üçün tələbələrin kvalifikasiyanın artırılmasının vacibliyini qeyd edib.

Sonra konfrans çərçivəsində keçirilən tədbirlərlə bağlı qısa videoçarx nümayiş etdirilib. Aktual mövzuya həsr olunmuş elmi-praktik konfransın plenar iclası “Birgə və Sağlam” İctimai Birliyinin autizm spektr pozuntulu üzvlərindən ibarət “Mavi Ürəklər” xor qrupunun bədii kompozisiyaları ilə davam edib. Uşaq Psixo-Sosial İnkişafı Mərkəzi tərəfindən xor qrupunun üzvlərinə hədiyyələr təqdim olunub.

Respublika elmi-prakitk konfrans öz işini “İnklüziv Təhsil. Effektiv təlim yanaşmaları”, “İnklüziv  təhsil:Müəllim  səriştəsi, bilik, bacarıq və dəyər”, “ İnklüziv təhsil inklüziv cəmiyyətin təməli kimi”, “ Pedaqogika və psixologiyanın aktual problemləri: Yeni perspektivlər, yeni düşüncələr” adlı bölmələr üzrə davam etdirib. Ümumilikdə bölmə iclaslarında 100-ə yaxın məruzə dinlənilib. Bölmə iclaslarında məruzələrin müzakirəsi aparılıb, fikir və təkliflər irəli sürülüb.

“İnklüziv təhsildən inklüziv cəmiyyətə ” respublika elmi-praktik konfransının yekun iclasında bölmə rəhbərlərinin hesabatları dinlənilib, qərar və tövsiyələr qəbul edilib, geniş fikir mübadiləsi aparılıb.