20 aprel 2022 22:37
1274

“Burdan min atlı keçdi”

Aprelin 19-da Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı görkəmli şair – dramaturq Hidayətin “Burdan min atlı keçdi” əsərinin premyerasını S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində təqdim etdi.

“İki sahil” xəbər verir ki, teatrın 140-cı mövsümündə ərsəyə gəlmiş bu tamaşa ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmişdir.

Tamaşada tarixən Qərbi Azərbaycanda yaşamış soydaşlarımızın taleyindən, Qarabağ hadisələrinin yenicə başladığı dövrdə ermənilərin xalqımıza qarşı törətdikləri etnik təmizləmə siyasətindən, möhtərəm cənab Prezidentimizin əzmi nəticəsində həmin siyasəti iflasa uğradan Zəfər Qələbəsinə gedən yolun prioritetlərindən bəhs edilir. Əsrlərlə Qərbi Azərbaycanda bədxahlarımızın mənfur əməllərinə sinə gərən seçilmiş şəxsiyyətlərin gərgin mübarizəsi, o cümlədən Ümummilli Liderimizin yorulmaz və dönməz fəaliyyəti işıqlandırılır. Ulu öndər Heydər Əliyevin bədii obrazının simasında o böyük şəxsiyyətin milli məfkurəsi, Vətən, torpaq və xalq sevgisi, dövlətçilik prinsipləri təcəssüm etdirilir.

Anşlaqla qarşılanan tamaşada İrəvan Teatrının yaradıcı kollektivinin hər biri oynadıqları obrazın yüksək peşəkarlıqla təqdimatına nail ola bildi. Respublikanın Əməkdar mədəniyyət işçisi İftixar Piriyev Heydər Əliyevin obrazını ustalıqla canlandırdı. Aktyorun ifasında Ümummilli Liderimizin yerişi, duruşu, maneraları, səs tembri, səlis danışığı, inandırıcı mimikası, jestləri, sözlərin ifadə olunmasında ən incə xırdalıqlar dəqiq və Heydər Əliyevə xas ştrixlərlə təqdim olunduğu üçün tamaşaçının diqqətini cəlb edirdi. Tamaşaçı alqışı ilə qarşılanan səhnələr yaradıcı heyətin sənətkarlıq məharətinin göstəricisi idi. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmovun, əsərin ideya məzmununa xidmət edən rejissor yozumu və quruluşçu rəssam Vahid Mürsəliyevin səhnə tərtibatı maraqla qarşılandı.

Tamşanın sonunda müəllif, görkəmli şair - dramaturq Hidayət kollektivi təbrik etdi, tamaşa haqqında fikirlərini bölüşərək razı qaldığını bildirdi, iştirak edən sənətkarların yaradıcılığını yüksək dəyərləndirdi, kollektivə gələcək işlərində uğurlar arzuladı və xatirə şəkli çəkdirildi.