23 aprel 2022 02:55
1509

“Qarabağda düşmənini əz, oğlum!”

Sərhad Kabaklı: Can Azərbaycanımızı dünyaya tanıtmaq bizim şərəf işimizdir

Bir neçə gün əvvəl görkəmli türk şairi və yazıçısı, Türk Ədəbiyyatı Vəqfinin direktoru Sərhad Kabaklının 70 yaşı tamam oldu. Ürəyi daim Azərbaycanla döyünən ədib bu əlamətdar günü Bakıda qeyd etdi. Təkcə bu fakt görkəmli yazıçı və ictimai xadimin Azərbaycana nə qədər bağlı olduğunu sübut etdi. Xatırlatmaq xoşdur ki,  hələ 2019-cu ildə “Nəsimi İli” çərçivəsində Mədəniyyət Nazirliyi, Milli Kitabxana, TÜRKSOY ilə birlikdə Türk Ədəbiyyatı Vəqfində Sərhad bəyin təşkilatçılığı ilə çox möhtəşəm tədbirlər keçirilib. Sərhad Kabaklı Azərbaycan tarixinin və ədəbiyyatının təbliğində çox mühüm xidmətləri ilə də tanınıb.

Sərhad Kabaklı bütün Türk dünyasının böyük oğludur. O, Azərbaycan əsillidir, məşhur Əhməd Kabaklının qardaşı oğlu və alimin ədəbi irsinin layiqli davamçısıdır. Türk dünyasının böyük ədəbiyyatşünas alimlərindən biri, professor Əhməd Kabaklının fəaliyyətinin böyük bir hissəsi Azərbaycan poeziyası və nəsri ilə sıx bağlıdır. Qazi Bürhanəddindən, Şah İsmayıl Xətaidən, Molla Pənah Vaqifdən, Mirzə Fətəli Axundzadədən,  Mirzə Ələkbər Sabirdən başlamış çağdaş ədəbiyyatımızın görkəmli nümayəndələri olan Səməd Vurğuna, Bəxtiyar Vahabzadəyə,  Məmməd Aslana qədər bir çox şair və yazıçılarımız haqqında qiymətli araşdırmalar aparmışdır.

Onun xələfi  Sərhad Kabaklının da təkcə Türkiyə ədəbiyyatında deyil, türk xalqları ədəbiyyatında mühüm xidmətləri var.  Yaxın günlərdə yetmiş  yaşı tamam olan ictimai xadimin eyni zamanda, bu il rəhbərlik etdiyi “Türk ədəbiyyatı dərgisi”nin də 50-ci ildönümü tamam olur. Bu dərgi hər zaman bütün türk xalqlarının şair və yazıçılarının doğma yeri olub.

Gün gidəndə, Ay gələndə gəl, oğlum,

Cihan yanar, sən güləndə gül, oğlum.

Bir yol vardır, haqq yoludur, bul, oğlum,

Yeri bilmək, göyü bilmək, bil, oğlum.

Hamımızın sevə-sevə dinlədiyimiz  Sərhad Kabaklının “Bil, oğlum” şeirinə musiqisi  Əsəd Kabaklı tərəfindən bəstələnmiş möhtəşəm mahnı bütün Türk dünyasında məşhurlaşıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bir çox çıxışlarında və Türkiyə Böyük Millət Məclisində yüksək intonasiya ilə söylədiyi bu şeir hamını qürurlandırır, hamı tərəfindən sevilir. Vətənpərvər şair Bakıdakı yubiley tədbirində həmin şeirdən  bir parçanı səsləndirərək vurğulayıb ki, “...düşmənimizi əzmişik, Qarabağda da gəzirik!”

Sərhad bəyin Bakıya gəlişi ədəbi ictimaiyyət tərəfindən şadyanalıqla qarşılandı və bir neçə tədbirlə bayram kimi qeyd olundu. Bakıda və Sumqayıtda mötəbər təşkilatlarda yüksək səviyyədə keçən yubiley tədbirləri xalqımızın qüdrətli ədibə sevgisini nümayiş etdirdi. Bu tədbirlərdə Sumqayıt  Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, M. F. Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov, AYB-nin sədr müavini Rəşad Məcid, Milli Məclisin deputatları Qənirə Paşayeva, Sabir Rüstəmxanlı və bir çox tanınmış alimlər, şairlər və yazıçılar çıxış edərək Sərhad Kabaklının çağdaş  Azərbaycan ədəbiyyatına göstərdiyi xidmətlərdən söz açdılar və Azərbaycan xalqının ona məhəbbət və sayğısını bildirdilər.

Yubiley tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva bu yaxınlarda “Türk ədəbiyyatı dərgisi”nin yeni sayının Şuşaya həsr olunacağı və Şuşanın azad olunmasına dair möhtəşəm bir kitabın nəşr olunacağı barədə iştirakçılara məlumat verdi.

Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı çıxış edərək ilk növbədə Sərhad bəy başda olmaqla, bütün Türkiyədən gələn qonaqları salamladı və bildirdi ki, Sərhad Kabaklının 70 illik yubileyinin məhz Milli Kitabxanada keçirilməsi çox sevindirici haldır: “Türk ədəbiyyatı dərgisi” təkcə Türkiyənin deyil, bütün Türk dünyasının ortaq dərgisidir. Həmin dərgilərdə yazıçılarımız haqqında xüsusi buraxılışlar dərc olunub”.

Sabir Rüstəmxanlı Sərhad Kabaklının iki şeir kitabının çap olunduğunu iştirakçıların diqqətinə çatdırdı və bildirdi ki, onun yaradıcılığının şah əsəri məhz  hamı tırıfindən sevilən “Bil, oğlum” şeiridir. Çıxışının sonunda Sərhad Kabaklını yubileyi münasibətilə təbrik edərək ona “Bakı mənzərəsi” portretini hədiyyə etdi.

Digər tədbirlərdə Azərbaycan Yazıçıları Birliyinin sədr müavini Rəşad Məcid, millət vəkili Vüqar İsgəndərov, “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva, “Regional hüquqi və iqtisadi maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova, türkiyəli yazıçı, tərcüməçi İmdad Avşar, AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri Məmməd Əliyev, professor Elman Quliyev, şair, tərcüməçi, Mahmud Kaşğari adına Beynəlxalq Fondun sədri Elxan Zal, Azərbaycan Nəşriyyatları İctimai Birliyinin sədri Şamil Sadiq, şair Aysel Səfərli və başqaları çıxış edərək, Sərhad Kabaklını yubileyi münasibəti ilə təbrik edib, ona möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzuladılar.

Çıxışlardan sonra Qənirə Paşayeva, Firəngiz Balakişiyeva, Arzu Bağırova, Şamil Sadiq və başqaları yubilyara müxtəlif xatirə hədiyyələri təqdim etdilər.

Öz növbəsində Türk Ədəbiyyatı Vəqfinin direktoru, görkəmli  yazıçı Sərhad Kabaklı çıxış edərək tədbirlərin təşkilində zəhməti olan və çıxış edib xoş sözlər söyləyən hər kəsə öz təşəkkürünü bildirdi, bu gününü ömrünün ən gözəl günü adlandırdı.

Yubiley tədbirlərinin sonunda Türk Ədəbiyyatı Vəqfinin rəhbərliyi tərəfindən Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevaya vəqfin “Şərəf üzvü” diplomu, KərimTahirova və Firəngiz Balakişiyevaya “Təşəkkürnamə”lər təqdim edildi.

Türkiyəyə qayıdandan sonra Sərhad bəy Dünya Azərbaycanlılarının Şuşada keçirilən V qurultayının işinə xeyir-dua verərək qurultayda iştirak edə bilməməsindən təəssüfləndiyini bildirdi. Sonra da əlavə etdi ki, onsuz da mən qurultaydan əvvəl də özümü Azərbaycanda hiss edirəm, ondan sonra da. Əsas məsələ can Azərbaycanımızı bütün dünyada tanıtmaq, onun ədəbiyyatını, mədəniyyətini və haqq işini yorulmadan müdafiə etməkdir. Qurultayda dünya azərbaycanlıları qarşısında qoyulan vəzifə bir türk kimi mənim də şərəfli vəzifəm olacaqdır.

Vəli İlyasov, "İki sahil"