26 aprel 2022 18:00
1078

Nurlu ömrün salnaməsi - FOTO

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında görkəmli oftalmolog-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu il dönümünə həsr olunmuş “Nurlu ömrün salnaməsi” adlı tədbir keçirilib.

Tədbirin rəsmi hissəsindən əvvəl Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Azər İsmayılov, Yasamal Rayon İcra Hakimiyyətinin rəhbər heyəti, əməkdaşlar və Yasamal rayon ictimaiyyətinin nümayəndələri tərəfindən Fəxri xiyabanda ilk öncə Ulu Öndər Heydər Əliyevin məzarı ziyarət olundu. Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əkil və gül dəstələri qoyuldu, əziz xatirəsi dərin ehtiramla anıldı. Sonra tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla anaraq məzarı üzərinə əkil və gül dəstələri qoydular.

YAP Yasamal rayon təşkilatının inzibati binasında təşkil olunan tədbirin rəsmi hissəsini giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev tədbir iştiraçılarını salamlayaraq qeyd etdi ki, elm aləmində nadir istedadlı şəxsiyyət kimi tanınan, elmə gətirdiyi yenilik və çəkdiyi zəhməti ilə Azərbaycan qadını olaraq xeyirxahlıq, ziyalılıq, analıq simvoluna çevrilən görkəmli oftalmolog-alim, akademik Zərifə xanım Əliyevanın həyat yolu və fəaliyyəti olduqca şaxəlidir. Alimləri sabaha inamla, gələcəyə ümidlə yaşamağa ruhlandıran mənəviyyatca pak və nəcib insan, görkəmli şəxsiyyət olan görkəmli oftalmolog-alim, akademik Zərifə xanım Əliyevanın müqəddəs xatirəsi, ülvi insani kefiyyətləri, elmi fəaliyyəti yaddaşlarda əbədi olaraq həkk olub.

Çıxışlardan əvvəl Ümummilli Lider Heydər Əliyev və görkəmli oftalmolog-alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirələri bir dəqiqəlik sükütla yad edildi. Sonra görkəmli oftalmolog-alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinə həsr edilmiş video çarx təqdim edildi.

M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Oftalmologiya şöbəsinin müdiri Leyla Babayeva qeyd etdi ki, Azərbaycan tibb elmində silinməz izlər qoymuş, səhiyyəmizə böyük töhfələr vermiş görkəmli oftalmolog-alim, akademik Zərifə xanım Əliyevanı xatırlayanda həm də göz önündə mənəvi kamilliyinin ən uca zirvəsində dayanan görkəmli elm fədaisinin işıqlı çöhrəsi canlanır. Eyni zamanda, onun simasında nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı görürük. Yüksək intellekt və mədəniyyət, dərin bilik, insanpərvərlik, Vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlər Zərifə xanımın portretini tamamlayan əsas cizgilərdir.

Çıxış edən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının dosenti Nüşabə Hacıyeva xoş xatirələrini bölüşərək görkəmli oftolmolog-alim, akademik Zərifə xanım Əliyevanın Vətənini, xalqını, bütün insanları səmimi və sədaqətli bir məhəbbətlə sevməsi, peşəsinin, sənətinin vurğunu idi. Görkəmli oftolmolog-alim, akademik Zərifə xanım Əliyeva nəsillərə örnək olacaq nümunəvi fəaliyyəti dövründə təkcə çalışdığı elm və tədris ocaqlarında, tibb müəssisələrində deyil, bütövlükdə çiyin-çiyinə yaşadığı ömür-gün yoldaşı Ulu Öndər Heydər Əliyev, sədaqətli övladları ilə birlikdə ölkənin ictimai həyatında yaxından iştirak etmişdir.

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Hematologiya kafedrasının müdiri professor Elmira Qədimova bildirdi ki, görkəmli oftolmolog-alim, akademik Zərifə xanım Əliyeva gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli tibb işçilərinin, layiqli vətən övladlarının hazırlanmasında, həkim-oftalmoloqların ixtisaslarının ilbəil artırılmasında, professional elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərmişdir. O, onlarca elmlər doktorunun və elmlər namizədinin elmi rəhbəri olmuşdur. Akademik Zərifə xanım Əliyeva oftalmologiya elmində əldə etdiyi tutarlı nailiyyətlərə, xalqımızın sağlamlığı keşiyində dayanan çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində əvəzsiz xidmətlərə görə Azərbaycanın əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.

Qeyd edək ki, tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Azər İsmayılov, Yasamal rayon bələdiyyəsinin sədri Tahir Məmmədov, Yasamal Rayon İcra Hakimiyyətinin, M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının əməkdaşları və YAP Yasamal rayon təşkilatının ərazi partiya təşkilatlarının sədrləri iştirak etmişdir.

Tədbirin sonunda YAP Yasamal Rayon təşkilatının sədri tədbir iştirkaçılarına öz təşəkkürünü bildiridi.

Orxan Vahidoğlu, "İki sahil"