26 avqust 2026 10:30
131

Laçının ruhundan yüksələn səs - MÜSAHİBƏ

Yusif Cəfərbəyli: Muğam sənətini yaşatmaq və gələcək nəsillərə ötürmək mənim və mənim kimi bütün gənclərin üzərinə düşən böyük məsuliyyətdir

Bəzi tarixlər təqvimdə qeyd olunan adi günlərdən daha böyük məna daşıyır. Onlar insanın yaddaşında müəyyən hadisələri, dəyərləri, doğma məkanları və həyatında iz qoyan məqamları bir araya gətirərək xüsusi mənəvi çalar qazanır. Əlamətdar günlərin dəyəri də məhz ondadır ki, onlar yalnız müəyyən bir hadisəni xatırlatmır, eyni zamanda insanı keçmişinə, mənsub olduğu dəyərlərə və gələcəyə dair düşüncələrə qaytarır.

26 avqust da bu baxımdan xüsusi diqqət çəkən tarixlərdən biridir. Laçın şəhəri  günü və Beynəlxalq Muğam Günü kimi əlamətdar tarixlərin eyni gündə qeyd olunması bu tarixə fərqli bir məna və simvolik yük qazandırır. Xüsusilə də bu üç məqamın hər biri Azərbaycan üçün ayrı-ayrılıqda mühüm ictimai, milli və mədəni dəyər ifadə edir.

Bu tarix müsahibimiz, Laçın əsilli gənc muğam ifaçısı  Yusif Cəfərbəyli üçün isə daha özəl məna daşıyır. Heydər Əliyev Fondunun həyata keçirdiyi 9-cu “Muğam” Televiziya Müsabiqəsinin finalçısı, Gənclər və İdman Nazirliyinin 2025-ci il üzrə “İlin Gənci” mükafatçısı olan Yusif Cəfərbəyli, həmçinin ümumrespublika və beynəlxalq səviyyəli müsabiqə və festivallarda iştirak edib.

Onun sənət yolu, doğma Laçına bağlılığı və muğam sənətinə münasibəti 26 avqustun daşıdığı bu üç fərqli, lakin bir-birini tamamlayan məqamı onun yaradıcılıq və dünyagörüşündə xüsusi bir müstəviyə gətirir. Məhz bu baxış bucağından 26 avqustun yaratdığı mənəvi assosiasiyalar, sənətin və doğma torpağın insan həyatındakı yeri, eləcə də bu əlamətdar tarixin onun üçün ifadə etdiyi duyğular barədə Yusif Cəfərbəyli ilə söhbətləşdik.

-26 avqust sizin üçün nə ifadə edir? Bu tarixin həyatınızda və yaradıcılığınızda hansı xüsusi yeri var?

-Dövlətimiz üçün böyük əhəmiyyət kəsb edən üç tarixi gün məhz 26 avqust tarixində cəmlənib. Sizin də vurğuladığınız kimi bu tarixi günlərin hər biri ayrı-ayrılıqda mənim də həyat və fəaliyyətimlə sıx bağlıdır. İlk növbədə qeyd edim ki, mənim də doğma yurdum olan, Azərbaycanın dilbər guşəsi Laçın şəhərinin 2022-ci il avqustun 26-da işğaldan azad edilməsindən dörd il ötür. 2022-ci il avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev bütün Azərbaycan xalqını sevindirdi: “Bu gün, avqustun 26-da biz - azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 26 avqust - Laçın şəhəri günü kimi müəyyən olunub. Artıq 4-cü ildir ki, böyük təntənə ilə qeyd etdiyimiz Laçın şəhəri günü biz laçınlılarının ən sevincli günlərindəndir. Bu sevinci bizlərə bəxş edən şəhidlərimizi rəhmətlə anır, Müzəffər Ali Baş Komandana sonsuz minnətdarlığımızı bildiririk. 26 avqust tarixi həm də Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd olunur. 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara musiqisi festivalının rəhbərliyi tərəfindən qəbul olunan bu qərar xalqımızın milli sərvəti olan muğamın bəşəri musiqiyə çevrildiyini bir daha təsdiq edir. Mən də özümü çox xoşbəxt hesab edirəm ki, məhz muğam sənətinə xidmət edirəm.

 -Laçın sizin sənət dünyanızda hansı yeri tutur? Doğma şəhərin yaddaşı, təbiəti, insanları və musiqi mühiti bir ifaçının muğama münasibətinə necə təsir edə bilər?

 -Təbii ki, məlum səbəblərdən mən fiziki olaraq Laçında doğulmasam da, amma hər zaman ulularımın, bəy babalarımın, atamın və anamın doğulub boya-başa çatdığı doğma Laçına ruhən bağlı olmuşam. Laçın rayonu ümumiyyətlə öz qədim tarixi ilə, gözəl təbiəti ilə yanaşı, milli-mənəvi dəyərlərimizə xidmət edən zəngin mədəniyyəti ilə də ölkəmizin ən dəyərli guşələrindən biridir. Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyev söyləmişdir ki, “Laçınlılardan alimlər, şairlər, ziyalılar çoxdur. Laçından Azərbaycanın nə qədər görkəmli elm, mədəniyyət, dövlət xadimləri çıxıblar. Ona görə də, bu baxımdan da Laçın rayonu həm təbiətinə, həm də insanlarına görə Azərbaycanın ən dəyərli guşələrindən biridir”. Bu mənada Laçından tarixən çox sayda Azərbaycan mədəniyyətinə xidmət edən görkəmli insanlar çıxmışdır. Sarı Aşıq, Mir Həmzə Seyid Nigari, Hüseyn Kürdoğlu, Ağa Laçınlı, Məhəbbət Kazımov, Ehtiram Hüseynov kimi çox sayda görkəmli sənət insanlarını Laçının mədəni mühiti formalaşdırıb. Mən də düşünürəm ki, uşaqlıqdan milli musiqiyə, muğam sənətinə bağlı olmağım əslimin, kökümün bu yurdla bağlı olmasıdır, bu torpağa bağlı olan genetik kodlardır. Mən əslən Laçın rayonunun qədim kəndlərindən olan Sultanlar kəndindən və bu bölgənin tanınmış bəylərindən olan Həmzə Soltan bəy Qaraçorlunun nəslindənəm. Düşmən işğalından azad olunduqdan sonra da Laçının ədəbi-mədəni mühiti doğma yurdda yenidən dirçəlməyə başlayıb. Bu istiqamətdə artıq Laçında bir sıra tədbirlər, konsert proqramları böyük təntənə ilə qeyd edilir. Mən də bu tədbirlərdə fərəh və sevinc hissi ilə iştirak edirəm.

 -Muğam Azərbaycan xalqının mənəvi yaddaşının mühüm daşıyıcılarından biridir. Sizcə, gənc bir ifaçının muğamı yalnız öyrənməsi kifayətdirmi, yoxsa onun fəlsəfəsini, tarixini və xalqın mənəvi dünyasındakı yerini də dərk etməsi vacibdir? Siz özünüz bu sənəti öyrənərkən ən çox hansı məqamın üzərində dayanırsınız?

 -Muğam sənəti hələ qədim zamanlardan Azərbaycan xalqının mədəni ənənələrində və tarixində dərin köklərə malik olan, ölkənin professional musiqi mədəniyyətinin şifahi irsində mühüm yer tutan incəsənət sahəsidir. Təbii ki, gözəl səslə, geniş səs diapazonu ilə iş bitmir, xanəndə muğamın nəzəri-metodoloji əsaslarını, eləcə də tarixi-fəlsəfi və estetik prinsiplərini bilməlidir. Bu istiqamətdə öz biliklərini inkişaf etdirməlidir. Eyni zamanda klassik muğam ifaçılarından bəhrələnməlidir. Mən də hər zaman öz müəllimim, Əməkdar artist Təyyar Bayramovdan öyrənməklə yanaşı, ustad xanəndələri dinləyərək onların ifalarından da bəhrələnirəm.

 -Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun muğam sənətinin qorunması, təbliği və gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirdiyi layihələr Azərbaycan muğamının dünyada tanınmasına da ciddi imkan yaradıb. Bir muğam ifaçısı kimi bu prosesə necə qiymət verirsiniz? Sizcə, belə təşəbbüslər gənc sənətçilərin qarşısında hansı yeni imkanları açır?

 - Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun muğamın qorunması və təbliği istiqamətindəki genişmiqyaslı fəaliyyətləri milli sənətimizin nəinki ölkə hüdudları daxilində, hətta dünya miqyasında tanınmasında böyük əhəmiyyətə malikdir. Mən də özümü çox xoşbəxt gənclərdən hesab edirəm ki, məhz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə baş tutan 9-cu Muğam Televiziya Müsabiqəsinin finalçısı olmuşam. Olduqca maraqlı və yaddaqalan məqamlardan biri də budur ki, ötən il 9-cu Muğam Televiziya Müsabiqəsinin final mərhələsi ilk dəfə olaraq Laçın şəhərində və Laçın şəhəri günü ərəfəsində keçirilmişdi. Mən də müsabiqə finalçıları sırasında doğma yurdda öz ifamla ilk səhnəyə çıxanlardan idim. Bu məqamı mən yaddaşımda hər zaman qürurla xatırlayacam. Muğam televiziya müsabiqələri nəinki mənim həyatımda, artıq 2005-ci ildən bu günə qədər bir çox gənc xanəndələrin sənət aləminə vəsiqə qazanmasında olduqca böyük əhəmiyyət kəsb edir.

Heydər Əliyev Fondunun 2005-ci ildən həyata keçirdiyi “Azərbaycan muğamları” layihəsi çərçivəsində 24 virtuoz muğam ustadının ifaları toplanmış “Qarabağ xanəndələri” musiqi albomu böyük maraqla qarşılanan ilk və uğurlu iş olmuşdu. Fond tərəfindən 2008-ci ildə hazırlanan “Muğam ensiklopediyası” qədim musiqi irsimizin qorunması və inkişafı yolunda sanballı nəşr kimi dəyərləndirilir. Fondun dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzinin inşası, 2009-cu ildə dünyanın 11 ölkəsinin iştirak etdiyi Beynəlxalq Muğam Festivalının keçirilməsi qədim ifaçılıq ənənələrini inkişaf etdirərək gənc istedadlı xanəndələri üzə çıxarmaq və muğam sənətini dünyada təbliğ etmək məqsədi daşıyır.

 -Özünüzdən sonrakı nəslə hansı sənət mesajını vermək istərdiniz?

 -Mən istərdim ki, bu gün sürətlə inkişaf edən, qloballaşan və müasirləşən dünyamızın bir parçası olan odlar yurdu Azərbaycanımızın mədəni abidəsi saydığımız muğam sənəti daim yaşasın, yetişən gənc nəsillər bu sənəti mükəmməl formada öyrənsin və bizlərdən sonra yetişəcək nəsillərə mənəvi miras olaraq daşısınlar. Bu da təbii ki, mənim və mənim kimi bütün gənclərin üzərinə düşən böyük məsuliyyətdir. Bu yolda zəhmət çəkən hər kəsə tükənməz uğurlar arzulayıram.

Yusif Cəfərbəyli ilə söhbətimizdə 26 avqustun onun üçün daşıdığı xüsusi mənaya, doğma Laçına bağlılığına və milli-mədəni dəyərlərimizə münasibətinə nəzər saldıq. Onun fikirləri bir daha göstərir ki, sahib olduğumuz bu zəngin irsi qorumaq, yaşatmaq və gələcək nəsillərə ötürmək hər birimizin mənəvi borcudur.

Bizim ən böyük sərvətimiz də məhz sahib çıxdığımız dəyərlərdir.

Gənc sənətçiyə yaradıcılıq yolunda yeni uğurlar, tükənməz ilham və sənət fəaliyyətində daim yüksəliş arzulayırıq. Qoy onun səsi və sənəti milli musiqi irsimizin yaşadılmasına, gələcək nəsillərə sevdirilməsinə xidmət etsin.

Yaqut Ağaşahqızı, “İki sahil”