Cənub bölgəsi Masallıda dünyaya göz aşmış, hazırda Bakı Dövlət Universitetinin hüquq fakültəsinin ikinci kursunda təhsil alan Gülnaz Nağızadə bədii yaradıcılıqla da məşğul olur. Sözün saflığına tapınan, öz poetik aləmində ona dəyər verməyi bacaran yazıçı qızın üçüncü kitabı çapdan çıxmışdır. O, yeni nəşrinə "Qordi düyünü" adını vermişdir. Masallı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə şəhər Gənclər Evində gənc yazıçının yeni kitabın təqdimatı oldu. Məktəblilərin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbir Qarabağ müharibəsində haqq işimiz uğrunda canından keçmiş Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad edilməklə başlandı.
Tədbiri Masallı RİH başçının müavini, İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova açdı. İcra başçısı Şahin Məmmədovun salamlarını tədbir iştirakçılarına çatdırdı, 19 yaşlı gənc yazar Gülnaz Nağızadəni iştirakçılara təqdim etməklə ona yeni-yeni yaradıcılıq uğurları arzuladı.
Söz Milli Məclisin deputatı, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva verildi. O, öz dərin, məzmunlu çıxışında Gülnaz Nağızadəni yaradıcılığı münasibətilə təbrik etdi, onun gələcəkdə daha böyük uğurlara imza atacağına böyük inamla bildirdi.
Filologiya elmləri doktoru, AMEA N. Gəncəvi adına Ədəbiyyat institutunun ədəbi tənqid şöbəsinin müdiri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar mədəniyyət işçisi Vaqif Yusifli dedi:- Gülnaz artıq yazıçıdır. Onun söz dünyasına gəlməsində şair Arif Fərzəlinin rolu daha çox olmuşdur. Gülnaz daha ucalığa can atan bir qələm əhlidir. Səlis dil üslubu gözəldir. Bu üslubu, bənzərsizliyi və bu texnikanı görürəm. Klassik nəsr qanunu da unutmasın; hekayələr yazmayıb. Povestlər də yazsın. Bütün romanları da, üçüncü kitabı da dedektiv əsərdir. Çətin janrdır. Bizim bugünkü əsrimiz çox mürəkkəb əsrdir. Müasir həyatımızın gerçəklərinə də baş vursun. Mütaliə dairəsi genişdir, oxuyur. Bütün yazıçıları oxusun. Mirzə İbrahimovdan tutmuş Süleyman Rəhimov, Elçin, Anar, Elçin Hüseynbəyliyə qədər. Oxumaq təkcə mütaliə üçün deyil. Yazıçı üçün eyni zamanda öyrənməkdir. Belə bir istedadlı gənci dünyaya gətirdikləri üçün onun atasına, anasına uğurlar olsun.
"Regional hüquqi və iqtisadi maarifləndirmə" İctimai Birliyinin sədri Arzu Bağırova, Sumqayıt Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı, nasir, yazıçı-dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin katibi, Əməkdar İncəsənət xadimi Elçin Hüseynbəyli, kitabın redaktoru, istedadlı şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Arif Fərzəli, Azərbaycan Yazıçılar Birliyi Lənkəran bölməsinin sədri, yazıçı, «Şəfəq» jurnalının Baş redaktoru Qafar Cəfərli, Prezident təqaüdçüsü, gənc şair Elvin Əlizadə, «Masallı ziyalıları» İctimai Birliyinin sədri, «Tərəqqi» medallı Qardaş Fətullayev, «Dəfinə» məktəb-liseyinin direktoru Taleh Əkbərov, «Tərəqqi» medallı müəllim Ədalət Nemətov, atası Nasir Nağıyev, müəllimələr, şəhər ictimaiyyətinin nümayəndələri və başqaları gənc yazar Gülnaz Nağızadəni əsərinin bədii dəyərindən danışdılar, ona səmimi təbrik bildirdilər.
Gülnaz Nağızadə qazandığı oxucu məhəbbətinə görə daha sevincli görünürdü. Üçüncü kitabının işıq üzü görməsində əməyi olan hər kəsə təşəkkür söylədi və hamıya maraqlı olsun deyə bildirək ki, qədim yunan əfsanəsinə görə Finikaya dövlətinin hökmdarı Qordion tərəfindən vurulmuş müşkül- Qordi düyünü Makedoniyalı İsgəndər tərəfindən çözülür. Belə ki, e.ə. 334-cü ildə Finikayanın paytaxtını fəth edən böyük sərkərdə məbədə daxil olaraq qılıncının zərbəsi ilə düyünü kəsib atmışdır. Müasir dövrdə “Qordi düyünü” dedikdə hər hansı müşkül, mürəkkəb məsələ, “qordi düyününü açmaq” dedikdə isə hər hansı müşkül bir məsələni həll etmək başa düşülür.
Qızının halal sözə məhəbbətinə daha çox sevinən atası Nasir müəllim axırda bildirdi ki, tədbirin ərsəyə gəlməsində göstərdiyi qayğıya görə RİH başçısı Şahin Məmmədova, əziyyət çəkib buraya gələnlərə, qızım haqqında söz deyənlərə, onun istedadına dəyər verib üzə çıxaranlara dərindən təşəkkür edirəm.
Tədbirin sonunda gənc yazıçıya mükafatlar və gül dəstələri hədiyyə edildi.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü