Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin təşkilatçılığı, Naxçıvan MR-nın Rəssamlar Birliyinin üzvlərinin və ali təhsil müəssisələrinin müəllim və tələbə heyətinin iştirakı ilə Naxçıvan MR-nın Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “Naxçıvan rəssamları” adlı tədbir həyata keçirilmişdir.
“İki sahil” xəbər verir ki, tədbiri giriş sözü ilə Naxçıvanşünaslıq Mərkəzinin elmi katibi Nihad Tarverdiyev açmışdır. Qeyd etmişdir ki, Naxçıvanda rəssamlıq sənəti böyük inkişaf yolu keçmişdir. Bu mənada, Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafı və dünyaya tanıdılmasında naxçıvanlı rəssamların böyük rolu çox olmuşdur. Naxçıvan məhz o diyardır ki, dünya mədəniyyətinin ilkin beşiklərindən sayılır. Bu günə qədər yetişib ortaya çıxmış çoxsaylı mədəniyyət xadimlərimiz də Naxçıvanda incəsənətin inkişafına öz töhfələrini vermişlər. XX əsrin əvvəllərində Azərbaycan realist rəssamlığının banisi Bəhruz Kəngərli Naxçıvan rəssamlıq məktəbinə yeni ictimai məzmun qazandırmış, onu forma və təsvir vasitələrilə zənginləşdirmişdir.
Diqqətə çatdırılmışdır ki, Naxçıvanda ulu öndər Heydər Əliyev siyasi dəstxətini uğurla davam etdirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən Naxçıvanda rəssamlığın inkişafına böyük diqqət və qayğı göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı 2021-ci il 2 mart tarixli Sərəncamı da Naxçıvanda incəsənət aləmi və onun nümayəndələrinə göstərilən böyük diqqətin növbəti bariz nümunəsidir.
Tədbirdə sənətşünas, alim Nizami Alıyev çıxış edərək qeyd etmişdir ki, bu gün artıq Naxçıvanda onlarla peşəkar rəssam çalışmaqda, öz sənət dünyaları ilə ölkəmizə böyük uğurlar gətirməkdə, incəsənət tariximizi, sənət qalereyamızı zənginləşdirməkdədir. Azərbaycan Respublikasının Xalq rəssamı Hüseynqulu Əliyev, Azərbaycan Respublikasının Əməkdar rəssamları Telman Abdinov, Ülviyyə Həmzəyeva, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamları Əli Səfərov, Elman Cəfərov, Həbibə Allahverdiyeva, Cavid İsmayılov, o cümlədən Bəhruz Quliyev, Rafael Qədimov, Həsən Qurbanov, Fizzə Quliyeva və başqaları məhz Naxçıvanda rəssamlığın yaşadılması və inkişafına böyük məsuliyyətlə çalışan istedadlı sənət adamlarıdır.
Diqqətə çatdırılmışdır ki, Naxçıvan Muxtar Respublikasında sənətə və onun nümayəndələrinə böyük qayğı ilə yanaşılır. Keçirilən müxtəlif tədbirlər, beynəlxalq təşkilati işlər Naxçıvanın bir sənət mərkəzi olduğunu ortaya qoyur. Ənənəvi olaraq təşkil olunan “Naxçıvan – mədəniyyətin beşiyi” adlı beynəlxalq rəsm festivalı da dünyanın sənət adamlarının qədimlik və müasirlik ehtiva edən yurdumuza toplaşdığı belə əhəmiyyətli tədbirlərdən biridir.
Tədbirdə Azərbaycan Respublikasının Əməkdar rəssamı Telman Abdinov, Naxçıvan MR-nın Əməkdar rəssamları Həmzə Sadiqov, Əli Səfərov, Azərbaycan Rəssamlar İttifaqının və Naxçıvan MR Rəssamlar Birliyinin üzvü Qəhrəman Tağıyev çıxış edərək, Naxçıvanda rəssamlıq sənətinin yaşadılmasına və inkişaf etdirilməsinə, həmçinin incəsənət sahəsinə dövlət qayğısından söz açmışlar.
Sonda sərgi salonunda Naxçıvan rəssamlarının müəllifi olduğu möhtəşəm rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilmişdir.