Bu gün Baş Prokurorluğun təşkilatçılığı ilə Lənkəranda “Müasir dövrün çağırışlarında media ilə dialoq” adlı işgüzar konfrans keçirilib.
“İki sahil” xəbər verir ki, dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və bölgə mediası arasında operativ və səmərəli əməkdaşlığın qurulması məqsədilə təşkil edilmiş konfransda Baş Prokurorluq, Daxili İşlər, Ədliyyə, Müdafiə, Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, habelə Dövlət Təhlükəsizliyi Xidmətinin, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi agentliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Mətbuat Şurasının nümayəndələri iştirak edib.
Astara, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Lerik, Lənkəran, Masallı, Yardımlı rayon və Lənkəran Hərbi prokurorluqlarının media ilə işləməyə məsul əməkdaşlarının da olduğu konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Lənkəran şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.
Daha sonra konfrans iştirakçıları şəhidlərin əziz xatirəsinə həsr olunmuş “Şəhidlər Xatirə Kompleksi”-nə baş çəkib, qəbirlər üzərinə tər çiçəklər düzərək xatirələrini ehtiramla yad ediblər.
Tədbir çərçivəsində media qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə Lənkəran rayon prokurorluğunun inzibati binasına press-tur təşkil olunub.
İnzibati binanın infrastrukturu barədə məlumatlandırılan press-tur iştirakçıları inzibati binada əməkdaşlar üçün yaradılmış iş şəraiti, habelə kriminalistik avtomobil və avadanlıqlarla tanış olub.
İştirakçılara prokurorluq orqanlarında aşkarlıq və şəffaflığın, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.
Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov, DİN mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev tədbirdə çıxış edib. Konfransda qarşılıqlı müzakirələr zamanı media ilə kommunikasiyanın gücləndirilməsinin zəruriliyi vurğulanıb, dövlət qurumlarının fəaliyyəti ilə bağlı aşkarlıq və hesabatlılığın ictimaiyyətə operativ şəkildə çatdırılmasının əhəmiyyətli olduğu diqqətə çatdırılıb. Həmçinin informasiya təhlükəsizliyinin və konfidensiallığın təmin edilməsinin önəmindən söz açılıb. Bundan əvvəl Gəncə şəhərində belə bir tədbirin keçirildiyi qeyd olunub, bildirilib ki, bu tədbirlər digər bölgələrdə də davam etdiriləcək, silsilə şəklində olacaq.
Sonda KİV-in bölgədəki nümayəndələri xüsusilə kriminal xarakterli hadisələrlə bağlı informasiya toplamaqda üzləşdikləri müəyyən çətinliklərdən danışılıb, bu problemlərin aradan qaldırılması barədə dövlət qurumlarına təkliflər verilib.