Aprelin 29-da Azərbaycanda Atatürk Mərkəzində Bakı Slavyan Universitetinin (BSU) professoru, filologiya elmləri doktoru Rafiq Novruzovun 70 illik yubileyi qeyd olunub. Tədbirdə, eyni zamanda, yubilyar haqqında yazılmış «Ulduz karvanı» və Türkiyə Cümhuriyyətində nəşr olunmuş «Rafiq Novruzov -70» kitablarının təqdimatı da keçirilib.
Tədbirdə elmi ictimaiyyətin nümayəndələri, alimin dostları, yaxınları iştirak ediblər.
Yubiley tədbirini BSU-nun Multikulturalizm və ölkəşünaslıq kafedrasının müdiri, dosent İbrahim Quliyev açaraq bildirib ki, Rafiq Novruzovun bütün həyatı, əmək fəaliyyəti BSU ilə bağlıdır. Natiq diqqətə çatdırıb ki, R.Novruzov 1976-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirərək BSU-da (o zamankı Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu) fəaliyyətə başlayıb: “Bu günə qədər də öz fəaliyyətini həmin universitetin divarları arasında davam etdirməkdədir. Rafiq müəllimin fəaliyyəti çoxşaxəlidir, əhatəlidir. O, pedaqoji işçi, müəllim, tanınmış alim kimi universitetdə çalışmaqdadır. Rafiq Novruzov müəllim kimi 15-dən artıq filologiya üzrə fəlsəfə doktoru, elmlər doktoru hazırlayıb. Rafiq müəllimin əsərləri Azərbaycandan kənarda, Avropa ölkələrində - Almaniyada, İtaliyada, MDB məkanında- Rusiyada, Belarusda və digər ölkələrdə çap olunaraq alimə çox böyük nüfuz qazandırıb”.
Tədbirdə çıxış edən BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov qeyd edib ki, filologiya üzrə elmlər doktoru, professor, respublikada tanınmış ədəbiyyatşünas Rafiq Novruzov genişmiqyaslı tədqiqatları, elmi maraq dairəsi ilə fərqlənən alimlərimizdəndir: “Rafiq müəllim bizim universitetin tərcümə kafedrasının müdiri, elmi işlər, tədris işləri üzrə prorektoru, vaxtilə qiyabi fakültənin dekanı və uzun müddət rektor vəzifəsini icra edib. Təbii ki, bu faktların hamısı göstərir ki, Rafiq müəllim BSU-nu uğurla təmsil edən şəxslərdən biridir. O, indi də universitetimizdə öz fəaliyyətini davam etdirir. Bundan əlavə, Rafiq müəllim həm ədəbiyyat tarixi, həm dinin fəlsəfəsi, dinin tarixi ilə bağlı, həm də orta əsrlər, yeni dövr dünya ədəbiyyatında Azərbaycan motivləri, elementləri və tanınmış dühalarımız Nizami, Nəsimi yaradıcılığının dünya ədəbiyyatında əks, əxz olunması problemləri ilə yaxından məşğul olan alimdir. Çünki mənbələrdən Azərbaycan motivlərinin axtarılması, Azərbaycan dünyasının, ümumiyyətlə, Azərbaycan insanının dünyagörüşünün əks olunması məsələsi çox vacibdir. Bu işlərin də əksəriyyəti monoqrafik tədqiqatlar səviyyəsində oxucuya təqdim olunub”.
Çıxış edən akademik Arif Həşimov isə bildirib ki, Rafiq Novruzov Azərbaycanın tanınmış alimlərindən biri, artıq öz dəst-xətti, yaradıcılığı, əldə etdiyi nəticələrlə elmi ictimaiyyət arasında tanınmış şəxsiyyətdir. Akademik vurğulayıb ki, Rafiq müəllim nəinki elm sahəsində, eyni zamanda, təhsil sahəsində də öz yerini tapmış və qəbul olunmuşdur: “Onun bu gün əldə etdiyi bütün nailiyyətlər öz zəhməti hesabına qazanılıb. Hazırda da Rafiq müəllim çox məhsuldar alimlərimizdən biridir. Mən onu uşaqlıq dövründən tanıyıram. O, elə bir ailədə böyüyüb ki, biz o ailədən məhz belə tanınmış bir alimin yetişəcəyini gözləyirdik. O, ailə ənənələrini davam etdirdi. Atasının tövsiyələrini yerinə yetirdi, elmdə, təhsildə öz mövqeyini tuta bildi. Mən ona bundan sonra da yaradıcılıqda, işlərində müvəffəqiyyətlər arzu edirəm”.
Daha sonra çıxış edən BSU-nun Jurnalistika kafedrasının müdiri, professoru Vüqar Rəhimzadə yubilyarın səmimiyyətindən, sosial statusundan asılı olmayaraq ona üz tutan hər kəsə isti, xoş münasibətindən söz açıb. V.Rəhimzadə bildirib ki, Rafiq müəllim bir pedaqoq kimi həmişə gənc alimlərə dəstək olmuş, onların inkişaf etməsinə yaxından köməklik göstərmişdir: “Məndən öncə çıxış edən dəyərli alimlərimiz, professorlarımız da qeyd etdilər ki, Rafiq müəllim yorulmadan pedaqoji, elmi sahədə daim çalışıb. Hansı vəzifəni daşımasından asılı olmayaraq, Rafiq Novruzov bir an olsun elmi yaradıcılıqdan, tədqiqat işindən ayrı düşməyib. Əsl alim məsuliyyəti ilə apardığı tədqiqatların, axtarışların nəticəsi olan nüfuzlu kitablarını ərsəyə gətirib”.
Yubilyar haqqında danışan professor Elçin İsgəndərzadə bildirib ki, Rafiq Novruzov həqiqətən də gerçək, dəyərli ömür yolu olan alimlərimizdəndir: “Rafiq müəllim 1999-cu ildə Rusiya dövləti tərəfindən A.S.Puşkin medalına layiq görülüb. Elə həmin ildə də Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən Beynəlxalq Qızıl Ulduz medalı, Avropa Təbiət Elmləri Akademiyası, Avropa Universiteti və Avropa Elmi Cəmiyyəti tərəfindən “Leybnis” medalına layiq görülüb. 1993-cü ildən Rusiya Federasiyası Pedaqoji və Sosial Elmlər Akademiyasının, Türkiyə Cümhuriyyətinin Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının, Avropa Təbiət Elmləri Akademiyasının akademikidir. O, 2020-cı ildə Avropa Təbiət Elmləri Akademiyasının, Avropa Universitetinin və Avropa Elmi Cəmiyyətinin birgə qərarı ilə “Avropanın Fəxri Alimi” Beynəlxalq Diplomu ilə təltif edilmişdir.”
Çıxış edən professorlar Şahlar Əsgərov, Azər Kərimov, Rəhim Əliyev, Qulu Məhərrəmli, filologiya elmləri doktoru, professor Rüstəm Kamal, BSU-nun professoru Etibar Babayev, dosent Kamran Hacıyev və başqaları yubilyarın nailiyyətləri haqqında danışaraq bildiriblər ki, Rafiq Novruzovun xidmətləri ölkəmizdə də diqqətdən kənarda qalmamışdır. O, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə, Azərbaycan Respublikası təhsil nazirinin 2006-cı il 13 dekabr tarixli əmri ilə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi döş nişanı” ilə təltif edilib. Bundan başqa, Rafiq Novruzov xaricdə də bir çox beynəlxalq konfrans, simpozium, forum və seminarlarda Azərbaycan elmini ləyaqətlə təmsil edib. Yüzdən artıq elmi məqalənin, otuza yaxın kitabın müəllifidir. Vurğulanıb ki, qazandığı uğurlar, titullar onu rahat həyata deyil, əksinə daha çox çalışmağa, yazıb yaratmağa, özündən sonrakı nəsillərin fikir xəzinəsinə bir söz, ifadə əlavə etməyə təşviq edir.
Sonda çıxış edən Rafiq Novruzov tədbir iştirakçılarına xoş sözlərinə görə təşəkkürünü bildirib.