İçməli və tullantı su təsərrüfatının inkişafı və qarşıda duran vəzifələr müzakirə edilib
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) 2021-2023-cü illər üzrə “Kommunikasiya Strategiyası”nın Fəaliyyət Planına əsasən media nümayəndələrinin içməli və tullantı su sektoru ilə bağlı bilik və təcrübələrinin artırılması məqsədilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) ilə birgə media nümayəndələri üçün “İçməli və tullantı su təsərrüfatının inkişafı və qarşıda duran vəzifələr” mövzusunda təlim keçirilib. Təlim və İnnovasiyalar Mərkəzində təşkil olunan tədbirdə 40-dan artıq media orqanının nümayəndələri iştirak ediblər.
Əvvəlcə iştirakçılar Təlim və İnnovasiyalar Mərkəzi və mərkəzin təcrübə poliqonunda yaradılmış şəraitlə tanış olublar.
“Azərsu” ASC-nin İşlər İdarəsinin rəisi Möhsün Quliyev Səhmdar Cəmiyyətin rəhbərliyi adından media nümayəndələrini salamlayaraq bildirib ki, təlimin keçirilməsində məqsəd son dövrlər müşahidə olunan iqlim dəyişiklikləri, su ehtiyatları və onlardan səmərəli istifadə, əhalinin içməli və tullantı su xidmətlərindən istifadəsinin yaxşılaşdırılması sahəsində görülmüş işlər barədə jurnalistlərin bilik və təcrübələrini artırmaq, onların bu sahədə ixtisaslaşmasına dəstək göstərməkdir.
Natiq Məmmədli: Azərbaycanda jurnalist peşəsinin nüfuzu qalxmalıdır
Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli kommunal sektorda, o cümlədən su təchizatı sahəsində jurnalistlərin ixtisaslaşmasının vacibliyindən danışıb. Bildirib ki, təlimlər media nümayəndələrinin bu sahə üzrə biliklərinin artırılmasına və gələcək fəaliyyətlərində ictimaiyyətə dolğun informasiyanın çatdırılmasına kömək göstərəcək: “MEDİA-nın yarandığı gündən diqqət yetirdiyi məsələlərdən biri də jurnalistlərin ixtisaslaşmasıdır. Qeyd etmək lazımdır ki, ötən müddət ərzində MEDİA bu məqsədlə jurnalistlər üçün bir neçə təlim proqramı həyata keçirib. Müxtəlif nazirlik və komitələrlə Agentliyin birgə keçirdiyi təlimlərin media nümayəndələrinin ixtisaslaşmasına müsbət təsirləri danılmazdır. Qarşıda da Agentliyin bu istiqamətdə bir sıra planları var.”
N.Məmmədli vurğulayıb ki, Azərbaycanda jurnalist peşəsinin nüfuzu qalxmalıdır: “Jurnalistin sözünə, onun yazdığı fikrə etimad olmalıdır. Əgər cəmiyyət bizim qəzeti oxumur, bizim saytımıza baxmırsa, yaxud saytımızda ancaq əyləncə xarakterli materiallara baxırsa, bu, bizim peşəmizin gələcəyini sual altında qoyur.”
“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı Səhmdar Cəmiyyətin fəaliyyəti, içməli və tullantı su sektorunda görülmüş işlər, icra olunan layihələrlə bağlı təqdimat keçirib.
“Azərsu” ASC-nin Planlaşdırma və layihələndirmə departamentinin rəisi Bahadur Kəngərli “Azərbaycanda həyata keçirilmiş içməli su layihələri və onların əhəmiyyəti”, Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli “Media subyektlərində ixtisaslaşma və onun üstünlükləri”, Xəzər Universitetinin mərkəz rəhbəri Rövşən Abbasov “İqlim dəyişikliklərinin Azərbaycanın su ehtiyatlarına təsiri və sudan səmərəli istifadə”, “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun direktor müavini Elnur Nəsirov “İqlim dəyişikliklərinin içməli su mənbələrinin məhsuldarlığına təsiri”, “Azərsu” ASC-nin Texnoloji proseslərə nəzarət, suyun təhlükəsizliyi və ekologiya şöbəsinin rəisi Cəmil Babayev “Suyun keyfiyyəti insan sağlamlığı üçün əsas amillərdən biridir”, Elektron idarəetmə və müasir texnologiyalar departamentinin rəis müavini Cabbar Cabbarlı “Müştəri xidmətləri, israfçılığın və qanunsuz qoşulmaların qarşısının alınması ilə bağlı görülən tədbirlər” mövzularında təqdimatlarla çıxış ediblər.
Tədbir zamanı həmin mövzularla bağlı müzakirələr aparılıb, jurnalistlərin sualları cavablandırılıb. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Anar Cəbrayıllı: Səhmdar Cəmiyyətin işğaldan azad edilmiş ərazilərdə 200-dən çox abunəçisi var
Sonra jurnalistlərin suallarını cavablandıran Anar Cəbrayıllı qeyd edib ki, bir ildən artıqdır ki, işğaldan azad edilən ərazilərdə geniş miqyasda quruculuq-abadlıq işləri həyata keçirilir: “İlk növbədə düşmən tapdağından azad edilən şəhər və rayonlarımızın kommunal infrastrukturunun yenidən bərpası istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Həyata keçirilən tədbirlər çərçivəsində artıq xeyli müddətdir ki, işğaldan azad edilən şəhər və rayonların içməli su təminatının təşkili məqsədilə işlər görülür. Artıq demək olar ki, müəyyən nəticələr də əldə edilib. Hətta bəzi işğaldan azad edilən ərazilərdə sayğaclaşma işləri də həyata keçirilib. Artıq Səhmdar Cəmiyyətin işğaldan azad edilmiş ərazilərdə 200-dən çox abunəçisi var və “Azərsu"nun işğaldan azad edilən ərazilərdə 4 briqadası fasiləsiz olaraq fəaliyyət göstərir. Bunlar "Azərsu"nun Şuşa, Kəlbəcər, Zəngilan və Xocavənddə olan briqadalarıdır. Həm hərbi obyektləri, həm də orada tikinti və minatəmizləmə işləri aparan mülki əhalini su ilə təchiz edirik. Abunəçilərlə müqavilə bağlayıb sayğaclar quraşdırmışıq. İlk vacib işimiz isə Ağdamda olub. Ötən il burada Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin su təchizatı sistemlərini yenidən qurmuşuq. Belə ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tikintisi layihəsi çərçivəsində 2 km içməli su və 1,3 km tullantı su xətləri çəkilib, su anbarı, nasos stansiyası, infiltriasiya və septik qurğular inşa edilib. Bundan başqa, Ağdamın su mənbələrinin müəyyən olunması ilə bağlı kompleks işlər aparmışıq. İki ədəd qiymətləndirmə-kəşfiyyat quyusu qazılıb. O quyularda məhsuldarlıq və suyun keyfiyyəti normalara tam uyğundur. Həmin quyular imkan verdi ki, biz Ağdamın su təchizatını subartezian quyuları vasitəsilə quraq. Gələcəkdə baş plana uyğun olaraq görüləcək işlər çərçivəsində magistral kəmərin, anbarın tikintisi, daxili şəbəkənin yenidən qurulması işlərini həyata keçirəcəyik.”
Anar Cəbrayıllı onu da deyib ki, paralel olaraq Ağdam şəhərinin və ətraf kəndlərin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədilə 2 kəşfiyyat quyusu qazılıb və hazırda su mənbəyinin yaradılması istiqamətində tədqiqat işləri davam etdirilir: “Şuşa, Kəlbəcər şəhərləri və Hadrut qəsəbəsindən sonra işğaldan azad olunmuş daha bir şəhərdə - Zəngilanda "Azərsu" ASC-nin xidmət sahəsi yaradılıb. Xidmət sahəsi Zəngilan və Qubadlı rayonlarına, həmçinin Laçın rayonunun bəzi kəndlərinə xidmət göstərir. Görülmüş işlər nəticəsində Zəngilan şəhərində və kəndlərdə 34 yaşayış və qeyri-yaşayış obyekti içməli su ilə təmin olunub. Həmçinin Qubadlı şəhərinin mövcud su təchizatı sistemi araşdırılıb, magistral və şəbəkə xətlərinin dağıdılmış hissələri bərpa edilib. Şəhər ərazisində 1 su anbarı, 2 suqəbuledici qurğu və 10 km müxtəlif diametrli su xəttləri bərpa olunub. Hazırda Qubadlı şəhərində 70 yaşayış və qeyri-yaşayış obyekti içməli su ilə təmin olunur.”
Şuşa işğaldan azad olunduqdan sonra Kiçik Kirs və Zarıslı su mənbələrinin fəaliyyəti qısa müddət ərzində bərpa edilib
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri bildirib ki, işğaldan azad edilmiş ərazilərin içməli su ilə təminatı istiqamətində görülən mühüm işlərdən biri də Şuşa şəhərini əhatə edir: “Belə ki, Şuşa şəhərinin və Şuşa rayonunun Daşaltı kəndinin içməli su təchizatı sisteminin yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırma və ilkin layihə sənədlərinin hazırlanması məqsədilə yaradılmış işçi qrupu yaradılıb və həmin qrupun bu günlərdə növbəti iclası keçirilib: "Şuşa şəhərində baş tutan iclasda bu şəhərin içməli su təchizatının bərpası məqsədilə görülmüş təxirəsalınmaz işlər və perspektiv layihələr barədə məlumat verilib, iqlim dəyişikliklərinin su ehtiyatlarına təsiri ilə bağlı təqdimatlar edilib. Qeyd edim ki, Şuşa şəhəri işğaldan azad olunduqdan sonra şəhəri su ilə təmin edən Kiçik Kirs və Zarıslı mənbələrinin fəaliyyəti qısa müddət ərzində bərpa edilib, magistral kəmərlərdə və su anbarlarında təmir-bərpa işləri həyata keçirilib. Şəhər ərazisində davam edən abadlıq-quruculuq və tikinti-quraşdırma işləri, yeni tikiləcək yaşayış və qeyri-yaşayış obyektləri içməli suya tələbatı xeyli artıracaq. Mövcud mənbələrin məhsuldarlığı yay mövsümündə tələbatı tam ödəməyəcək. Bütün bunlar nəzərə alınaraq alternativ mənbə kimi Zarıslı çayının su ehtiyatlarından istifadə olunması nəzərdə tutulur. Şuşa şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla dayanıqlı içməli su təminatı məqsədilə çayın məcrasında yeni su anbarının layihələndirilməsi işləri davam etdirilir. Zarıslı çayının məcrasında yaradılacaq anbarda toplanan suyun şəhərə nəqli məqsədilə nasos stansiyasının və 2,6 km uzunluğunda təzyiqli su kəmərinin inşası planlaşdırılır.”
Ümumiyyətlə, "Azərsu" ASC-nin işğaldan azad edilən ərazilərin içməli su təminatı ilə təchizatı istiqamətində görülən işlər çoxşaxəlidir. Səhmdar Cəmiyyətin sözçüsü deyib ki, belə tədbirlərdən biri də Suqovuşan və Talış kəndlərini əhatə edir. Anar Cəbrayıllı qeyd edib ki, Tərtər rayonunun işğaldan azad olunmuş Suqovuşan qəsəbəsində və Talış kəndində məskunlaşma olan obyektlərin su təchizatı məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirilir: "Suqovuşan qəsəbəsi və Talış kəndində aparılan işlər təxirəsalınmaz tədbirlər çərçivəsində həyata keçirilir və yaşayış məntəqələrinə içməli suyun verilməsini əhatə edir. Hər 2 yaşayış məntəqəsində vaxtilə subartezian quyuları qazılsa da, işğal dövründə yararsız hala salınıb və istismar edilməyib. "Azərsu" ASC mütəxəssisləri tərəfindən həmin quyuların imkanları qiymətləndirilib və təkrar istismara qaytarılmasına qərar verilib. Bu məqsədlə Suqovuşan qəsəbəsi və Talış kəndindəki subartezian quyularının hər birində yeni nasos və generator quraşdırılacaq. Quyu ərazisindən yaşayış məntəqələrinə müxtəlif diametrli polietilen borularla 3 km uzunluğunda magistral su xətti çəkilir. Artıq Talış kəndinə su xəttinin çəkilişi yekunlaşıb, Suqovuşan qəsəbəsində isə işlər başa çatmaq üzrədir. Ümumilikdə magistral su kəmərlərinin 90 faizi inşa edilib. Yeni inşa edilən su xətlərindən obyektlərin daxili sistemlərinə birləşmələr veriləcək. Suyun optimal idarə olunması məqsədilə magistral su xətlərinin üzərində 8 ədəd siyirtmə, hava və suburaxıcı sistemlər quraşdırılacaq. Tikinti-quraşdırma işlərinin yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulur".
Anar Cəbrayıllı onu da diqqətə çatdırıb ki, işğaldan azad edilmiş ərazilərdə içməli su mənbələri ilə bağlı heç bir problem yoxdur, çünki orada yeraltı və yerüstü su mənbələri var.
Orxan Vahidoğlu, “İki sahil”