Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Ulu öndər Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” adlı dəyirmi masa keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, üzvü Gülşən Paşayeva, Xarici İşlər Nazirliyinin nümayəndəsi, səfir Elşad İsgəndərov, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov çıxış ediblər.
Fərid Şəfiyev qeyd edib ki, Ulu Öndər tərəfindən atılan addımlar 20 ildə Azərbaycanın inkişafını təmin edib. Millət vəkili Zahid Oruc əlavə edib ki, Heydər Əliyev haqda danışarkən bitkin fikir demek mümkün deyil:
"1990-cı illərdə parlamentdə bir fikir səsləndirilmişdi ki, iki dövrün qəhrəmanı olmaq mümkün deyil. Bu sözü deyən Xeyrulla Əliyev və digərləri də gördü ki, Heydər Əliyev hər iki dövrün adamı idi, həm Sovet, həm də müstəqillik dövrünün. Heydər Əliyev yalnız hakimiyyət adamı deyildi, həm də sadə xalqın lideri idi".
Urxan Ələkbərov deyib ki, Azərbaycanın inkişafı inklüziv cəmiyyətin mövcudluğundan asılıdır:
"Bu prosesin əsasını Ulu Öndər Heydər Əliyev qoyub. İnklüziv inkişaf ölkəmizdə prioritet inkişaf istiqamətlərindəndir. Azərbaycan inklüziv cəmiyyətin keçid ölkələri sırasında 3-cü yerdədir. İlk iki yerdə olanlar isə Avropa İttifaqının üzvü olan ölkələrdir".
Elşad İsgəndərov qeyd edib ki, Ulu Öndərin xarici siyasətimizin balanslaşdırılmasını təmin edib:
"Bununla da Azərbaycan bir çox beynəlxalq iqtisadi, siyasi, sosial sistemlərə inteqrasiya edib. Bunun bariz nümunəsi əsrin müqaviləsidir. O milli maraqları hər şeydən üstün tuturdu".