27 may 2022 15:55
747

Vətən Müharibəsi veteranlarına medallar təqdim edilib - FOTO

Yevlax Şəhər İcra Hakimiyyətinin, YAP Yevlax rayon təşkilatının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin birgə təşkilatçılığı ilə Prezident,Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş yevlaxlı müharibə veteranlarına  medalların təqdimetmə mərasimi keçirilib.

Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisi Samir Qurbanov və müharibə veteranları iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Yevlax rayon təşkilatının sədri  Rafiq Əliyev bildirdi ki, Partiyamızın Sədri, Ölkə  Prezidenti cənab İlham Əliyev başqa yolumuz qalmadığı üçün torpaqlarımızı işğaldan azad etmək naminə başladığımız Vətən müharibəsində möhkəm əqidəli, hərtərəfli yüksək hazırlığa malik və qətiyyətli lider kimi hərb işinə də böyük bacarıqla rəhbərlik etməyin əsl nümunəsini göstərdi. Ali Baş Komandanımızın siyasi-ideoloji cəbhədə, informasiya müharibəsi aparmaqda və hərbi əməliyyatlara rəhbərlik etmək sahəsində nümayiş etdirdiyi qeyri-adi professionallıq, sarsılmaz iradə və Müzəffər Ordumuzun rəşadəti Azərbaycanın ədalətli Vətən müharibəsində qazandığı Böyük Zəfərin möhkəm əsaslarını təşkil etmişdir.

Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev şəhidlərimizin döyüş yoluna nəzər salıb, onların əsl vətənpərvər, qorxmaz, cəsur və yüksək nizam-intizamlı hərbçi olduqlarını bildirib. Qeyd edib ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.Vətənə layiqli xidmət etdiklərinə görə tədbirdə iştirak edən müharibə iştirakçılarına öz minnətdarlığını ifadə etdi.Bildirdi ki, Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə öz gücünü Vətən müharibəsində bir daha ortaya qoydu. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə bizim milli qürur mənbəyimiz, çox şərəfli tariximizdir. Bu Zəfəri xalqımıza yaşadan Müzəffər Ali Baş Komandan və rəşadətli Azərbaycan Ordusudur.

Sonra çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisi Samir Qurbanov 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən danışaraq şanlı Zəfərlə başa çatan müharibədə Vətənimizin igid oğullarının göstərdikləri şücaətdən, qəhrəmanlıqlardan bəhs etdi.

 Sonda Azərbaycan Prezidenti, doğma Partiyamızın Sədri, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunmuş müharibə veteranlarına medalları təqdim olundu.

Veteranlar onlara göstərilən dövlət qayğısına görə Müzəffər Ali Baş Komandan, Partiyamızın Sədri Cənab İlham Əliyevə və Birinci Vitse Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Orxan Vahidoğlu, "İki sahil"