Mayın 28-də Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının və Biləsuvar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Müstəqilliyimiz dünən və bu gün” mövzusunda konfrans keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, YAP rayon təşkilatının sədri Kamil Qurbanlı, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, ərazi partiya təşkilat sədrləri, bir sıra idarə müəssisə və təşkilatların nümayəndələri iştirak etdilər.
“İki sahil” xəbər verir ki, rayon Heydər Əliyev Mərkəzində keçirilən konfransda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Daha sonra Azərbaycan xalqının Ümumimilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Konfransı giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başcısı Faiq Qürbətov çıxış edərək 1918-ci ildə Azərbaycanın öz dövlət müstəqilliyini əldə etməsini böyük tarixi nəaliyyət kimi dəyərləndirdi. Çıxışında Azərbaycanın dövlətçilik tarixi, dövlətin təsis olunması və bundan ötrü keçilən uzun və mürəkkəb dövr barədə fikirlərini bildirdi. Müstəqilliyimizin bərpasından söz açan Faiq Qürbətov dövlətçiliyimizin yaranması və inkişafında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərini sadaladı. Cənab Prezident İlham Əliyevin bu gün dövlətçilik və milli məsələlər sahəsində həyata keçirdiyi siyasətin müasir Azərbaycan dövlətinin inkişafına verdiyi töhfələri qeyd etməklə bundan sonra da yeni-yeni nailyətlərin əldə olunacağını vurğuladı. Çıxışının sonunda Faiq Qürbətov tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etdi.
Çıxışına təbrik nitqi ilə başlayan YAP rayon təşkilatının sədri Kamil Qurbanlı 28 May gününü bu ildən etibarən “Müstəqillik Günü” kimi qeyd olunduğunu bildirdi. Ötən əsrin əvəllərində dünyada və regionumuzda baş verən siyasi hadisələrin gərginliyi fonunda dövlət müstəqilliyinin elan olunmasının çətin olduğunu, lakin Azərbaycan ziyalılarının bu çətinliyin öhdəsindən gəldiklərini bildirdi. O, zaman müstəqilliyin itirilməsi, Sovetlər dönəmindəki Azərbaycan və müstəqilliyin bərpası proseslərini şərh edərək, müasir Azərbaycan dövlətçiliyinin bərqərar olmasında və inkişafında Ulu öndər Heydər Əliyevin və Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin tarixi xidmətlərini sadaladı. Çıxışının sonunda natiq iştirakçılara şəxsi və xidməti fəaliyyətlərində uğurlar arzuladı.
Tədbirdə YAP rayon təşkilatının 38 saylı şəhər ərazi partiya təşkilatının sədri, tarix müəllimi Elmin Nuri çıxış edərək 1918-ci ildəki tarixi hadisələr barədə məlumat verdi. Dünyada çox az sayda xalqın öz milli dövlətinin olduğunu bildirən Elmin Nuri ikinci dəfə dövlət müstəqilliyi əldə etdikdən sonra ölkəmizdə yaranmış tarxi siyasi şəraiti şərh etdi. Çıxışını Ulu öndər Heydər Əliyevin və Prezident cənab İlham Əliyevin dövlətçiliyimiz qarşısındakı tarixi xidmətlərini sadalamaqla nitqinə yekun vurdu.
YAP rayon təşkilatının fəal üzvü, ziyalı Rüstəm Əliyev tədbirdə çıxış edərək müasir Azərbaycan dövlətini digər dövlətlərlə müqayisə etdi. Müasir Azərbaycan dövlətinin Ulu öndər Heydər Əliyevin şah əsəri olduğunu bildirdi. Dövlətçilik tariximizi müqayisəli təhlil edən R.Əliyev Azərbaycan Respublikasının indiki qədər heç vaxt güclü və möhtəşəm olmadığını vurğuladı.
Tədbirdə çıxış üçün söz alan Rayon Prokroru Camal Bağırov bayram münasibəti ilə Rayon Prokrorluğunun və rayonun bütün hüquq mühafizə orqanlarının adından tədbir iştirakçılarını təbrik edərək təklifini diqqətə çatdırdı .
Yekunda 28 may Müstəqillik Günü ilə bağlı videoçarx nümayiş etdirildi.