Ağstafa rayonunda Respublika və Beynəlxalq yarışların qalibi olmuş Vətən müharibəsi şəhidi, idmançı Xaləddin Cəlilovun xatirəsinə həsr olunmuş Kikboksinq idman növü üzrə açıq rayon birinciliyi keçirilib.
“İki sahil” xəbər verir ki, rayon birinciliyində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin əməkdaşı Vüqar Həsənov, Ağstafa Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, şəhidimizin ailə üzvləri, şəhid ailələri, qazilər iştirak ediblər.
İlk öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Vətən müharibəsi şəhidi Xaləddin Cəlilovun həyat və döyüş yolu haqqında yeniyetmə idmançılara ətraflı məlumat verilib. Bildirilib ki, şəhid idmançı Xaləddin Cəlilov 2002-ci il aprelin 13-də Ağstafa rayonunun Yenigün kəndində anadan olub. 2008-2016-cı illərdə E. Mustafayev adına Yenigün kənd tam orta məktəbində, 2016-2019-cu illərdə isə Ağstafa şəhərində A. Abdullayev adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb.
Azərbaycan Ordusunun əsgəri olan Xaləddin Cəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Xaləddin Cəlilov sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarina əsasən Xaləddin Cəlilov ölümündən sonra orden və medallarla təltif edilib.
Daha sonra idmançılar I, II, III yerlər uğrunda mübarizə aparıblar.
Sonda qaliblər diplom və medalları ilə təltif olunublar.