Bakıda keçirilən Dünya Kubokunda bu gün tüfəng atıcılığı üzrə kişilər arasında komanda yarışlarının finalı keçirilib. Koreya komandası 16:8 hesabı ilə Avstraliya komandasını geridə qoyub, qızıl medala yiyələnib. Bürünc medal uğrunda yarışda xorvatlar qələbə çalıb.
“İki sahil” xəbər verir ki, eyni növdə qadınlar arasında keçirilən yarışdan Hindistan komandası qalib çıxaraq, danimarkalıları 17:5 üstələyib və qızıl medal sahibi olub. Polşalı qadınlar bürünc medala yiyələniblər.
Tapançadan atəş üzrə kişilər arasında komanda yarışında qızıl medalı İran komandası İtaliyanı 16:10 hesabı ilə geridə qoyaraq əldə edib. Bürünc medalı almanlar qazanıb.
Qeyd edək ki, Beynəlxalq Atıcılıq İdman Federasiyasının Bakıda keçirilən Dünya Kuboku yarışları iyunun 7-dək davam edəcək.