Gənclər və İdman Nazirliyi 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Sağlam ailə” əyləncəli idman oyunları təşkil edib. Bakının “Qış parkı”nda gün ərzində təşkil olunan tədbirdə əsasən ailələr yarışırlar.
“İki sahil” xəbər verir ki, oyunların əsas məqsədi əhali arasında kütləvi idmanın təşviqi, uşaqlarda idmana marağı artırmaq və sağlam gənc nəslin yetişdirilməsinə nail olmaqdır.
Xüsusi avadanlıqların quraşdırıldığı ərazidə oyunlar estafet, müxtəlif əyləncəli idman yarışları və viktorina (idman mövzusunda sual-cavab) formatında keçirilir. Uzaq məsafəyə atış, topun baş üzərindən arxaya atılması, formula 1 yarışı, ip atma, maneaələr zolağı və kisə ilə tullanma yarışlarında qalib gələn ailələrə müvafiq diplom və hədiyyələr təqdim edilib, bütün iştirakçı uşaqlara isə müxtəlif hədiyyələr təqdim edilir.
Qeyd edək ki, oyunlar iyunun 3-dək, hər gün saat 10.00-dan 21.00-dək Qış Parkında (Akademik Dram Teatrının qarşısı) davam edəcək.