KÖŞƏ

Yaqut Ağaşahqızı

Qara qar...

08 may 2024 20:15
602

Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, bədbəxt ailələrin isə hərəsi bir cür bədbəxtdir...

(Lev Tolstoy)

Zəngli saatın səsinə yuxudan oyandı. Pərdəni aralayıb pəncərədən ilk qarın sevincin yaşayan uşaqlara baxdı. Uşaqlar qarın ləzzətini dadmaq üçün o qədər acmışdılar ki, məktəbə tələssələr də qısa zaman kəsiyinə böyük sevinc həzzini yerləşdirmək istəyirdilər. Nəzərini  həyətdəki uşaqlarının gülüş səslərindən,  havadan uçuşan qar dənəciklərindən yayındırıb, pəncərəni açaraq göy üzünə baxdı göydən yerə topa -topa qar dənələri elə ahəngdar düşürdü ki... Qar yerə düşmədən qabaq sanki onun qəlbinə dəyib sonra gedirdi. Qar dənələrindən biri ahəngdarlığı pozaraq gözyaşlarından islanan yanağında ilişdi.  İçindəki hikkədən necə riqqətə gəldisə soyuq əlləri ilə tez yanağını sildi.  Hər qar dənəsi yerə endikcə, bir-birilə yarışan uşaq səsləri çoxaldıqca gözlərindən süzülən damlalar bir-birini qovaladı.

Göz qapaqlarını bağladı, bir-birilə birləşən nəmli kirpiklərin  arxasından göydən düşən qar dənələrinin fonunda keçmişə qayıtdı. İllər öncə belə qarlı və soyuqlu bir qış səhərində anasının onun yuxudan oyatmasını, anasının hazırladığı pendir çörəyi şirinçayla yeməsini, çantasını sonuncu dəfə yoxlamasını, anasının ona sarı gödəkçəsini geyindirməsini, papağını qoyub, şərfini bağlamasını xatırladı. Qapıdan çıxanda havanın soyuqluğundan özünü tez anasını bağrına atdığını, bərk-bərk qucaqladığını, balaca əllərini anasının qəlbinə toxundurduğunu, özünü dünyanın ən isti qucağında hiss etdiyini yadına saldı. 

-Yavaş-yavaş düş, qızım.

-Yer buzdur, yıxılmarıq, ana.

-Yox, mənim əlimdən bərk tut, qorxma, məktəb uzaqda deyil. Bir az da gedək, çatarıq.

Dünyanın ən gözəl təsəllisi, ana təsəlləsi ilə balaca qəlbinin necə təskinlik tapdığını xatırladı. Yolboyu ara-sıra qartopu oynayan uşaqlara baxırdı. İstəyirdi tez məktəbin həyətinə çatsın sinifyoldaşları ilə qar topu oynasın.

Qarın üzərinə anasının və özünün ayaq izlərinin saldığı ləpirlərə arxaya çevrilib baxırdı. Birdən gözü anasının  saçındakı qar dənəciklərinə sataşdı.

-Ana, saçlarının ağappaq oldu ki,  dayan təmizləyim. Saçın islanar, xəstə olarsan, sonra mənim anam kim olar.

-Qızım, mən xəstə də olsam, qoca da olsam, bir gün bu həyatda olmasam da, həmişə sənin anan olaraq qalacam.

-Ana, qayıt evə, qalan yolu mən özüm gedərəm.

Anasından aldığı bayaqki təsəlli ilə  cəsarət taparaq anasını yoldan qaytarmağa çalışdı... Amma, ana ürəyi balanı qışın amansız soyuğuna əmanət etməyə dözməzdi.

-Yox, qızım, səni bu qarın soyuğunda necə tək qoyum gedim. Sən mənsiz üşüyərsən. Nə qədər ki, canım sağdır səni heç bir qışın soyuğu ilə yalnız qoymayacağam.

-Canım anam mənim...

Soyuqdan qızaran toppuş yanaqlarına qar dənəsi dəydikcə anası əl yaylığı ilə silirdi. Uzaqdan məktəbin binasını görsənməyə başladı.

-Qızım ilk dərsiniz nədir?

-Musiqi.

-Bir nəğmə oxu görüm...

-Asta səslə  balaca dodaqlarının arasında bu misraları qarın üzərinə süzdü...

 

-Əziz anam, şirin sözlü anam,

Qəlbin kövrək, eşqin solmaz bahar.

Gülər üzlü, qara qözlü, anam.

Hara getsəm gözün mənə baxar.

 

Bu nəğmə hər ikisinin üşüyən qəlblərini, soyuq əllərini isitmişdi. Sanki, qarın xışıltısı bu həzin nəğmənin melodiyası, ananın üzündəki təbəssüm isə balasının xoşbəxtliyi idi.

-Afərim, ağıllı balam. Budur çatdıq. Gəl çantanı çiyninə keçirim. Özündən muğayat ol, gözəl qızım. Əlcəklərin yoxdur, əllərin üşüyər qarla çox oynama. Bil ki, sənin bu balaca barmaqların üşüsə mənim qəlbimə ox sancılar. Əyilib qızının hər iki yanağından öpdü.

-Ana, getmə, qoy sənə baxım, öpüm səni.  Balaca əlləri ilə anasının saçındakı qar dənəciklərini təmizlədi. Anasının üzünü ovucları arasında alıb, yaxşı ki varsan, məni tək qoyma dedi. Anası  onun soyuqdan üşümüş əllərini  öpüb, nəfəsi ilə isitdi, bərk-bərk bağrına basdıqdan sonra sanki daha hansı qışın soyuğu gələrsə gəlsin balasına zərər vura, xəstələndirə bilməz deyə yaxşı  əmin oldu…

O öpüşün ətrini, o nəfəsin təravətini, o qucağın istisini  bugünkü kimi unutmamışdı. Keçmişin şirin xatirələrindən bacısının təlaşlı səsi onu ayıltdı.

-Bacı, atamla mən hazırıq. Sən də hazırlaş çıxaq, gecikməyək.

 Hazırlaşmağa başladı. Axşamdan hazır qoyduğu qara libasını geyindi, şərfini bağladı, amma əlcəyini taxmadı… Suya qoyduqları qərənfilləri  kağıza bükdü, sinəsinə basaraq evdən çıxdı.

İllər öncə olduğu kimi, həmin üstü qarla örtülmüş pilləkənləri  pillə-pillə düşdükcə, gözündən damlalara düşərək qarın üzərinə yoxa çıxırdı. Bu dəfə uşaqlıqda olduğu kimi qardan üşüyər və yaxud da yıxılar deyə qorxmurdu.  Bu dəfə…

Atası və bacısı ilə binanın önündə gözləyən taksiyə əyləşib yola düşdülər. Qardan buz bağlamış yollar onsuz da gözündə uzanan yolu bir az uzatdı, çətinliklə də olsalar ünvana gəlib çatdılar. Əllərində qərənfil qışın soyuğunu hiss etmədən iri və tələsik addımlarla qar xışıltısının  müşayiəti ilə göz yaşından islanmış dodaqlarının altında bu sözləri dedi:

Əziz anam, şirin sözlü anam,

Qəlbin kövrək, eşqin solmaz bahar.

Gülər üzlü, qara qözlü, anam.

Hara getsəm gözün mənə baxar.

 

Anasın soyuq məzar daşından boylanan gözlərinə gözləri sataşdı, aralarında olan məsafənin çox az olmasına baxmayaraq rahatlıq tapmaq, daşa həkk olunmuş şəklini öpərək təskinlik tapmaq üçün hönkür-hönkür ağlayaraq, “ana, ana, canım anam, gözəl anam, mələk anam”, -deyərək məzar daşına doğru qaçdı. Məzar daşının üstündəki qarı təmizlədi,  əlindəki qərənfili sinə daşının üstündə düzdü. Cibində yaylığını çıxarıb, anasının şəklini sildi, öpdü, balaca qollarını məzar daşına doladı, bərk-bərk qucaqladı.

-Ana, üşümə, biz burdayıq, yanındayıq. Bax, səni necə qucaqlamışam. Qorxma, üşümə… Ana, ana, nə olar hay ver, bax biz gəlmişik. Nə qədər ki, canımda can var, səni heç bir qışın soyuğunda yalnız qoymayacağam. Dizlərini yerə qoyub anasının sinə daşını öpdü.  Sanki, anasını öpürmüş kimi özünə təsəlli verdi.  Başını daşın üstünə qoyub hönkür-hönkür ağladı. Bir neçə dəqiqədən sonra başını qaldırdıqdan sonra hər tərəfin sanki qapqara rəngə boyandığını gördü…

Ana,  hər tərəfi bəmbəyaz yorğana bürüyən bu qar mənim qəlbimi qaranlığa qərq etdi. Mən indiyə kimi heç bir qışda bu qışda kimi üşüməmişdim.  Ən çox sevdiyim qartopu oyunundan heç vaxt bu qədər acığım gəlməmişdi. Mən heç vaxt qara qar  görməmişdim…

 Sən  qarın şaxtasından torpağın altında üşüdükcə, mənim qəlbim para-para olur. Evimizin hər bir küncü mənə dar gəlir. Sənin varlığından isinən evimiz, indi sənin yoxluğundan  buz bağlayıb. Qəlbinin sevgisi, nəfəsinin hərarəti, səsinin hənirtisi bizim üçün bu dünyadan ən dəyərli nemət idi. Sənin sevginə, varlığına möhtac qalmışıq. Nə şəkillər, nə xatirələr təsəlli etmir, Ana.  Onları qucaqlam olmur axı… Onlar səni əvəz etmir axı…

Sənin ürəyin  balanı qışın amansız soyuğuna əmanət etməyə dözməzdi, indi mən səni bu soyuğa əmanət edib, hara gedim? Ölüm niyə belə amansız, vaxtsız, zamansız oldu. Əlimdən səni niyə aldı? ..

-Ana, nə edim ki, üşüməyəsən. Bəlkə sənin mənim səsimdən dinləməyi sevdiyini nəğməni oxuyum:

Əziz anam, şirin sözlü anam,

Qəlbin kövrək, eşqin solmaz bahar.

Gülər üzlü, qara qözlü, anam.

Hara getsəm gözün mənə baxar.

 

Ana, kaş gözün illər əvvəl məktəb darvazasının önündə mənim arxamca baxdığın kimi mənə baxardın, dilinin altında sağlığım üçün oxuduğun duaları eşidərdim.  Bağrına basım, isti nəfəsinlə məni isidərdin  çünki bu qış yaman soyuq oldu, ana…

Mən heç belə soyuq qış, heç qara qar görməmişdim, anam…